İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir"

XX əsri geniş şəkildə analiz etdikdə, soyqırımların sayı diqqət çəkir. Təəssüflə qeyd etməliyəm ki bu faciələrin bir qismi də Azərbaycan xalqının taleyinə düşüb. 1905-1907-ci ildə baş vermiş faciə zamanı ermənilər tərəfindən həmvətənlilərimiz amansızcasına soyqırıma məruz qalıb, 1918-ci ilin 31 mart tarixində isə xalqımız növbəti soyqırıma məruz qalıb ki, bu dəhşətli hadisə tarixə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” kimi düşüb. “Quba soyqırımı” və ağrılarını da bu günə qədər hiss etdiyimiz “Xocalı soyqırımı” kimi faciələr xalqımızın taleyinə yazılıb. Tarixin ən qanlı səhifələrinin yer aldığı Xocalı soyqırımında xalqımıza qarşı misli görünməmiş cinayət törədilib.

Günahsız Azərbaycan xalqı dədə-baba yurdlarından didərgin düşməklə bərabər tarixin ən ağrılı hadisəsi ilə üz-üzə qaldılar. Məhz 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecəni nə biz, nə də bizdən sonrakı nəsillər heç zaman unutmayacaqlar. Xankəndi şəhərində yerləşən 366 saylı alay bu günə qədər dünyada soyqırım törətmiş cinayətkarların, qəddarlığın ən sərt nümunəsidir. Günahsız insanlar evlərini tərk edərək qışın şaxtasında başqa şəhərlərə getməyə məcbur olduqları bir vaxtda ermənilər onlara qarşı misli görünməmiş qırğın törətdilər.

Ermənilərin qurduğu Naxçıvanlı və Pircamal postlarında amansız qəddarlıq nümayiş etdirildi. Evlərini qışın şaxtasında tərk etməyə məcbur qalan həmvətənlilərimiz pusquya salınaraq qətlə yetirildi, əsir götürüldü. Minlərlə soydaşlarımız düşmən gülləsinə üz-üzə gəlməmək üçün soyuq qış aylarında dağlara və meşələrə üz tutdular. Qışın soyuğuna, gecənin ayazına baxmayaraq ayaqyalın evlərini tərk edənləri həmin şaxtadan da pis ermənilərin qəddarlığı, azğınlıqları ilə qarşılaşdılar. Günahsız insanlara qarşı amansız rəftar, işgəncələrin yeganə məqsədi var idi Azərbaycan xalqını məhv etmək, amansız qırğınlar törətmək idi.

Xocalı soyqırımı zamanı ermənilər tərəfindən 613 nəfər həmvətənlilərimiz öldürüldü, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlı insan idi. Ermənilərin əsas hədəfi məhz köməksiz insanlar idi, bu qəddarlıqla öz azğın niyyətlərini nümayiş etdirir, qadınlara və uşaqlara qarşı amansız müsibət yaşadırdılar. Böyük Britaniyanın “Tayms” nəşri 4 mart 1992-ci ildə Xocalı soyqırımının qurbanlarını nəzərdə tutaraq yazırdı: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”

Qeyd edim ki, ermənilərin bu amansız soyqırımı zamanı həmyerlilərimizdən 8 ailə tamamilə məhv olmuş, 25 uşaq həm anasını, həm atasını itirmişdir. Törədilmiş faciənin miqyasını təsəvvür etmək qeyri-mümkündür, uşaqların gözü qarşısında ata-anaların başının kəsilməsi, yandırılaraq öldürülməsi həm uşaqların, eləcə də bütün xalqımızın taleyində silinməz dərin iz qoydu. Baş vermiş dəhşət bu gün soyqırımdan məlumatlı olan hər kəsin qəlbində yanğı yeridir. Ermənilərin xalqımıza qarşı olan nifrətinin, amansızlığının ən yüksək təzahürlərindən biri məhz Xocalı soyqırımıdır.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyirdi "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Xocalı soyqırımınının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə uzun illərdir ki, ölkəmiz tərəfindən sistemli şəkildə iş aparılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanmış “Xocalıya Ədalət” kampaniyası nəticəsində Xocalıda xalqımıza qarşı baş verənlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Soyqırımla bağlı beynəlxalq ictimaiyyəti maarifləndirmə sahəsində görülən işlər nəticəsində yüz minlərlə insana faciə haqqında geniş məlumat verilir, soyqırım qurbanlarının xatirəsi yad edilir.

Soyqırımın beynəlxalq arenada tanınması məqsədilə aparılan işlər nəticəsində 15-ə yaxın ölkənin parlamenti, eləcə də ABŞ-ın 30-dan artıq ştatı tərəfindən müvafiq qanunverici aktlar, eləcə də idarəedici qurumlar tərəfindən sənədlər qəbul olunmuşdur. Habelə, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 2013-cü ildə Xocalı soyqırımın tanınması istiqamətində üzv dövlətlərə işlərin görülməsi tapşırılıb. Eləcə də, dünyanın bir neçə ölkəsində Xocalı soyqırımının xatirəsinə həsr olunmuş abidələr ucaldılmışdır. Hazırda bu sahədə işlər davam edir və beynəlxalq ictimaiyyət baş verənlərlə bağlı məlumatlandırılır.

2020-ci ilin 27 sentyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən və tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində bütün şəhidlərimizin, eləcə də Xocalı soyqırımının qurbanlarının qisası alındı.

Antiterror tədbirləri zamanı isə seperatçılara son sarsıdıcı zərbə vurularaq, Xankəndi və Xocalı şəhərləri azad olunmaqla, ölkəmizin suverenliyi tam bərqərar olundu. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində bayrağımızın ucaltması ilə tarixi ədalət tam bərqərar olundu.

Bu gün əli minlərlə Azərbaycanlının qanına batmış erməni cinayətkarlarının bir qismi hazırda məhkəmələrimiz qarşısında cavab verir. Xalqımıza qarşı amansız qırğınlar törətmiş şəxslərin məhkəmə prosesləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Uzun illərdən sonra haqq-ədalət öz yerini tapır, günahkarların bir qismi qanun qarşısında cəzalandırılır və cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində geniş aparılır.

Adil_Eliyev (4).jpg (387 KB)

Adil Əliyev,
Milli Məclisin sədr müavini

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR