Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Abşeron rayonunun Novxanı kəndində dənizdə iki nəfər batıb.
Batanlar Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləri olublar.
Musavat.com-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili bildirib ki, baş vermiş hadisə nəzarətsiz ərazidə olub.
Onun sözlərinə görə, belə ərazilərdə nə xilasedici personal, nə də təhlükəsizlik nişanları mövcuddur:
“Həmin yerlərdə xilasetmə texnikası və maarifləndirici lövhələr yerləşdirilmir. Bu ərazilər ümumiyyətlə, çimərlik kimi tutulmur və heç bir rəsmi nəzarət həyata keçirilmir.
Nəzarət olunan çimərliklərdə isə vəziyyət fərqlidir. Burada üzmə sərhədləri bir metr ilə beş metr dərinliklərdə nişanlanır, xilasedicilər və müvafiq texniki vasitələr fəaliyyət göstərir. Maarifləndirici lövhələr quraşdırılır və xilasedicilər gün ərzində əraziyə nəzarət edir, təhlükəli hallarda vətəndaşlara xəbərdarlıq edir, suya girən şəxsləri qaytarır və lazım gəldikdə müdaxilə edirlər.
Sonuncu batma hadisəsi zamanı valideynlərin özü də etiraf edib ki, yeniyetmələr gecə saat 4-də dənizə giriblər və spirtli içki qəbul ediblər. Halbuki, qanunvericiliyə əsasən, hava qaraldıqdan sonra suya girmək təhlükəlidir.
Xilasedicilərin iş saatı səhər 9-dan axşam 8-ə qədərdir və bu vaxtdan sonra onlar səs gücləndiricilərlə çimərlikdəki insanları sudan çıxmağa çağırırlar”.
Aqşin Əlili qeyd edib ki, bəzən vətəndaşlar xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymur, hətta onlara kobud cavablar verirlər:
“Halbuki, xilasedicilər təhlükəsizlik məqsədilə bu addımları atırlar. Sosial şərhlərdə bəzən “pulumuz yoxdur, ona görə pulsuz ərazilərə gedirik” kimi fikirlər səsləndirilir. Amma bu, təhlükənin qarşısını almır. Çünki bəzi pullu çimərliklərdə belə təhlükəsizlik xidməti mövcud deyil və bu da problem yaradır.
İctimai Birliyin təşəbbüsü ilə son illərdə yaradılmış ictimai çimərliklərdə isə bütün xidmətlər, o cümlədən giriş və təhlükəsizlik tədbirləri tamamilə pulsuzdur. Vətəndaşlara məhz bu çimərliklərdən istifadə tövsiyə olunur.
Bəzi bölgələrdə, məsələn, süni göllər və suvarma kanallarında da oxşar faciələr baş verir. Lakin bu ərazilər də rəsmi çimərlik statusu daşımır”.
Şöbə rəisi xəbərdarlıq nişanlarından da danışıb:
“Bəzən vətəndaşlar deyir ki, xəbərdarlıq nişanını keçməyiblər, amma yenə də boğulma təhlükəsi ilə üzləşiblər və çuxura düşüblər.
Nəzarət olunan çimərliklərdə sualtı sahə xilasedicilər və mütəxəssislər tərəfindən monitorinq edilir. Əgər çuxurlar və təhlükəli nöqtələr varsa, onlar xüsusi nişanlarla qeyd olunur və ərazi nəzarətə götürülür. Belə çuxurlar adətən nəzarətsiz ərazilərdə olur”.
Sultan Məmmədli
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ