İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburqda rəsmilər Azərbaycan - Rusiya müttəfiqlik sazişinə qarşı!

Separatçıların tədbirinə qatılanlar cəzalanacaqmı; Çingiz Qənizadə: “2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin 18-ci maddəsinə görə...”

Yekaterinburqda qondarma “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” münasibətilə tədbir keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyi buna etiraz olaraq Rusiya Xarici  İşlər Nazirliyinə  etiraz notası göndərib. Həmçinin səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və kəskin etirazını əks etdirən məktub ünvanlayıb. Bununla yanaşı, Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski də şəhərin müvafiq inzibati orqanlarına bununla bağlı müraciətlər göndərib.

Azərbaycan səfirliyinin yaydığı bəyanatdan aydın olur ki, tədbirdə Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodin də iştirak edib.

“Rusiyanın hakim partiyasının nümayəndəsinin bu addımı separatizmi təbliğ edir, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin ruhuna köklü şəkildə ziddir, həmçinin ikitərəfli əməkdaşlığa xələl gətirir”, - deyə bəyanatda bildirilir.

Azərbaycanın Rusiyadakı səfirliyi “İqor Volodinə və bu tədbirin təşkilatçılarına qarşı təcili tədbirlər görməyə, gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı belə təxribat xarakterli addımların qarşısını almağa çağırıb”. Bildirilir ki, səfirlik bu məsələ ilə bağlı Rusiya tərəfinin rəsmi cavabını gözləyir.

Yada salaq ki, Moskvada fəaliyyət göstərən talış separatçılar əvvəlki illərdə də Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstəriblər.   

Özünü separatçı “Talış-Muğan Respublikası”nın təsisçilərindən biri elan etmiş  Fəxrəddin Abbasov isə 2019-cu ilin mayında Rusiyadan deportasiya edilib və DTX tərəfindən Bakı hava limanında saxlanıb.

1993-cü ildə Bakı Dövlət Universitetinin müəllimi olmuş Fəxrəddin Abbasov, yaxud Aboszoda separatçı hərəkat darmadağın edildikdən sonra Rusiyaya qaçmışdı.

2018-ci ilin yayında Azərbaycan məhkəməsi Abbasovun həbsi barədə qərar verib. İstintaqın versiyasına əsasən, Abbasov Ermənistana gedib, erməni xüsusi xidmət orqanları ilə görüşüb və bundan sonra Azərbaycan və onun ərazi bütövlüyünün əleyhinə onlayn-bəyanatlar verib.

2020-ci ilin noyabrında Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibbi-sanitariya hissəsinə baxış keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb...

Görünür, Rusiyada kimlərsə yenidən bu separatçı dəstəni aktivləşdirməyə çalışır, ona şərait və imkanlar yaradırlar.  Bu isə 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinə tamamilə ziddir. Bu sənəddə tərəflərin dövlət maraqlarına zidd fəaliyyətə imkan verməməsi təsbit olunub.

Dairəsi ləğv edilən Qənizadə həqiqəti danışdı - VİDEO

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin 18-ci maddəsinə görə  Rusiya və Azərbaycan separatçılıq və terrorçuluğa qarşı birgə mübarizə aparırlar. Ekspertin fikrincə, Rusiya ərazisində belə bir tədbirin keçirilməsi sazişin prinsip və normalarına ziddir: “Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlığa dair çoxsaylı sənədlər imzalanıb. Tədbirdə şəhər dumasının üzvünün də iştirakı o deməkdir k, Rusiya çox ciddi tədbirlər görməlidir. Belə bir "respublika" mövcud ola bilməz. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Rusiya nəinki təhdid yaradan tədbirləri, hətta fikirləri belə qadağan etməlidir. Azərbaycan XİN haqlı olaraq reaksiya verib. Ümumiyyətlə, bütün lazımi reaksiyalar verilib, cavabı gözləyirik.  Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinə qarşı ciddi cəza tədbirinin görüləcəyini zənn etmirəm. İstənilən halda bu tədbirin kimlər tərəfindən təşkil olunması, kimlər tərəfindən icazə verilməsi, Rusiya ərazisində Azərbaycana qarşı separatçılıqla məşğul olan şəxslərin kimliyinin müəyyən edilməsi və müəyyən tədbirlərin görülməsi normal münasibətləri olan dövlətlər arasında qaçılmazdır. Rusiyanın Azərbaycana münasibəti normal və səmimidirsə, Rusiya lazımi addımların atmalı, təşkilatçıları, icazə verənləri, separatçıları müəyyən etməli, Rusiya qanunlarına uyğun olaraq cəzalandırmalıdır".

Bir sorğunun qorxunc nəticəsi - Azərbaycanın suverenliyi də təhlükədə? –  RƏYLƏR

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə hesab edir ki, Rusiya hər zaman müxtəlif ölkələrdə separatizmi dəstəkləyən tərəf olub. Ekspert Gürcüstanda Abxaziya, Şimali Osetiya, Ukraynada Krım, Donbas, Moldovada Dnestryanı və s. qeyd etdi: “Azərbaycanda Rusiyanın iştirakı ilə alovlandırılan etnik konflikt olaraq erməni məsələsi ilə yanaşı, alovlandırıla bilməyən talış məsələsidir. Alovlandırıla bilməyən deyirəm, çünki nə qədər süni kənar təzyiqlər olsa da, bunlar sadə etnik talışların anti-Azərbaycan fikrinə, çevrilişçi əhval-ruhiyyəsinə düşməsinə təsir etmədi. Qondarma ”Talış Muğan Respublikası" təbii ki, mövcud ola bilməzdi, çünki onun təməli yalan və saxtakarlıqla atılmışdı. Hərəkatın rəhbəri Ələkrəm Hümmbətov 1993-cü ildə Astarada bir neçə yüz gəncin iştirakı ilə mitinq keçirərkən sadə Astara əhalisi bunun Qarabağa dəstək məqsədilə təşkil olunduğunu düşünürdü.  1993-cü ildə Qarabağda ən ağır döyüşlərin getdiyi bir zamanda rus-erməni-fars işbirliyi içərisində ölkəmizdə parçalanma, separatizm ocağı yaratmağa cəhd edən şəxslər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, başqa sözlə, onun beynəlxalq güclərlə anlaşması nəticəsində zərərsizləşdirildilər. Ələkrəm Hümmbətov 1998-ci ildə ölüm hökmünə məhkum edilsə də, daha sonra, 2004-cü ildə əfv edilərək ölkə vətəndaşlığından çıxarıldı və 2022-ci ildə Niderlandda yaşlılıq, xəstəlik səbəbi ilə vəfat etdi. Onun başlatdığı hərəkat isə bu gün müxtəlif ölkələrdə xarici kəşfiyyatların anti-Azərbaycan şəbəkəsinin gizli məqsədlərinə xidmət edərək, zaman-zaman boy göstərməkdədir. Məsələn, 2018-ci ildə Hümmətovun qondarma Talış Muğan Respublikasının Mühacir Hökumətini elan etdiyi və bundan sonra qondarma “hökumətin” Azərbaycanla bağlı bir sıra məsələlərdə müraciətlər ünvanladığını qeyd etmək olar. Bu müraciətlərdən biri 2019-cu ildə ATƏT-in Minsk Qrupuna Qarabağ məsələsi ilə bağlı danışıqlar münasibətilə ünvanlanmışdı və ölkəmizdə etnik azlıqların hüquqsuzluğundan şikayət xarakteri daşıyır, məqsədi isə qlobal erməni şəbəkəsinə xidmət edib Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq idi. Təbii ki, bu fəaliyyət müxtəlif qüvvələr tərəfindən öz məqsədləri daxilində, o cümlədən Rusiyanın müvafiq dairələri tərəfindən istifadə edilməkdədir".

Ekspertin fikrincə, hazırkı “30 illik” münasibətilə keçirilən tədbirdə Rusiyanın Yekaterinburq Şəhər Dumasının sədrinin qonaq qismində iştirakı Rusiya dövlət təsisatlarının Azərbaycana qarşı təxribatçı davranışı olaraq qiymətləndirilir: “Bu, nə 22 fevral 2022-ci il tarixli Rusiya-Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin ruhuna uyğundur, nə də ikitərəfli dövlət münasibətlərinin xarakterinə. Bu təxribata etiraz edən ölkəmizə rəsmi cavab, hər halda, veriləcək və neytral xarakter daşıyacaq. Belə ki, Rusiya Federasiyası rəsmi olaraq tədbirin təşkilində məsuliyyət daşımadığını, həmçinin şəhər dumasının sədrinin iştirakının onun şəxsi təşəbbüsü olduğunu bəyan edə bilər. Vurğulamaq yerinə düşər ki, separatçı hərəkatın keçmiş rəhbər şəxslərindən biri olan Fəxrəddin Abbasov da 2019-cu ildə Rusiyadan deportasiya edilmiş, hərəkatın israrına baxmayaraq bu barədə hər hansı rəsmi açıqlama verilməmişdi. Abbasov "Ağlagəlməz şeylər haqqında düşüncələr. Talışıstanın azadlığı uğrunda mübarizəm" adlı (2017) kitabını nəşr etdirmiş və ölkəmizdə daha bir separatizm yuvasının təməlinin atmağa çalışmışdı. Odur ki, Rusiyada gizli şəkildə Azərbaycanda separatizmin alovlandırılmasında maraqlı olduğu, üzdə isə bütün bunları inkar mövqeyini tutduğu, bu cür tədbirlərin təşkilinin davam edəcəyi təxmin edilə bilər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR