Onlayn ictimai-siyasi qəzet
“Əlvida, qartmaqlı, kirli Rusiya,
Əlvida, ağalar, qullar ölkəsi.
Mavi mundirlilər, sizə əlvida,
Əlvida mundirə baş əyən nəsil”.
(Lermontov, aprel, 1841. tərcümə Xeyrulla Xəyalındır)
Doğrusu mən siyasətə qarışmıram, ancaq geopolitik məsələlər olanda mütləq şərh etməliyik. Rusiyada soydaşlarımıza qarşı terror hər bir vətənpərvər insan kimi məni də qəzəbləndirmişdir.
İlk növbədə, biz hadisənin törədildiyi şəhərin adına diqqət etməliyik. Yekaterinburq ən böyük türk düşmənlərindən olan rus çarı 1-ci Pyotrun (Osmanlıda ləqəbi “Dəli Petro” olan tip) övrəti, soykökü bilinməyən Yekaterinanın şərəfinə adlandırılmışdır. Rəvayətə görə Osmanlı ordusu Petronu mühasirəyə alanda Yekaterina qır-qızıllarını verərək onu xilas edibdir. Hərçənd, zənəni məhəbbət simvolu, əxlaq mücəssəməsi saymaq da çətindir. Yekaterina Petroya xəyanət edirmiş, bunu öyrənən çar həmin məşuqu tutdurur, başını kəsdirib podnosda arvadına pay göndərir. Bundan sonra Yekaterina Petronu yatağına buraxmır, yalnız ölənə yaxın barışırlar.
Ümumiyyətlə, şimal qonşumuz insan hüquqları, ədalət, insaf-mürvət sarıdan heç indi də Yekaterinanın vaxtından fərqlənmir. (Yalnız biz özümüzə sual verməliyik ki, niyə belə axmaq regiona ailəlikcə mühacirət etməyə, orda iş axtarmağa məcburuq, lakin indi bunun yeri deyil. Bax: birinci cümlə). Yekaterinburqda Rusiya polisi vəhşilik törədən anlarda Kremlin ağası əcaib bir qəbul keçirirdi. 17 yaşlı bir uşağı toyu münasibətlə təbrik etmək üçün idarəyə çağırmışdı!
Təsəvvür edin. Necə deyərlər, eşşək boyda imperiyanın ağası balaca əyaləti olan Çeçenistandakı “bespredel”in (Rusiya dünyaya belə terminlər ixrac edir) müdiri Ramzan Kadırovdan necə asılıdırsa, çeçenlərdən necə qorxursa onun mamlı-matan oğlunu birbaşa imperiyanın baş sarayında ağırlayıb-uğurlayır. Adam adlı, lakin adamlıqdan xəbəri olmayan bu uşaq isə bir məhkumu döyməyi ilə məşhurdur. Əli-qolu bağlı, yazıq bir adamı döymək sanki böyük qəhrəmanlıq tələb edirmiş, həmin əhvalatdan sonra uşağın yaxasına o qədər medal asdılar ki, pencəyi düymələməyə yer qalmadı.
Xülasə, indi bunun toyudur və birbaşa Putin çağırıb nəmər verir. Məsələn, təsəvvür edin ki, Samuxun icra başçısı oğluna toy edir, bəyi Prezident Administrasiyasına çağırıb qutlayırıq. Edə bildinizmi? Çətindir.
Rusiya heç bir haqq-hüquq olmayan, dünyanın üz qarası regionlardan biridir. Və orada milliyyətindən asılı olmayaraq istənilən şəxs hər an haqsızlığa məruz qalmaq ehtimalı altındadır. Orda rusu da döyüb öldürürlər, azərbaycanlını da. Qırğız da zülüm görür, tacik də. Ukraynalılara nə edirlər, heç onu yazmağa ehtiyac yoxdur. Yekaterinburq faciəsində, pis çıxmasın, yeganə təskinlik budur: elnən gələn bəlaya düçar olmuşuq.
Sözgəlişi, belə durumlarda şaiyə yayanlar, gərginliyi artıranlar da məsuliyyət daşıyır. Məsələn, 2 nəfər deyil, 5 nəfərin öldürüldüyü haqda xəbər yayanlar bunu nə üçün etmişdilər? Məqsəd nə idi? Bu informasiya təsdiqini tapdımı? Təəssüf ki, bölgə informasiya azadlığı olmayan bölgədir, burada nəyisə araşdırıb tapacaq, həqiqəti yazacaq kütləvi informasiya vasitələri qalmayıb.
Sonda vətəndaşlarımızdan xahiş edirəm Bakıda küçədə yeriyəndə mümkün qədər ehtiyatlı olsunlar. Şəhər müdirliyi və kanalizasiya idarəsinin qeyrəti sayəsində hər an yer yarıla, alta düşə bilərik. Ora da düşəndə həmişə Hövsandan tapılmırsan, bəzən adam Yekaterinburqdan çıxır.
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ