Onlayn ictimai-siyasi qəzet
Fevral ayı Azərbaycan tarixində ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyıqırımı həyata keçirdiyi aydır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, dəhşətli soyqırımı törədildi.
Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, həmin dövrdə Azərbaycanın başının daxili işlərə qarışdığı bir vaxtda xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşdular.
Xocalı soyqırımına ilk siyasi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verildi.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra Xocalı soyqırımına siyasi qiymət verilməsi, bu soyqırımı aktının dünyada tanıdılması işi dövlət səviyyəsində qarşıya məqsəd kimi qoyuldu.
Heydər Əliyev bəyan edirdi ki, Xocalı soyqırımı təkcə orada yaşayan insanlara qarşı deyil, həm də bütöv Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktıdır. Ermənilər Xocalı sakinlərini məhz Azərbaycan vətəndaşı, azərbaycanlı olduqları üçün kütləvi şəkildə məhv etmək kimi bəşəri cinayətə əl atmışdılar.
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur: “Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etdi. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi, göründüyü kimi, məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzaladı.
Prezident Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi ki, “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. Soyqırımına siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət öz müsbət nəticələrini göstərdi, dünyanın bir çox dövlətləri bu soyqırımı aktını pislədilər.
Xocalı soyqırımının tanıdılması işi Ulu öndərin hakimiyyətindən sonrakı dövrdə davam etdirildi və davam etdirilir.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 10-dan çox ştatı Xocalı hadisəsini soyqırımı kimi tanıdı".
Deputat qeyd etdi ki, Ulu öndər Xocalının azad ediləcəyinə əminliyini bütün çıxışlarında ifadə edirdi. Heydər Əliyevin dedikləri reallaşdı. 2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti, möhkəm siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin igidliyi sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi: “Xocalı azad edildi və Xocalıya ədalət gətirildi, soyqırımı qurbanlarının qisası alınmış oldu. Bu gün artıq Xocalı yenidən qurulur, Xocalı sakinləri öz doğma evlərinə qayıdırlar.
Xocalı soyqırımını törədənlərin bir qismi bu gün Bakıda həbsxanada saxlanılır. Onların bəziləri Azərbaycanın məhkəmələri tərəfindən qanunla layiq olduqları cəzaları alıblar, bəzilərinin isə məhkəməsi gedir".
Yazını hazırladı: Etibar Seyidağa
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ