İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz təcrübə dovşanı deyilik!..” – Rusiyanın “quyruğu” indi də belə tapdandı

Nikol Paşinyan yenə Rusiyanın “quyruğunu” tapdayıb. Bu dəfə daha ağrılı formada, “keyitmə”siz-filansız. Baş nazirin açıqlamasından belə qənaət hasil olub ki, tarixən Türkü ermənilərə düşmən edən, yəni aranı qarışdıran və qızışdıran Rusiya olub.

Aylar öncə o, saxta “erməni soyqırımı” məsələsinin Stalin dövründə, Türkiyəyə qarşı təzyiq elementi olaraq ortaya atıldığını bildirmiş, bu uydurma mövzunu İrəvanın xarici siyasət prioritetləri sırasından çıxarmışdı.

Bizlər, tarixçilərimiz bütün bunları çoxdan və yaxşı bilirik. Ancaq bir var, eyni şeyi Azərbaycan və ya Türkiyənin hansısa təmsilçisi dilə gətirsin, bir də var Ermənistan rəhbəri...

Bəllidir ki, erməni cəmiyyətində Türk xofunun, Türkə nifrətin “isti” qalması Moskvanın Qafqazla bağlı imperialist maraqlarının, özəlliklə Ermənistandakı hərbi varlığının qayəsində duran həlledici amildir. Buna qarşı getmək - Kremlə qarşı çıxmaq, ona meydan oxumaq anlamına gələr.

Paşinyan isə böyük ölçüdə haqlı. Amma və lakin adama deyərlər, bəs erməninin öz ağlı harda idi? Nədən I Pyotr dövründən Moskvanın əlində türk-müsəlman toplumuna qarşı alət olmağa böyük həvəslə razılıq verib? Nə qazanıb bununla?..

Şəhidlər sərvəri İmam Hüseyn (ə) buyurub ki, “q onşuluq qohumluqdur”. Axı Rusiya uzaqda, qonşular yaxında. Erməni xalqı Kremlin “parçala, hökm sür” ənənəvi və antibəşəri siyasətinə özünü təslim eləməklə ağ günə çıxa bilibmi?

Təbii ki, yox. Tarix dəfələrlə isbatlayıb: başqa xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq mümkünsüz. Həm də necə bir xalqın - sənə çörək, su, torpaq vermiş, yalnız yaxşılığı dəymiş bir ulu xalqın, aborigen millətin. Allah bu nanəcibliyi, nankorluğu götürərmi?

Əsla. Götürmədi də. Demək ki, əslində bu, elə ilahi cəzadır ki, qonşu toplum çəkir. Erməni keşişləri, “din xadimləri” bunu etiraf eləməsələr də...

Yeri gəlmişkən, bəla həm də ondadır ki, insanlar və qövmlər arasında sülhü, barışığı, dincliyi təbliğ eləməli olan erməni katolik kilsəsi heç vaxt Türkə xəyanəti və namərdliyi pisləməyib. Əksinə, ədalətsiz düşmənçiliyin önündə gedən, toplumda heyvani nifrəti ən çox körükləyən məhz kilsə olub. Terror yuvasına çevrilən, Allahı da, İsa Peyğəmbəri (ə) də çoxdan unudan, əbası altında silah gəzdirən, qısası, batil inancı təbliğ edən erməni kilsəsi!

Yerdə nə qaldı? Acınacaqlı və HAQQ edilən bir sonluq. Paşinyan o səbəbə indi gec də olsa, zavallı soydaşlarının xəstə təfəkkürünü dəyişməyə, onları ayıltmağa, gözlərini açmağa cəhd edir. O da əlbəttə, öz xoşu ilə deyil, “dəmir yumruq” yeyəndən sonra. Yoxsa cəmi 6 il öncə “Qarabağ Ermənistandır və nöqtə” deyən, 2023-cü il sentyabrın 2-də Qarabağdakı xunta rejiminə “müstəqillik” təbriki göndərən hansısa yadplanetli yox, onun özü idi...

İstənilən halda səmimi şəkildə peşman olub, tövbə edib fəlakətli yoldan geri dönmək istəyi təqdirə layiqdir və Yaradana xoş gedər. Paşinyan “real Ermənistan” çərçivəsində buna nə dərəcədə nail olacaq, görəcəyik. Hər halda inanırıq ki, o, özündə belə bir əminliyi də artıq hasil edib: dəfələrlə yazdığımız kimi, cırtdan Ermənistana ən etibarlı təhlükəsizlik zəmanətini uzaq ABŞ və ya Avropa Birliyi (Fransa) yaxud Rusiya deyil, məhz qonşu Azərbaycan və Türkiyə verə bilər.

Əlavə hansı dəlil-sübut lazımdır ki. Hər şey ortada. Ən böyük arqument, ən güclü dəlil erməni xalqının öz başına gələnlərdir. Çox istədiyi üçün azdan da olan hayların yaşadığı müsibətlərdir. “Yalançı (Rusiya – Z.S.) tamahkarı aldadar”. Ancaq aldanmanın da bir axırı gəlməli deyil? Erməni cəmiyyəti Kremlə, nəhayət, “Stop! Biz təcrübə dovşanı deyilik!” deyəcəkmi? Qarşıdakı seçkilər və referendum bu xüsusda çox şeyə aydınlıq gətirməlidir.

Müxtəsəri, bu xalqın ən böyük düşməni onun özü. Belə bir bəsit gerçəyi o, nə qədər tez dərk və əxz eləsə, özü də, bölgə də bir o qədər tez rahat nəfəs alar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR