İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə Rusiya-ABŞ savaşı başladı - Putin Bəşər Əsəd kimi onu da itirəcək?

Venesuelada yenidən hakimiyyət dəyişikliyi məsələsi gündəmə gəlib. İllər öncə prezident Nikolas Maduronu devirməyə yaxın olan və son anda Rusiyaya bu ölkədə mövqeləri təslim edən ABŞ növbəti dəfə hərəkətə keçib. Bu dəfə Ağ Ev sahibi Donald Tramp daha qətiyyətli görünür. Onun bu istiqamətdəki son açıqlamaları da bunu deməyə əsas verir.

Azpolitika.info xəbər verir ki, Donald Tramp “CBS” telekanalında yayımlanan “60 minutes” proqramında verdiyi müsahibədə Venesuela ilə yaşanan gərginlikdən danışıb. Tramp Maduronun günlərinin sayılı olduğunu bildirib və ABŞ-yə qarşı “pis rəftar” edildiyini vurğulayıb.

Müsahibədə ABŞ-nin Venesuelaya hərbi müdaxilə edib-etməyəcəyi sualına cavab verərkən Tramp deyib ki, bu ehtimalı şübhə ilə qarşılayır. O, eyni zamanda Venesuelanın təkcə narkotik probleminin olmadığını, həbsxanalarından, psixi sağlamlıq müəssisələrindən ABŞ-yə yüz minlərlə insan göndərildiyini bildirib.

ABŞ-nin Venesuelanın ərazisinə hərbi hücum edib-etməyəcəyi barədə suala isə Tramp “Bu, doğru və ya deyil - bunu sizə deməyə hazır deyiləm. Bu cür şeyləri jurnalistlərə deməyəcəyəm” deyə cavab verib.

Heç kəsə sirr deyil ki, Maduro Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilir və kifayət qədər zəngin təbii sərvətlərə malik olan Venesuelanın Kremllə əlaqələri olduqca yaxındır.

Bu dəfə necə, Birləşmiş Ştatlar istədiyinə çata biləcəkmi? Putin Suriyada Bəşər Əsədi qoruya bilmədiyi kimi, Maduronu da hakimiyyətdə saxlaya bilməyəcək?

azer.jpg (84 KB)

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında indidən yekun nəticə barədə danışmağın erkən olduğunu bildirib:

“Son zamanlar Donald Trampın Maduro ilə bağlı açıqlamalarında nəzərəçarpan ton onu deməyə əsas verir ki, ABŞ öz siyasi kursuna uyğunlaşmayan dövlətlərə qarşı daha sərt təzyiq siyasəti həyata keçirməyə başlayıb. Görünən odur ki, bu təzyiqlərin əsas səbəbi Maduro hökumətinin xarici siyasətdə müstəqil mövqeyini qorumağa çalışmasıdır.

ABŞ-ı narahat edən isə, əslində, Venesuelanın müstəqilliyi deyil, onun Çin və Rusiya ilə strateji əlaqələrinin dərinləşməsidir. Bu proseslərin Maduro hakimiyyətinin sonu ilə nəticələnib-nəticələnməyəcəyini indidən söyləmək çətindir. Əgər Maduro ölkə daxilində milli konsolidasiyanı təmin edə və xarici təzyiqlərə qarşı birliyi qoruya bilsə, hakimiyyətini müəyyən müddət qoruyub saxlaya bilər. Lakin daxili sabitliyi və milli həmrəyliyi möhkəmləndirə bilməsə, perspektivdə onun siyasi karyerasının sona çatması ehtimalı yüksəkdir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR