İnsanlara hürriyət, millətlərə istiqlal!

Xovayev qovluğunda Bakıya nə gətirir - “rus variantı” gündəmdə...

Ermənistandan sonra Azərbaycana gələcək Rusiya xüsusi nümayəndəsi sülh təşəbbüsünün Qərbə keçməməsi üçün hər şey edəcək; ekspert: “Moskva regionda təsirlərini əldən vermək istəmir”

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev bu həftə Bakıya gəlir. “Yeni Müsavat” yada salır ki, Xovayev keçən həftə İrəvana səfər edib və danışıqlarda əsas müzakirələr sülhün sazişinin Rusiya variantını irəli aparmaq olub. Xəbər verildiyi kimi, Ermənistanda o, N.Paşinyanla görüşüb, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidəki 31 oktyabr üçtərəfli görüşünü müzakirə edib.

Görüş zamanı Paşinyan bir daha bəyan edib ki, Ermənistan 2022-ci ilin avqustunda Bakı və İrəvana təklif olunan sülh sazişinin Rusiya variantını (özündə “statusu” ehtiva edən variant) tam dəstəkləyir. Bu da maraqlıdır ki, Putinin elçisi Soçi görüşündən sonra öncə Bakıya deyil, İrəvana yollanıb. İrəvandan isə Bakıya yox, Moskvaya uçub. İstisna deyil ki, o, Moskvaya qayıdaraq öz rəhbərliyi ilə bəzi detalları müzakirə etdikdən sonra, yəni daha konkret təkliflə Azərbaycana gələcək. Bəs rus diplomat Azərbaycana nə ilə təşrif buyuracaq, qovluğunda yeni nə var? Bax, əsas sual da budur.

Xovayevin nə gətirməsindən asılı olmayaraq, bir şey aydındır: Rusiya nəyin bahasına olur-olsun, sülh təşəbbüsünün geridönməz şəkildə ABŞ-a, Qərbə keçməməsi üçün hər şey edəcək. “Vardanyan projesi” Kremlin bu yöndəki çoxsaylı cəhdlərindən biridir. Hansı projeyə ki, Azərbaycan Prezidenti keçən həftə Avropa İttifaqı təmsilçiləri ilə görüşdə sərt etiraz bildirmişdi. Təəssüf ki, Moskvanın hədəfi yuxarıda deyildiyi kimi, heç də problemi kökündən və birdəfəlik həll eləmək deyil. Daha qorxulusu isə odur ki, Rusiya başqa vasitəçilərin də bunu eləməsinə imkan vermir və belə görünür sonadək dirəniş göstərmək niyyətindədir. Bizcə, Azərbaycan üçün yaxın perspektivdə ən böyük təhdid elə bu ola bilər. Bu xüsusda Qərb - ABŞ və Avropa İttifaqı daha səmimi görünür. Amma biz hələ də əlində Ermənistana yetərli təsir rıçaqları olan şimal qonşumuzun onlardan da səmimi olmasını istəyirik. Olacaqmı? Sual ritorikdir. Böyük ehtimalla, Xovayevin budəfəki Bakı səfəri sonuncu suala yetərincə aydınlıq gətirəcək. Sadəcə, Qərb cəbhəsi də son həftələrdə passiv mövqeyə keçib. Noyabrda Brüsseldə görüş nəzərdə tutulurdu, lakin Şarl Mişeldən səs-səmir yoxdur. Bu halda sülh sənədinin “rus variantı” gerçəkləşə bilərmi? Xovayevin gəlişi nəyi dəyişəcək? Bakıda hansı cavabları alacaq?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirovun “Yeni Müsavat”a dediyinə görə, noyabrda Brüssel görüşü keçirilməli idi, hələ ki bir xəbər yoxdur: “Xarici işlər nazirləri səviyyəsində sülh sazişinin mətnini müzakirə etmək planlaşdırılırdı. Lakin həmin görüşə qədər Rusiya fəallıq edirdi, öz rolunu gözə soxmağa çalışırdı. Soçi görüşündən əvvəl də Putin "Valday"da erməni cəmiyyətinə mesaj verdi ki, Amerika variantında bütün Qarabağ Azərbaycanın nəzarətinə keçə bilər. İndi də Xovayevin İrəvana və Bakıya səfərləri Moskvanın aktivliyini göstərməkdir. Faktiki olaraq, Rusiya regionda təsirlərini əldən vermək istəmir". Siyasi ekspert hesab edir ki, xüsusən də rus hərbçilərin bölgədə uzun müddət qalmasının tərəfdarı deyilik, bunu istəyən yalnız rus və erməni tərəfidir: “Paşinyan Xovayevlə görüşdə məhz ona görə həm sülh sazişi ilə bağlı Rusiya variantına, həm də sülhməramlıların Qarabağda 20 il qalmasına razılaşdığını bildirir. Əslində Putin Vaşinqton variantının detallarını açıqlayırsa, o zaman rus versiyasının da incəliklərini söyləsinlər. Bəlkə bizi qane edən orada müddəalar var? Ancaq demir. Hətta İran variantı da ola bilər, amma bu modellərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı bir bənd varsa, sülh müqaviləsi geçəkləşməyəcək. Necə ki, 30 illik işğal dövründə "Madrid prinsipləri", “Kazan variantı” və bir sıra platformalar olub, amma heç birinə razılaşmamışıq. İndi isə qalib tərəfik, torpaqların böyük hissəsi işğaldan azad edilib və bir qarış torpaq güzəştə getmədən sülh müqaviləsi imzalana bilər. Bundan başqa, heç bir variant keçərli deyil. Sadəcə, Putinin İrəvana səfəri də erməni cəmiyyətində Rusiyaya olan hiddətin qarşısını almağa hesablanıb. Eləcə də Xovayevin gediş-gəlişi ondan ibarətdir ki, Moskva ermənilərin maraqlarına zidd addım atmadığını göstərməyə çalışır. Bununla prosesi uzatmağa nail olmaq istəyirlər, Xovayevin səfərinin başqa məzmunu yoxdur".

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin sözlərinə görə, Kreml əlindən gələni edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, bu, Rusiya ərazisində baş versin: “Kreml sazişin mətninin hazırlanmasında da iştirak etmək istəyir. Halbuki sülh sazişinin mətninı hazırlayacaq işçi qrup Avropa İttifaqının nəzdində formalaşmalı idi. Rusiya buna razı deyil. Ona görə də indi rəqabət ərazi uğrunda deyil, sülh müqaviləsini kimin imzaladacağı üstündə gedir. Bu da müsbət haldır. Biz yarışdan istifadə etməklə nəticə qazanmalıyıq. Əks halda, tək tərəf olanda şərtlərini diktə edir. Azərbaycan üçün fərqi yoxdur ki, sülh müqaviləsi harada imzalanacaq, təki sülh olsun. Rusiya hesab edir ki, 44 günün yekununda onun vasitəçiliyi ilə üçtərəfli sənəd imzalanıbsa, yekun sənəd də Rusiya ərazisində imzalanmalıdır. Moskva bir qədər də haqlıdır. Amma bunun üçün Kreml şansı Avropaya vermək istəmirsə, addım atsın, real işlər görsün”. Partiya sədri təklif edir ki, Bakı Ermənistana təqdim etdiyi 5 bəndlik sülh təklifini Moskvaya da versin: “Hərçənd Rusiyada bu təkliflərlə tanış olmamış deyillər. Sadəcə, Qərbin fəallığı onların xoşuna gəlmir. Yenə deyirəm ki, burada kim əməli iş görəcəksə, təşəbbüs ona keçəcək. Kim nəqliyyat-kommunikasiyaların açılmasını, sərhədlərin dəqiqləşməsini praktik olaraq icrasında İrəvanı məcbur edəcəksə, sülh sazişində də onun vasitəçiliyi üstün olacaq. Buna qədər Xovayev və digər rəsmilərin aktiv hərəkətlərini müşahidə edəcəyik, məqsəd itirilmiş mövqeləri geri qaytarmaqdır, regionda gücünü saxlamaqdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR