Onlayn ictimai-siyasi qəzet
Qlobal məkanda cərəyan edən proseslərə diqqət etdikdə, Avropa ölkələrinin yeni təhlükəsizlik arxitekturası qurmağa çalışdığı qətiyyən şübhə doğurmur. NATO-nun "nüvə mesajları" ilə buna dəstək verdiyi də diqqətdən yayınmır. Almaniyanın "qoca qitə"də liderlik ambisiyasını ön plana çəkməkdə olduğu müşahidə edilir. Türkiyənin isə Avropa Birliyinə məhz müdafiə sistemi üzərindən İnteqrasiya etməkdə olduğu nəzərə çarpır. Və ona görə də, Avropa Birliyinin təhlükəsizlik gündəmi sürətlə dəyişir.
Onu da qeyd etmək lazımdır ki, NATO-nun nüvə silahlarının istifadəsini imitasiya edən “Steadfast Noon” adlı illik təlimlərinin keçirilməsi, Almaniya kansleri Fridrix Mertsin Avropanı Ukraynaya daha çox dəstək verməyə çağırması və Avropa Birliyinin Türkiyəni 150 milyard avroluq SAFE (Security Action for Europe) müdafiə fonduna daxil etmək planı ayrı-ayrılıqda olduqca əhəmiyyətli hadisələrdir. Ancaq ümumi götürüldükdə, bu proseslər Avropada formalaşmaqda olan yeni geopolitik və hərbi arxitekturanın konturlarını ifadə edir.
Məsələ ondadır ki, NATO-nun nüvə təlimlərinin və ABŞ-ın Avropadakı strategiyasının dərin mənası mövcuddur. NATO-nun “Steadfast Noon” təlimləri alyansın nüvə potensialını sınaqdan keçirən illik ssenarilərdir. Bu təlimlərdə ABŞ-ın aktiv iştirakı isə Avropa üçün iki mühüm mesajı verir. Birincisi, Ağ Ev Avropadakı nüvə öhdəliklərindən hələlik geri çəkilməyib. Və Rusiya ilə münasibətlərin getdikcə daha aqressiv xarakter aldığı bir dövrdə bu, NATO-nun birliyinə və kollektiv müdafiə mexanizminə olan etimadı qorumağa xidmət edir.
İkincisi, ABŞ-ın bu təlimlər vasitəsilə göndərdiyi mesaj yalnız Kremlə deyil, həm də Avropanın özünə yönəlib. Belə ki, Ağ Ev qlobal strateji məsuliyyəti bölüşmək istəyir. Başqa sözlə, ABŞ Avropada hərbi iştirakını saxlayır, ancaq "qoca qitə"nin öz təhlükəsizliyinə daha çox maliyyə, siyasi və hərbi resurs sərf etməsini tələb edir. Bu, xüsusilə də, Tramp administrasiyasının “ilk sırada Amerika” (America First) siyasətinə qayıdışı fonunda daha da aktuallaşır. Və ABŞ artıq Avropanı qoruyan, ancaq bunun bütün xərc yükünü təkbaşına daşıyan hərbi-siyasi mərkəz rolunu oynamaq istəmir.
Maraqlıdır ki, məhz bu səbəbdən də Avropada Almaniya və Fransa başda olmaqla, bəzi dövlətlər artıq Rusiya ilə savaşan Ukraynaya önəmli "qoruyucu divar" kimi yanaşırlar. Bu barədə daha açıq mətnlə danışan Almaniya kansleri Fridrix Mertsin xəbərdarlıq edib ki, əgər, Avropa Ukraynaya dayaq olmasa, növbə tezliklə "qoca qitə"yə də çatacaq. Onun bu bəyanatı həm siyasi, həm də strateji baxımdan, böyük əhəmiyyət daşıyır. Və Almaniya kansleri prezident Volodimir Zelenskinin ABŞ-a son səfərinin gözlənilən nəticəni vermədiyini, Ukraynanın isə indi Avropanın dəstəyinə hər zamankından daha çox ehtiyacının olduğunu vurğulayıb.
Qərb ekspertləri hesab edirlər ki, kansler Fridrix Mertsin açıqlamaslnda iki önəmli mesaj gizlənir. Birincisi, Avropa artıq ABŞ-ın arxasında gizlənə bilməz. Ukrayna savaşı isə Avropaya öz sərhədləri daxilində real təhlükənin mövcud olduğunu xatırlatdı. İkincisi, Almaniya özünü Avropanın strateji lideri kimi təqdim etməyə başlayır. Hər halda, kansler Fridrix Mertsin ritorikası “Avropa təhlükəsizliyi üçün Almaniya məsuliyyət daşıyır” tezisini gücləndirir. Bu, həm də "qoca qitə"nin gələcək təhlükəsizlik modelində “Avropanın müdafiə avtonomiyası” ilə bağlı konsepsiyanın yenidən aktuallaşması deməkdir. Və Fransanın vaxtilə təklif etdiyi bu konsepsiya indi artıq Almaniyanın siyasi gündəminə daxil olur.
Digər tərəfdən, Avropa Birliyinin Türkiyəni SAFE fonduna daxil etmək planı "qoca qitə"nin yeni "müdafiə həlqəsi" barədə təsəvvür imkanları açır. Belə ki, Avropa Birliyinin Türkiyəni 150 milyard avroluq SAFE fonduna cəlb etmək təşəbbüsü "qoca qitə"nin təhlükəsizlik strategiyasında dönüş nöqtəsi də sayıla bilər. Bu, bir tərəfdən, rəsmi Ankara ilə Brüsselin illərdir ki, gərgin olan münasibətlərinin yeni hərbi çərçivədə normallaşdırılması, digər tərəfdən isə Avropa Birliyinin NATO-dan kənar müdafiə arxitekturası qurmaq cəhdi kimi izah olunur.
Ancaq Avropa ölkələri arasında bu təşəbbüsə Yunanıstan, Kipr və Fransa qarşı çıxır. Buna baxmayaraq, Almaniya, İtaliya, İspaniya və Şərqi Avropa ölkələri Türkiyənin hərbi inteqrasiyasını dəstəkləyir. Çünki Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir, Ukrayna, Qara dəniz, Cənubi Qafqaz və Yaxın Şərq kimi regionlarda hərbi balanslaşdırıcı rolunu oynayır. Türkiyənin "Bayraktar" PUA-ları, “Hisar” hava hücumundan müdafiə sistemləri və digər texnoloji nailiyyətləri Avropa müdafiə sənayesinə ciddi irəliləyiş gətirə bilər.
Digər tərəfdən, rəsmi Ankara ilə əməkdaşlıq həm də Rusiya və Çin təsirinə qarşı Avropa Birliyinin yeni “strateji tampon” yaratmaq cəhdi kimi də diqqəti çəkir. Əgər, Almaniya Yunanıstanın kəskin etirazlarını yumşalda bilərsə, bu addım Avropanın təhlükəsizlik sistemində yeni regional qütbləşmənin, yəni “Berlin-Ankara oxu"nun yaranmasına gətirib çıxara bilər. Və bu, hazırda bəzi Qərb ölkələrinin strateji maraqları ilə kəskin ziddiyyət təşkil edən ssenarilərdən biri hesab olunur.
Bununla belə, Ukrayna savaşının nəticələri necə olursa-olsun, Avropa artıq əvvəlki təhlükəsizlik strukturuna qayıda bilməyəcək. Yeni sistemin isə üç səviyyəli model üzrə formalaşacağı iddia olunur. Onlardan birincisi NATO çərçivəsində ABŞ-Avropa balansın yaradılmasıdır. Yəni, ABŞ nüvə deterensiyasını və qlobal kəşfiyyat üstünlüyünü qoruyacaq, ancaq Avropa "ön cəbhə məsuliyyəti"ni bölüşməli olacaq. Digər tərəfdən, Avropa Birliyi çərçivəsində yeni müdafiə mexanizmləri yaradılacaq. SAFE fondu, “Avropa Müdafiə Agentliyi”nin genişlənməsi və Türkiyə ilə hərbi-strateji əməkdaşlıq bu səviyyənin əsas sütunlarını təşkil edəcək.
Nəhayət, Avropa ölkələrinnin müdafiə sənayesi və texnoloji müstəqilliyi ön plana çıxarılacaq. Almaniya, Polşa və Skandinaviya ölkələri artıq bu istiqamətdə investisiyaları artırıb. Fransa və İtaliya isə strateji silah texnologiyalarında özəl sektorun rolunu genişləndirir. Belə anlaşılır ki, Avropa təhlükəsizlik sisteminin transatlantik asılılıqdan çoxqütblü əməkdaşlığa keçidi artıq başlayıb. Və bu modeldə ABŞ hələlik “strateji çətir” kimi yer alsa da, Avropa dövlətləri öz müstəqil hərbi müdafiə sistemini qurur.
Göründüyü kimi, Türkiyə alternativ hərbi-strateji güc mərkəzi olaraq, Avropa Birliyinin yeni təhlükəsizlik konsepsiyasına daxil olunur. Çünki Ukrayna savaşından sonrakı mərhələ Avropa üçün həm təhlükəsizlik böhranı, həm də strateji yenilənmə imkanları vəd edir. Hazırda atılan addımlar isə həmin mərhələdə Avropanın təhlükəsizlik arxitekturasının yeni konturlarını müəyyənləşdirəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
ŞƏRHLƏRŞƏRH YAZ