İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudilərin Fəlakət günü – Avqustun 12-13-də nə baş verəcək,Tiş'a B'Av nə deməkdir?

Beynəlxalq informasiya məkanında yayılan xəbərlərə görə, İran və Hizbullah avqustun 13-də (qədim yəhudi təqvimi ilə Av ayının 9-na keçən gecə - Tiş'a B'Av) İsrailə hücum etməyi planlaşdırır.

Hesab olunur ki, belə bir günə ediləcək hücum İsrail xalqında güclü emosional ovqat yaradacaq, ona psixoloji təsir göstərəcək. Hücumun İsrail cəmiyyətində əlacsızlıq və qorxu hisslərini artıracağı, bu günlə bağlı tarixi travmaları canlandıracağı gözlənilir.

Bəs, bu nədən belədir? Tiş'a B'Av nə deməkdir?

Yəhudi təqviminə görə, ilin 5-ci ayı Av adlanır və bu, iyul-avqust aylarına düşür. 2017-ci ildə “Av ayının 9-cu günü” avqustun 1-nə, 2018-ci ildə - iyulun 21-nə (şənbə olduğundan oruc iyulun 22-nə keçirilib) düşüb. Keçən il Av ayının 9-cu günü 26 - 27 iyul axşamlarına təsadüf edib. Bu il “Av ayının 9-cu günü” 12-13 avqust axşamı qeyd olunacaq.

“Av ayının 9-cu günü" yəhudi tarixi boyu faciəli hadisələrlə əlamətdardır. Bu tarix yəhudi xalqının başına gələn bütün təqib və bədbəxtliklərin simvoludur. Tarixi məxəzlərə görə, “Av ayının 9-cu günü yəhudi dövlətçiliyinin və məbədinin dağıdılması baş verib, ondan sonra tarix boyunca silsiləvi faciələr olub. i

Əsas rəvayət belədir ki, dünyanın yaradılışının 2449-cu ilinin Av ayının 9-da ((bizim eradan əvvəl 1312-ci il) Musanın göndərdiyi kəşfiyyatçılar geri qayıdıblar və Kənanı fəth etməyin çətinliklərindən danışaraq yəhudilər arasında çaxnaşma yaradıblar. Xalq qorxub, ağlayıb və İsrail torpağına girməkdən imtina edib. Bunun üçün Allah insanlara qəzəbləndi və müəyyən edib ki, yalnız gələcək nəsil 40 ildən sonra “Müqəddəs torpaqlar”a (“Vəd edilmiş diyara”) girməyə layiq olacaq.

3338-ci ilin 9 Av günü (b.e.ə. 422-ci il) padşah Süleyman tərəfindən tikilmiş Birinci Məbəd Babil padşahı Navuxodonosor tərəfindən dağıdılıb, ardınca yəhudilər 70 illik Babil əsarətində yaşayıblar.
3828-ci ilin 9 Av günü (b.e. 68) Roma hərbi lideri (sonradan imperator) Titus Vespasian Yerusəlimi mühasirəyə alıb və İkinci Məbədi dağıdıb.

9 Av 3892-ci ildə (132) Roma valisinin əmri ilə Yerusəlimdəki Məbəd dağı təhqir əlaməti olaraq şumlanıb. Bu hadisə üç il davam edən Bar Koxba üsyanının səbəblərindən biri olub.

9 Avqust 3895-ci (135-ci) ildə romalılar üsyançıların son qalası olan Beytarı ələ keçiriblər və üsyanın lideri Şimon Bar-Koxba (Bar-Kuziva) öldürülüb, bundan sonra yəhudilərin İsrail torpaqlarından kütləvi qovulması başlanıb. Roma tarixçisi Dio Kassiusun yazdığına görə, həmin müharibənin döyüşlərində beş yüz səksən min yəhudi həlak olub, əlli qala-şəhər və doqquz yüz səksən beş yaşayış məntəqəsi dağıdılıb. Demək olar ki, bütün Yəhudeya yandırılmış səhraya çevrilib.

Bundan əlavə, müxtəlif mənbələrdə Av ayının 9-da və ya ondan dərhal sonra yəhudi xalqının başına gələn bir sıra başqa faciəli hadisələr də göstərilir.

1095-ci ildə Av ayının 9-da Papa II Urban ilk səlib yürüşünün başladığını elan edib, bunun nəticəsində "İsanın əsgərləri" on minlərlə yəhudini öldürüb və bir çox yəhudi icmasını məhv edib.

1146-cı ildə Av ayının 9-da II səlib yürüşü zamanı Almaniya və Fransanın yəhudi icmalarına qarşı talanlar və qırğınlar təşkil edilib.

1290-cı il Av ayının 9-da yəhudilərin İngiltərədən qovulması başlanıb.

1306-cı ildə Av ayının 9-cu günündən bir gün sonra yəhudilərin Fransadan qovulması haqqında fərman verilib və onlar bütün əmlaklarını qoyub getməli olublar.

1348-ci ilin Av ayının 9-cu günü Avropa yəhudiləri tarixin ən böyük vəba epidemiyalarından birini təşkil etməkdə günahlandırılıblar və bu ittiham amansız talanlar və qırğınlar dalğasına səbəb olub.

1492-ci ildə Av ayının 9-da Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabella yəhudilərin İspaniyadan qovulması haqqında fərman veriblər.

1555-ci ildə Av ayının 9-da Roma yəhudiləri tarixdə ilk gettoya köçürülüb.

1567-ci ildə Av ayının 9-da İtaliyanın qalan yəhudiləri gettoya yerləşdirilib.

1648-ci ildə Av ayının 9-da Polşa, Ukrayna və Bessarabiyada yüz minlərlə yəhudinin qətliamını Xmelnitski və onun tərəfdaşları həyata keçirib.

1882-ci ildə Av ayının 9-da Rusiyada “Pale of Pale” yəhudi icmalarının qırğınları başlayıb.

1942-ci ildə Av ayının 9-da Varşava gettosundan yəhudilərin deportasiyası başlanıb.

1942-ci ildə Av ayının doqquzuncu günü Treblinka ölüm düşərgəsi fəaliyyətə başlayıb.

Beləliklə, yəhudi xalqı Av ayının 9-cu günündə, onun ərəfəsində, yaxud ondan sonrakı günlərdə yaşadığı faciələrin toparlayaraq bu günü milli matəm günü elan edib və hər il həmin günü ciddi şəkildə qeyd edir, oruc tutur, ibadətlə məşğul olur.

Adətə görə oruc başlamazdan əvvəl son yemək zamanı ət və şərab qəbul etmək olmaz və yalnız bir xörək yeyilməlidir.

Av ayının doqquzundan əvvəl axşam İsraildə bütün teatrlar, kinoteatrlar, konsert salonları bağlanır.

Bu günlə bağlı başqa qayda-qanunlarlar da var:

Av ayının doqquzunda matəm səkkizinci gün günəş batanda (bir gün əvvəl axşam) başlayır və Av ayının doqquzuncu günü səmada ilk ulduz görünənə qədər davam edir.

Bütün oruc zamanı aşağıdakı qaydalara əməl edilməlidir:

-yemək və içkidən tamamilə imtina;

-çimməkdən çəkinmək (yalnız gigiyenik məqsədlə əlləri yumaq olar);

-evlilik yaxınlığından çəkinmək;

-ətirdən istifadə etməmək;

-dəri ayaqqabı geyməmək;

-yerdən və ya aşağı oturacaqda (30 sm-dən yüksək olmayan) oturmaq;

-Tövratı oxumamaq (çünki bu kitabda pozitiv məqamlar var, yalnız kədər və kədərin ifadəsi ilə əlaqəli mətnləri oxumaq olar).

Son qadağalar yalnız günortaya qədər qüvvədədir.

Aşağıdakı adətlər də var:

-Av ayının doqquzuncu gecəsi yastıqsız yatmaq;

-Sinaqoqda yalnız bir neçə şam yandırmaq;

-Sinaqoq sandığını örtən pərdəni götürmək, belə pərdə olmayan yerlərdə qara pərdə asmaq.

-Yerusəlimdə Av ayının doqquzuncu günü “Qərb divarı”na getmək adətdir.

Göründüyü kimi, yəhudi xalqında “Av ayının 9-cu günü “ilə bağlı ciddi travma var və bu, hətta zamanla xurafat və inanclar da yaradıb.

Görünür, İranda, eləcə də ərəb dünyasında “Av ayının 9-cu günü”nün yəhudilər üçün nə demək olduğunu yaxşı bilirlər, ona görə də onları köhnə yaralarının üstündən vurmaq istəyirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR