Onlayn ictimai-siyasi qəzet
Dürdanə xanımla aylar əvvəl görüşmüşdük. Çəkiliş qrupumuzla onun evində qonaq olduq, süfrəsini açdı bizə, dərdləşdi, ürəyindəki bütün nisgilləri bölüşdü bizimlə. Səkkiz gün əsirlikdə olduğu zaman ermənilərin ona verdiyi işgəncələrdən danışdı. Gözünün qarşısında ermənilərin körpələrə qarşı amansız hərəkətlərini xatırladı. Erməni quldurlarının zabitlərimizə necə zülm etməsindən də bəhs etdi. Separatçıların adlarını çəkdi, törətdikləri cinayətləri qeyd etdi. Erməni vəhşiliyinin canlı şahidi Dürdanə Ağayevanın nəql etdiyi həmin o qanlı tarix “TV Müsavat”ın arxivinə, bizim isə yaddaşımıza həkk olundu...
Dürdanə Ağayeva avqustun 4-də uzun sürən xəstəlikdən vəfat etdi. Əlbəttə, bu xəbər hər birimizi sarsıtdı. Sonuncu dəfə görüşümüzdə, “sizi Xocalıda öz evimdə qarşılayacağam” demişdi, sözünü tuta bilmədi... “Xocalıdan çıxanda cavan qız idim, bu gün onkoloji xəstəyəm, bunun də günahkarı Balasanyanlardır. 30 ildir şəkər xəstəsiyəm, 30 faiz sağlamlığım qalıb, ömrümə nə qədər qalıb bilmirəm...” - deyərək qəhərlənmişdi. Xocalıya getməyi çox xəyal edirdi: “Bu gün mən Xocalıya qayıdacağam, amma orada heç kimi görməyəcəyəm. Xocalıya qayıdacağam, ətirli torpağımı iyləyəcəyəm, amma əzizlərimi görməyəcəyəm. Bu gün mən Xocalıya getmək istəyirəm, bir ayağım gedir, o biri ayağım getmir. Bunun günahkarı bəs kimdir?!”, demişdi.
Xocalının bizə əmanəti Dürdanə xanımla son görüşümüz oldu bu çəkiliş. Bəlkə də artıq əzizlərinə qovuşub Durdanə xanım. Ruhu artıq Xocalıda azad və xoşbəxtdir... Çox sevincli idi, çünki torpaqlarımız Şanlı Ordumuz tərəfindən geri qaytarılmışdı. Amma ürəyində bir nisgili qalmışdı. Hələ də azadlıqda olan erməni separatçılarının, qatillərin ələ keçirilməsi və onların Azərbaycan xalqının gözü qarşısında cəzalandırılması...
“Azərbaycan qadının üzündə görünməyən bir örpəyi var, yaşmağı var” deyirdi Dürdanə xanım. Biz də onu beləcə namuslu, qeyrətli, üzü örpəkli Azərbaycan qadını kimi xatırlayacağıq. Allah sizə rəhmət etsin!
Afaq Mirayiq,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ