Onlayn ictimai-siyasi qəzet
Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatı bir daha göstərdi: İrəvan sülh istəmir, sadəcə zaman qazanmaq və revanşizm arzularını diri saxlamaq niyyətindədir.
Musavat.com xəbər verir ki, nazirliyin “Bakının konstitusiyaya dəyişiklik tələbi qəbuledilməzdir” açıqlaması əslində, sülh prosesinə deyil, düşmənçilik psixologiyasına xidmət edir.
Çünki Azərbaycan sadəcə reallığın – öz ərazisinə qarşı iddianın rəsmən ləğv edilməsini tələb edir. Əgər Ermənistan bu tələbi “qəbuledilməz” sayırsa, deməli, o, hələ də Azərbaycanın torpaqlarına iddialıdır.
Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı, şəhərləri viran qoydu, milyonlarla azərbaycanlını yurdundan didərgin saldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi həmin işğala son qoydu. 2023-cü ilin antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi.
Bütün bunlardan sonra İrəvan beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Amma indi məlum olur ki, Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın ərazilərinə – “Dağlıq Qarabağa” – iddia edən maddə qüvvədə qalır. Yəni, kağız üzərində “tanıdıqları” ərazi bütövlüyünü, hüquqi sənədlərində hələ də rədd edirlər.
Bu, sülhə yox, yeni müharibəyə hazırlıq siqnalıdır. Rəsmi İrəvan əslində, gələcəkdə yenidən “revansh” cəhdlərinə legitim don geyindirmək üçün konstitusion zəmin saxlayır. Bu, hiyləgər diplomatiya deyil, məğlubiyyətin içində gizlənən revanşizmdir.
Tarix bir dəfə Xankəndi nümunəsində göstərib: kim Azərbaycanın sülh təklifini rədd edirsə, o, sonda Azərbaycan tanklarının öz küçələrində hərəkətini izləməli olur. O şəhərdə yuvalanmış separatçı rejimin taleyi hər kəsə dərs olmalıdır. Görünür, İrəvan bu səhnəni yenidən görmək üçün darıxır.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ