İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni maliyyə nazirindən ilginc istiqrazlar qərarı

Bu istiqrazları bazar qiyməti ilə geri almaq mümkün olsa, Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək

Maliyyə Nazirliyi indiyədək buraxılan 4 istiqrazın delistinq edilərək geri çağırılması barədə qərar qəbul edib. Fed.az  xəbər verir ki, Maliyyə Nazirliyi hazırda həmin istiqrazların sahiblərini qiymətli kağızları geri qaytarıb pullarını almağa çağırıb. Xatırladaq ki, söhbət Maliyyə Nazirliyi tərəfindən 2023-cü ildə buraxılmış 4 istiqrazdan gedir.

Məsələnin iqtisadi tərəfinə diqqət edən Fed.az Maliyyə Nazirliyinin bu istiqrazlar üzrə qarşıda faiz (kupon) ödənişləri nəzərdə tutulduğunu qeyd edir.  1 istiqraz üzrə 1 dəfə, 3 istiqraz üzrə isə 2 dəfə faiz ödənişi ediləcək. Nazirliyin həyata keçirməsi gözlənilən faiz ödənişlərinin ümumi məbləği yuxarıda göstərildiyi kimi, 25,6 milyon manat təşkil edir. Məsələnin digər tərəfi də var - hazırda bu istiqrazlar neçəyədir?

İndi bu istiqrazları bazar qiyməti ilə geri almaq mümkün olsa, Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək. Ümumilikdə, ilkin hesablamalar göstərir ki, istiqrazların vaxtından əvvəl geri alınması Maliyyə Nazirliyinə təqribən 32 milyon manat büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Hələlik Maliyyə Nazirliyi istiqrazların geri alınmasının səbəblərini açıqlamayıb. Amma istənilən halda bu əməliyyatda qənaət faktorunun da olması dəqiqdir.

Bəs istiqraz sahibləri qiymətli kağızlarını vaxtından əvvəl satmağa razı olacaqlarmı? Böyük ehtimalla bu baş tutacaq, çünki dövlət istiqrazlarının alıcılarının əksəriyyəti tanınmış maliyyə qurumları - banklar və sığorta şirkətləridir.

Ekspertlərə görə, yeni maliyyə nazirinin bu addımı onun fiskal siyasətdə daha aktiv borc idarəetmə strategiyası yürüdəcəyinə işarə edir. Əgər bu addım uğurlu olarsa, gələcəkdə oxşar borc mexanizmlərinin optimallaşdırılması istiqamətində daha çox qərarların qəbul edilməsi mümkündür.

Ümumilikdə, bu qərar qısamüddətli dövrdə dövlət borc yükünü azaltmaqla yanaşı, həm də maliyyə bazarında yeni proseslərin başlanğıcını qoyur. Bankların bu vəsaitlərlə nə edəcəyi və Mərkəzi Bankın buna necə reaksiya verəcəyi isə yaxın aylarda daha aydın olacaq. Ümumiyyətlə isə dövlət istiqrazlarının əsas alıcıları banklar və sığorta şirkətləri olduğuna görə, onların portfelində likvid vəsaitlərin artması gözlənilir. Bu da onların kredit siyasətinə təsir edərək bazardakı faiz dərəcələrinə dolayısıyla təsir göstərə bilər. Əgər banklar geri aldıqları vəsaiti yenidən kredit bazarına yönəltsələr, bu, kredit faizlərinin müəyyən dərəcədə azalmasına səbəb ola bilər.

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu məsələ ilə bağlı hər hansı problemin yaranacağını düşünmürəm. Çünki qanunvericilik də emissiya edən tərəfə emissiya etdiyi qiymətli kağızları vaxtından əvvəl geri çağırma hüququnu tanıyır. Bu, müqavilələrdə də öz əksini tapır. Eyni zamanda Azərbaycandakı mövcud konyukturu nəzərə alsaq, Maliyyə Nazirliyinin xüsusilə qiymətli kağızlar bazarında əsas oyunçulardan biri olması və ümumiyyətlə, idarəetmə modeli faktorlarının təsirləri, benefisiarların bu prosesdə hər hansı formada iştirak edib-etməməsi kimi amilləri də nəzərə alsaq, düşünmürəm ki, bu istiqrazların geri qaytarılması ilə bağlı hər hansı bir problem yaranacaq. Amma eyni zamanda fikrimcə, bu, hansısa formada yeni bir prosesin başlanğıcıdır. Hesablama Palatasının rəylərinə baxanda görürdük ki, palata xüsusilə daxili borclanma ilə bağlı həddindən artıq izafi borclanma xəbərdarlıqlarını gündəmə gətirirdi. Onunla bağlı xüsusi rəyləri var.

Eyni zamanda bunu statistik məlumatlardan da görə bilirik. Belə ki, büdcə profisiti yerinə yetirildiyi halda belə, Maliyyə Nazirliyi istiqrazlar buraxaraq daxili bazardan vəsait cəlb edirdi. Təbii ki, burada müxtəlif faktorların bu proseslərə təsir etdiyini düşünürəm. Amma indiki halda görünən odur ki, Maliyyə Nazirliyi artıq ötən dövr ərzində həm qiymətli kağızları bazara buraxmayıb, həm də eyni zamanda mövcud qiymətli kağızları - təxminən yarım milyard manat dəyərində olan qiymətli kağızları - geri çağırır.

Bu bir tərəfdən büdcənin borc yükünün azaldılması və növbəti dövrlərdə yarana biləcək potensial risklərin qarşısının alınması məqsədilə həyata keçirilsə də, digər tərəfdən, burada məsələlərdən biri həmin vəsaitlərin geri qayıtması fonunda son dövrlərdə kredit bazarında müşahidə olunan faizlərin artım meyillərini də önləyə bilər.

Çünki bu qiymətli kağızların alıcıları böyük ehtimalla əhəmiyyətli səviyyədə banklardır və banklar son dövrlərdə daha yüksək faizlə əmanətlər cəlb etməyə başlayıblar. Bu isə özlüyündə digər tərəfdən daha yüksək faizlə kreditlərin təklifinə gətirib çıxarır. Və bu, artıq kredit faizlərində də özünü göstərir. İstiqrazların geri qaytarılması kredit faizlərinin müəyyən səviyyədə düşməsi, bankların likvidliyinin artması və həmin vəsaitlərin bazara yönləndirilməsi yollarının axtarışı, rəqabətin artması və dolayısıyla faizlərin qismən də olsa azalması konyukturu formalaşdırır.  Eyni zamanda 2025-ci il üçün proqnozlaşdırılan yüksək inflyasiya həddi əlavə təzyiq mənbəyi rolunu oynaya bilər. Belə ki, artıq 4,6% inflyasiya proqnozlaşdırılır və bu vəsaitlərin bazarda likvidliyi artırması dolayısıyla inflyasiya təzyiqlərini daha da gücləndirə bilər. Yəni başqa bir tərəfdən, belə bir çağırış da formalaşır. Düşünürəm ki, Mərkəzi Bank müvafiq istiqamətdə artıq öz alətlərindən istifadə etməli olacaq və inflyasiya təzyiqlərini neytrallaşdırmaqla bağlı müəyyən bir strategiya izləməyə məcbur qalacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR