Onlayn ictimai-siyasi qəzet
ilk yayınlanma vaxtı: 00:33
Azərbaycana aid hərbi birliklərin separatçıların oturduğu şəhərə daxil olmadığı haqda xəbərlər doğrudur, amma...
Əgər xunta rejiminin indi əsas adamı olan Samvel Şahramanyanla Azərbaycan hüquq-mühafizə orqanlarından birinin rəhbəri ilə görüşməsi iddiasından yola çıxsaq, demək Xankəndindəki qondarma “hakimiyyət” sona çatır. Azərbaycanın bu məsələdə mövqeyi qətidir: saxta dövlət atributları- “prezident” “nazirlər”, “deputatlar” öz saxta vəsiqələrini zibil yeşiyinə atmalıdır. Başqa variant yoxdur.
Xunta rejimi indi ən yaxşı halda onu edə bilər ki, qondarma da olsa “parlamenti” toplaya, orada Xankəndindəki bütün “dövlət strukturlarının” buraxılmasını elan edərək idarəetmənin təhvil-təslim işlərinə başlasın. DQMV-nin keçmiş İcraiyyə Komitəsinin və bütün qondarma dövlət strukturlarının binalarında Azərbaycan bayraqları dalğalanmalıdır.
Bilgili mənbənin dediyinə görə, ilkin dövrdə Azərbaycan bütün bu prosesə nəzarət etmək üçün Xankəndinə komendant təyin edə bilər. Hərbi (yarımhərbi) komendaturaya Rusiya sülhməramlılarının, eləcə də erməni icmasından da nümayəndələrin cəlb edilməsi mümkündür. Xankəndi ilə yanaşı, digər ərazilərdə də, xüsusilə Xocalı və Əsgəran da eyni prinsiplərlə komendaturalar yaradıla bilər ki, bununla təhvil-təslim prosesinin maksimum qarşıdurma olmadan aparmaq mümkündür.
Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrupun yaradılması aydındır ki, bu prosesin digər bir mühüm qolunu təşkil edəcək. İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. Bu İşçi Qrupu sosial-iqtisadi problemlərin həlli üçün təşkil edilib. Şahin Musatafayevin təyinatı da səbəbsiz deyil. Əvvəla, o sərhədlə bağlı danlışıqlara da rəhbərlik edir, danışıqlarla bağlı bilgili şəxslərdən biridir. Şahin Mustafayev Ermənistanda anadan olub, müəyyən müddət İrəvan İqtisad İnsitutunda oxuyub, təbii ki, erməni dilini də yaxşı bilir. Bu, İşçi Qrupunun rəhbərinin erməni icması ilə daha faydalı işləməyə imkan verəcək.
Belə bir ehtimal da var ki, Qarabağın tam silahsızlaşdırılmasından sonra Xankəndində prezidentin xüsusi nümayəndəliyi yaratmaq varinatı var. Bu iş 2021-ci ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla)ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova da həvalə edilə bilər. Amma daha ağlabatan variant budur ki, Xankəndi və ətraf rayonlarda Prezidentin xüsusi nümayəndələri olsun. Çünki bu vəzifənin yükü təkcə iqtisadi deyil, hərtərəfli fəaliyyət tələb edir. Uzağa getməyək, erməni icması ilə görüşlərdə(yaxın günlərdə daha bir görüş olacaq) mərkəzi hakimiyyəti təmsil edən Ramin Məmmədova belə bir görəv tapşırıla bilər.
İndi əsas məsələ, ən tez müddətdə ermənilərin iriçaplı silah-sursatlarını və hərbi texnikalarını təhvil verməsidir. Məlumdur ki, bu prosesdə əsas rol Rusiya sülhməramlılarının üzərinə düşür, amma bunu yubatmaq da olmaz. Onlar silahlarını təhvil vermiş erməniləri Laçın postunadək gətirəcək, bundan sonra onlar bir daha yoxlanılaraq Ermənistan sərhədinə rədd ediləcəklər. (Bu gün dörd yük maşını Laçın keçid məntəqisinə doğru gedib) Ağır texnikaların da təhvil-təslim prosesini Ağdam istiqamətində təşkil etmək olar.
Azərbaycana aid hərbi birliklərin Xankəndinə daxil olmadığı haqda erməni mənbələrinin xəbərləri doğrudur. Onlar deyirlər ki, Azərbaycan birlikləri Kərkicahan kəndində yerləşiblər. Kərkicahan Xankəndiyə çox yaxın qəsəbədir. Əslində, Azərbaycan ordusunun Xankəndinə daxil olmaması doğru qərardır. Ehtiyac olarsa da, ordu deyil, hüquq-mühafizə orqanları, DTX-nın xüsusi birlikləri antiterror əməliyyatını Xankəndidə də keçirə bilər. Amma belə görünür ki, hazırda buna ehtiyac yoxdur. Xankəndidəki xunta rejiminin bütün müqavimət nöqtələri ya sıradan çıxarılıb, ya ciddi zərbə alıb. Vardanyanın dediyi kimi, Azərbaycan Qarabağa tam nəzarət edir. Xankəndi isə mərkəz olduğu üçün xüsusi həssasiyyəti var və bunu nəzərə almaq, tələsik qərarlar vermək olmaz ki, Azərbaycan hakimiyyəti də bunu hamıdan yaxşı bilir.
Qarabağda daha yaşamaq istəməyənlər də olacaq ki, bunu təbii qarşılamaq lazımdır. Ruben Vardanyan “France-24” kanalına müsahibəsində “bəs indi heç vaxt Azərbaycanın tərkibində olmayan, azərbaycanca danışa bilməyən insanların hüquqlarını kim təmin edəcək, bu proses necə gedəcək” deyə sual edib. Bu, əlbəttə ki, erməni revanşistlərin günahıdır ki, 30 il ərzində formalaşan yeni nəsli Azərbaycan torpaqlarında yaşa-yaşaya bu cür böyüdüb tərbiyə ediblər. Onlara həqiqətən də yazıq oldu, amma bu qətiyyən Azərbaycanın məsuliyyəti deyil. Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər üçün Laçın yolu həmişə açıqdır. Bu seçimi nə qədər erməni edəcək, bunula bağlı təxminlər var. Amma ümid edək ki, ermənilər nəhayət anladılar ki, Qarabağda tarixin təkərini daha geri döndərmək mümkün olmayacaq. Bu özü artıq bir irəliləyişdir. Gedən gedib xaricdə, harada nə danışacaq bəllidir, amma bunlar əhəmiyyətli deyil. Azərbaycan reinteqtrasiya prosesini çox şəffaf aparır və gizli heç nə yoxdur.
Qarabağda isə revanşist əhval-ruhiyyəni hələ də qızışdıranlar var. Məsələn, məlum David Babayan deyib ki, guya Azərbaycandan heç bir humanitar yük gəlməyib və Ermənistandan yardım gözləyirlər. Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryanın “Novaya Vremya”ya geniş müsahibəsində Qarabağda baş verənlərə görə Rusiya və Azərbaycan hakimiyyətinin ünvanına kəskin ittihamlar səsləndirib. Ruben Vardanyanın “France-24” kanalına müsahibəsində əvvəlki “optimizmindən” əsər-əlamət qalmasa da, qızışdırıcı mövqeyindən yenə geri çəkilməyib, “artsax ordusunun qəhrəmanlığından” ağızdolusu danışıb.
Amma bunlar daha gecdir, heç nəyi dəyişməz. Reallıq budur ki, Xankəndi Azərbaycandır!
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ