İnsanlara hürriyət, millətlərə istiqlal!

Yediyimiz zəhər olmasın: qida təhlükəsizliyimiz necə qorunur - boşluqlar və ...

Eyyub Hüseynov: ““Qida Təhlükəsizliyi Agentliyi haqqında” Əsasnaməyə mütləq dəyişiklik edilməlidir, çünki...”

Hazırda bütün dünyada ən çox diqqət yetirilən və problemlər olan sahələrdən biri də qida təhlükəsizliyidir. Ərzaq, qida getdikcə bahalaşmaqda ikən ortaya saxta məhsullar, köhnə mallar daha çox çıxır, təhlükəsizlik zəncirinin qırılması da növbəti problemlərdən biridir.

Qida məhsullarının daşınması və çatdırılması sahəsində bir sıra ciddi nöqsanlar mövcuddur. Əsasən qida məhsullarının daşınması və müştərilərə çatdırılması zamanı sanitariya norma və qaydaları ilə temperatur rejimi pozulur. Məhsulların saxlanılması və daşınması zamanı mal qonşuluğu qaydalarına əməl olunmur. Həmçinin emal edilmiş yarımfabrikat və hazır yeməklərin üzərində hazırlanma vaxtı yazılmır. İstifadə olunan alət və avadanlıqlar dezinfeksiya edilmir, xammal kimi istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan məhsullardan istifadə edilir, işçi heyət ilkin və dövri tibbi müayinədən keçirilmir və digər nöqsanlara yol verilir. Bu hallar isə istehlakçıların ciddi narazılığına və onların səhhətində problemlərin yaranmasına səbəb olur.

Bu cür nöqsanlarla bağlı istehlakçılar tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı mərkəzi”nə müxtəlif müraciətlər daxil olmaqdadır.

Daxil olmuş vətəndaş şikayətləri əsasında agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlamalar həyata keçirilir. Yoxlamalar zamanı qida məhsullarının çatdırılması xidmətini göstərən bir sıra müəssisələrin qida məhsullarını daşıdığı termoblokların sanitar vəziyyətinin qənaətbəxş olmadığı və daşınma zamanı mal qonşuluğuna əməl edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi və çarpaz çirklənmələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi və s. kimi pozuntular müəyyən olunub. Agentlikdən verilən məlumata görə, qurum tərəfindən 2023-cü il ərzində 10 keytrinq şirkətində planlı yoxlama da keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı 10 halda agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 1 müəssisədə emalın müvəqqəti məhdudlaşdırılması, 3 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan olunması, 2 müəssisədə işçi heyətin nöqsanlar aradan qaldırılanadək kənarlaşdırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib.

Qeyd edək ki, Azərbaycanda qida məhsullarının daşınması və çatdırılması sahəsində əsasən "Bolt Food", "Uber", "Volt", "Ozio", "Ibox" və "Umico" şirkətləri fəaliyyət göstərir. Həmçinin bəzi ictimai iaşə müəssisələri və bir sıra marketlər də öz məhsullarının müştərilərə çatdırılması xidmətini həyata keçirir. Ancaq qida təhlükəsizliyi dedikdə, burada söhbət yalnızca kiçik məsafələrə daşımalardan və anti-sanitar durumdan getmir. Hazırda ölkənin bazar-dükanlarında kifayət qədər saxta kənd təsərrüfatı məhsulları var. Eyni zamanda plastik qablardakı içməli sular düzgün saxlanılmır və hamımız ən azı bir neçə dəfə plastik qabda su alıb içərkən onun acı tam verdiyini hiss etmişik. Eyni zamanda toyuq, balıq məhsulları da mağazalarda, bazarlarda qətiyyən düzgün saxlanılmır. Təəssüf ki, Azərbaycanda qida təhlükəsizliyinə əməl edilməsində böyük nöqsanlar var. Bu sahədə nəzarət gücləndirilməlidir.

Eyyub Hüseynovun qızı vəfat etdi

Eyyub Hüseynov

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkənin əmtəə bazarında heç də az olmayan pestisidlərlə, nitritlərlə zəngin kənd təsərrüfatı məhsulları var: “Eləcə də hibrid adı altında başqa ölkələrdən, misal üçün Türkiyədən Azərbaycana gətirilən genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları mövcuddur. Bunlar hamısı insanların həyatına mənfi təsir göstərir. Yaxınlarda Şri-Lankada oldum, o ölkədəki həm səhiyyə, həm də qida əlçatanlığı aşağı səviyyədədir. Amma mən bu ölkədə GMO bitkiçilik görmədim. Bibərlər adamın baş barmağının yarısı boydadır. Ziyalılarla söhbət zamanı da öyrəndim ki, onların, ümumiyyətlə, GMO bitkilər haqqında təsəvvürləri belə yoxdur. Məhz ona görə də Azərbaycan uzunömürlülər siyahısında 198 ölkə arasında 115-ci yerdədir. Lakin Banqladeş kimi yoxsul, Şri- Lanka kimi geridə qalmış ölkələr bu siyahıda daha geridədir. Hippokrat deyir ki, biz nə yeyiriksə, oyuq. Ölkəmizdə pestisidlərlə, nitritlərlə zəngin olan bitkiçilik var, çox təəssüflər olsun ki, bu işə məsuliyyətli olan aidiyyəti qurumlar gizli şəkildə GMO-nun lobbiçiliyini aparır. "Qida təhlükəsizliyi haqqında" Qanunda Azərbaycanda fermer təsərrüfatında heyvanların GMO tərkibli yemlərlə yemləndirilməsinə icazə verildi. Bu bir daha heyvanların ətində, südündə özünü göstərəcək. Belə mallar var, Türkiyədən, İrandan, Çindən gətirilir".

O ki qaldı plastik qablarla bağlı məsələyə, ekspert bildirdi ki, son 20 gündə ölkənin şimal və cənub zonasında istehlakçı hüquqlarının pozulmasına dair vəziyyətlə bağlı istirahət mərkəzlərində monitorinqini aparıb: “Şimal zonasında tələbin təklifi üstələdiyini gördüm. Antisanitar vəziyyət həddən artıq yüksəkdir. O cümlədən Hacıkənddə antisanitar vəziyyəti xüsusi demək istəyirəm. Lerikdən axan çayın ətrafı isə plastik tullantılarla dolu, pis vəziyyətdədir. Astarada da eyni vəziyyətlə üzləşdim. Sım kəndinə qədər getdim, çay boyu plastik tara ilə çirklənləndirilib. Heç bir elmi tədqiqat institutu bunu araşdırmır. Biz tədricən miqrasiya etmiş kimyəvi elementlərin qida vasitəsinə qəbul olunmasına məruz qalırıq. Cənub zonasında, əksər yerlər son dərəcə ekzotik meşələri olan Astara və Lənkəran rayonunda çayların kənarları, dərələr plastik taralarla  həddən artıq çirkləndirilib. Bilmirəm müvafiq icra qurumları hara baxır”.

E.Hüseynov onu da dedi ki, hər bir ərzaq istehsal edildiyi gündən qısa bir müddətdə təhlükəli hala çevrilə bilər: “Çünki hər bir ərzağın saxlanma müddəti olduğu kimi, saxlanma şəraiti də mövcuddur. Bu şərait adətən ərzağın üzərindəki etiketdə yazılır. Ona görə ərzaq istehsalında iştirak edən bütün subyektlər - əkinçilər, biçinçilər, anbarçılar, satış edən şəxslər və başqaları ərzağın soyuq zəncir prinsipi üzrə saxlanılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyata alınmalıdır ki, AQTA hər yerdə lazımi monitorinqlər, maarifləndirmə işləri apara bilsin. Lakin görürük ki, təəssüf ki, belə deyil. Marketlərdə gecələr soyuducuların söndürülməsi ilə bağlı illərdir, Azad İstehlakçılar Birliyinə telefon zəngləri gəlir. Onu da qeyd edim ki, ildən-ilə bu vəziyyət azalır. Çünki AQTA müəyyən nəzarət tədbirləri həyata keçirir. Dükana girdikdə istehlakçı pis qoxunu hiss edirsə, bu o deməkdir ki, gecələr soyuducular söndürülüb. Təbii ki, bu addımı elektrikə qənaət etmək məqsədilə atırlar. Yay aylarında marketlərdə ciddi monitorinq aparmaq lazımdır. Soyuducuların temperaturunun ərzaqların saxlanma temperaturuna uyğun olub-olmadığını yoxlamaq lazımdır. Bu məsələ açıq qalıb. Heç kim  bununla məşğul olmur. Güman edirəm ki, çox sayda ərzaq bu cür market sahiblərinin qənaətcilliyi nəticəsində istehlakçıların zəhərlənməsinə gətirib çıxarır. Ümumiyyətlə, "Qida Təhlükəsizliyi Agentliyi haqqında" Əsasnaməyə mütləq dəyişiklik edilməlidir. Onlar cəld hərəkətə keçməlidir. Burada çox uzun, səhv bir prosedura var, bu ləğv olunmalıdır. Tez xarab olan mallar küçələrdə, harada gəldi satılır. Bütün bunlar hamısı sahə müvəkkillərinin, bələdiyyələrin gözü önündə satılır. Düşünürəm ki, bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir. Hər kəs öz ərazisində qidanın təhlükəsizliyinin təmin olunması üçün mümkün olan işləri görməlidir.  Çox təəssüf ki, bələdiyyələr bu işlərə çox zəif baxırlar. Yalnız icra hakimiyyətləri küçə ticarətinə nəzarət edir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR