Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə tarixindəki ən çətin dövrlərdən biri olan son üç ilin uğurlu keçməsinin əsas səbəbi olaraq, ilk növbədə, "Gürcü Arzusu" Partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvilinin rolunu vurğulayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir “İmedi” televiziyasına müsahibəsində danışıb.
Baş nazirin sözlərinə görə, bu dövr ərzində Gürcüstan çox çətin siyasi və iqtisadi vəziyyətlərlə üzləşsə də, ölkə müharibədən qaçaraq, sabitlik və sürətli iqtisadi inkişafı təmin edə bilib.
Kobaxidze, xüsusilə 80-ci illərdəki müstəqillik mübarizəsindən və 2012-ci ildəki siyasi dəyişikliklərdən bəhs edərək, “bizim əsas dəyərimiz milli kimliyin qorunması və ölkənin müstəqilliyidir” - deyib. O, ölkənin müstəqilliyinin qorunmasının daim davam edən proses olduğunu və bu mübarizənin, xüsusilə kiçik ölkələr üçün çox çətin olduğunu qeyd edib. Kobaxidzenin sözlərinə görə, Gürcüstanın bugünə qədər mübarizəni uğurla keçirməsi, həm də iqtisadi artımın təmin olunması, İvanişvilinin xüsusi xidmətləri ilə əlaqəlidir.
İvanişvilinin ölkəyə gətirdiyi sabitlik və inkişafın önəmli olduğunu vurğulayan Baş nazir, 2011-ci ildəki çətin vəziyyətin və xalqın ümidsizliyi fonunda, İvanişvilinin gəlməsinin Gürcüstanı dəyişdirən mühüm dönüş nöqtəsi olduğunu ifadə edib: “2012-ci ildən sonra baş verən siyasi dəyişikliklərin nəticəsi olaraq, İvanişvilinin rəhbərliyi altında ölkə çox sayda çətinliyi aşaraq, iqtisadi və siyasi sahələrdə ciddi irəliləyişlər əldə edib”.
O, son dövrlərdə İvanişvilinin siyasətə qayıdışının ölkə üçün sabitlik və inkişafın əsas faktoru olduğunu bildirib.
Baş nazir həmçinin qeyd edib ki, ölkə daha da böyüyərək və inkişaf edərək qarşıdakı illərdə də bu uğurların davam etdirilməsinə nail olacaq. O, İvanişvilinin qərarları və siyasəti ilə Gürcüstanı müsbət bir gələcəyə doğru yönləndirəcəyinə inandığını bildirib.
09 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ