İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən gətirilən maşınların daşıma xərcləri bahalaşdı

Ucuz qiymətə maşın almaq mümkün olacaqmı?

Xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb. ABŞ-dən avtomobillərin alınması və daşınması xidmətini göstərən şirkətlərdən birinin direktoru olan Hafiz Əmiraslanov deyib ki, son bir ildə daşıma qiymətləri 1 000 dollara yaxın bahalaşıb. ABŞ-dan alınan avtomobillərin daşıma müddəti iki-dörd ay çəkir. Şirkət nümayəndələri avtomobil alarkən əlavə maddi ziyana düşməmək üçün bəzi nüanslara diqqət etməyi tövsiyə edirlər. ABŞ-la yanaşı, Koreyadan alınan avtomobillərin də daşıma xərcləri artıb. Bu işlə məşğul olanlar bildirirlər ki, Koreyadan avtomobillər həm konteynerlə, həm də “Ro-Ro” gəmisi ilə açıq formada daşınır. Konteynerlə daşıma qiymətləri isə “Ro-Ro” gəmisi ilə müqayisədə ucuzdur.

Yeri gəlmişkən, hazırda xüsusilə ən çox ABŞ və Koreya bazarlarından ikinci əl avtomobillər alınaraq ölkəyə daşınır. Yada salmaq yerinə düşər ki, bir vaxtlar ucuz başa gəlsin deyə Gürcüstandan ölkəmizə maşınlar gətirilirdi. Amma son dövrlər alıcılar daha çox ABŞ və Koreya bazarlarına üstünlük verir.

Onu da nəzərə çatdıraq ki, artıq Azərbaycana xaricdən idxal olunan avtomobillər üçün aksiz vergisinin artırılması ilə bağlı ölkəyə idxal olunan avtomobillərin qiymətində kəskin artımın olacağı proqnozlaşdırılırdı. Aksizlərin artırılması 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.

Ümumiyyətlə isə Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb. Bu ilin ilk 5 ayında xaricdən Azərbaycana idxal olunan avtomobillərin sayı 7 294 ədəd olub. Bunların 37-si sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobillər (yəni avtobuslar), 6 464-ü minik avtomobilləri, 743-ü yük avtomobilləri, 50-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Avtomobillərin sayı ilə yanaşı, onların alınmasına sərf edilən məbləğlər də artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında xaricdən nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalına 334 milyon 454 min dollar xərclənib. Ötən il isə bu rəqəm 180 milyon 768 min dollar idi. Başqa sözlə, ötən illə müqayisədə avtomobillər və onların ehtiyat hissələri üçün xərclər 1,85 dəfə artıb.

Ekspertlər bildirir ki, ötən illə müqayisədə bu il xaricdən nisbətən ucuz maşınlar gətirilir. Dövlət Gömrük Komitəsi avtomobillərin hər növü üzrə statistika açıqlamadığı üçün hesablamaları ümumi avtomobil sayı üzərində aparanda məlum olur ki, ötən ilin ilk 5 ayında ölkəyə idxal edilən bütün avtomobillərin orta qiyməti 68 min dollar təşkil edirdisə, bu il orta qiymət 45,85 min dollar olub.

Ekspert: “Ölkəmizdə avtomobil parkının yenilənməsi üçün bir neçə üsul var”  - 30.04.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, pandemiya dövrü ilə dünyada başlayan iqtisadi böhran artıq səngisə də, bu gün onun fəsadlarını görməkdəyik: "Daşınma xidmətləri xüsusən yüksəlib. Daşınma xidmətlərinin yüksəlməsi ilə bağlı bu ilin əvvəlində də proqnozlar vermişdik ki, il ərzində 2-3-cü kvartallarda daşınma xidmətlərinin yüksəldilməsi gözlənilir. Bu səbəbdən də ölkəmizə idxal olunan yeni avtomobillərin qiymətində də artma müşahidə ediləcək. Məsələ ondadır ki, əmtəələrin qiyməti təxminən 2-5 faiz civarında yüksəlsə də, daşınma xidmətinin qiyməti təxminən 50 faiz civarında yüksəlib. Daşınma xidmətlərinin yüksəlməsinin əsas səbəbləri kimi biz pandemiyanı nəzərə alsaq, bununla paralel olaraq qeyd etməliyik ki, bu gün iri sənaye ölkəsinə çevrilən Çin bütün dünyaya müxtəlif məhsullar, əmtəələri ixrac edir və hətta Çinin iri sənayeçiləri daşınma şirkətlərini uzun müddətli, 5-10 il müddətli icarəyə götürürlər. Hətta əvvəldən ödəniş etməklə. Digər ölkələrin ixracatçıları, sənayeçiləri nəqliyyat vasitələri, həmçinin konteyner çatışmazlığı problemi ilə üzləşirlər".

Ekspert son dövrlər Gürcüstandan avtomobillərin əvvəlki səviyyədə gətirilməməsi məsələsinə də fikir bildirib: “Qafqaz bölgəsində Qara dəniz vasitəsilə dünya okeanına çıxışı olan yeganə ölkə Gürcüstandır. Bu səbəbdən də Azərbaycana da gətirilən avtomobillər əvvəlcə Gürcüstanın limanlarına gətirilir, daha sonra digər yerüstü nəqliyyat vasitələrilə bizim ölkəmizə daşınır. Əvvəllər əgər bizim vətəndaşlar avtomobilləri Gürcüstan bazarından gətirirdilərsə, bu gün artıq onlayn qaydada vətəndaşlarımız ABŞ-dan, Cənubi Koreyadan, Yaponiyadan avtomobilləri alır və müəyyən logistik daşınma xidmətləri vasitəsilə ölkəyə gətirdirlər.

Dünya üzrə qlobal daşınma qiymətlərinin yüksəlməsinə baxmayaraq Azərbaycanın avtomobil bazarında köhnə avtomobillərin qiymətində kəskin artım müşahidə edilmir. Lakin idxal olunan yeni nəqliyyat vasitələrinin qiymətində payız aylarında təxminən 2 faiz civarında artım olub".  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR