İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən qaçış başladı: Lavrov planı"nda uduzan kim, udan kim?

Separatizmi alovlandırmağa çalışan Rusiya vətəndaşı olan ermənilər Qarabağı tərk edirlər, “Russkiy mir” iddiası baş tutmadı; 14 maddəlik plan isə erməniləri dövlətin digər sakinlərinə nisbətən imtiyazlı vəziyyətə gətirir, rus hərbçiləri bölgədə saxlayır...

Qarabağda separatizmin kökünün kəsilməsi üçün Azərbaycan hərtərəfli iş aparır: diplomatik masada, beynəlxalq və yerli qanunvericiliyə uyğun mübarizədə, hərb meydanında, dinc erməniləri yoxlamaqda, nəzarət mexanizmi qurmaqda, silahlı separatçılara xəbərdarlıq etməkdə - yəni bütün komponentlərdə özünü göstərməkdədir.

Artıq BMT dinləmələrindəki fiaskodan sonra separatçıların da “kürkünə birə düşüb” və çarəsizliyi etiraf edirlər. Onların arasındakı didişmə, boğuşma, habelə “Laçın” postu vasitəsilə Rusiya vətəndaşı olan ermənilərin Qarabağa tərk etməsi görünməkdədir. Belə ki, sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar. Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər.

Ona görə də avqustun 21-də Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar idi. “Yeni Müsavat”ın xəbərinə görə, baş verənlər onu göstərir ki, Dnestryanı, Donbas kimi ssenariləri Azərbaycanda keçmədi, “Russkiy mir” iddiası burada baş tutmadı. Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər. Bunu qəbul etməyənlər üçün isə sərhəd açıqdır, istədikləri yerə çıxıb gedə bilərlər. Elə yeri gəlmişkən, bu proseslər fonunda internetdə erməni mənbələrinə istinadən Rusiyanın baş diplomatı Sergey Lavrovun “Qarabağın Azərbaycana inteqrasiyası” ilə bağlı təkliflərini əks etdirən 14 maddəlik “sənəd” geniş tirajlanmaqdadır. “Keçmiş Azərbaycan SSR-in tərkibindəki DQMV-nin erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlı sənədi “artsax prezidenti yanında antiböhran şurasının rəhbəri” Tiqran Petrosyan dərc edib. Petrosyanın sözlərinə görə, bu sənədi Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də erməni və azərbaycanlı həmkarları ilə görüşdə təklif kimi irəli sürüb. Layihəyə əsasən, Azərbaycanın mərkəzi hakimiyyəti qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də ölkə qanunları çərçivəsində Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun təmin edilməsinə təminat verir. Bu, məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, eləcə də ana dilində tədrisə də aiddir. Ermənilərin azad dini etiqad hüququ da təmin edilir.

Bu layihəyə əsasən, rəsmi Bakı qanunvericilik səviyyəsində Qarabağ ermənilərinin Ermənistanla biznes və humanitar təmas hüquqlarının təmin edilməsinə razılıq verir. Bu “sənəd”in həqiqətən Kreml tərəfindən hazırlandığı hələlik təsdiqlənməyib. Ancaq Paşinyan hakimiyyəti tərəfindən mətbuata sızdırıldığı iddia olunan “Lavrov planı” məzmun etibarilə Rusiyanın maraqlarına hesablandığından narahat olmağa əsaslar var.  “Lavrov planı”nın ümumi hədəfi ondan ibarətdir ki, Qarabağ ermənilərin kompakt yaşadığı monoetnik bölgə kimi mövcud olsun. Rusiya isə qeyri-müəyyən müddətə həmin monoetnik bölgənin təhlükəsizlik qarantoru rolunda çıxış etsin. Yəni Kreml rus hərbi kontingentinin Azərbaycan ərazisindən heç vaxt çıxmamasını şərtləndirən planlar uydurmağa çalışır. “Sənəd” Azərbaycanda da ciddi müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın bu sənədin şərtləri ilə razılaşa biləcəyi haqda ermənilərin iddiası gerçək deyil. Çünki sənəd erməni əhalisinin hüquqlarını ölkə daxilində müəyyən xüsusi etnik qrup kimi müəyyən edir.

Üstəlik, bu layihə, görünür, hansısa beynəlxalq statusa malik bir sənəd kimi qəbul edilməli və təsdiq edilməlidir. Bütün bunlar isə bu və ya digər dərəcədə Azərbaycanın bu ərazi üzərində suverenliyini pozur, digər tərəfdən isə, erməniləri dövlətin digər sakinlərinə nisbətən hansısa imtiyazlı vəziyyətə gətirir, üstəlik, Azərbaycan Konstitusiyasının müddəalarına uyğun deyil. 

Bəzi politoloqlara görə Bakı bu layihəyə formal razılıq verə bilərdi, çünki çox dəqiq bilir ki, ermənilər yenə destruktiv mövqelərini davam etdirəcəklər.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, sülh gündəliyində Qarabağ məsələsi yoxdur: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, orada yaşayan ermənilər bizim vətəndaşlardır, onların hüquqlarını qorumaq daxili işimizdir. İndi hər hansı təklif irəli sürülürsə, xüsusən də Lavrov kimi şəxsin hazırladığı sənəddirsə, buna diqqət yetirməliyik. Amma bu mövzunun Ermənistana aidiyyəti yoxdur. Biz ümumən sülh gündəliyinə Qarabağ və oradakı erməniləri salmaq niyyətindən tam uzaqdayıq. Eləcə də üçüncü tərəfin iştirakı da qəbuledilməzdir. Onlara müxtəlif hakimiyyət qollarında səlahiyyət imkanı verilməsi gələcəkdə problemlərə yol aça bilər. Artıq avqustun 21-də 60 erməni Qarabağı birdəfəlik tərk etdi. Biz onları qovmuruq. Sadəcə, şərtlərimizi qəbul etmirlərsə, gedə bilərlər. Azərbaycanın istənilən bölgəsində yaşayan şəxs qanunlarımızı qəbul etməsə, vətəndaşlıqdan çıxa bilər. Ona görə istəmirlərsə, Qarabağı tərk etsinlər”. X.Bəşirov hesab edir ki, ayrıca sənəd hazırlamaq, onları başqalarından fərqləndirib bir təkliflər paketi təqdim etmək istənilən halda işimizə müdaxilə etməkdir: “Həmin qüvvələrin niyyəti sülh prosesini uzatmağa hesablanıb. Bu məsələyə rəsmi reaksiya olmasa da, hər bir halda bu sənədin yayılması cəmiyyətin nəbzini yoxlamağa hesablanıb. Yəni xüsusi həssaslıqla yanaşdığımız məsələlərə təhdid yaradan təkliflər səsləndirilib. Bu, təsadüfi sənəd deyil və həm Azərbaycan cəmiyyətinin, həm Qarabağdakı erməni əhalisinin fikrini öyrənmək məqsədi daşıyır”.

Erməni təxribatı: Ordumuz əks hücuma keçə bilər - AÇIQLAMA | KONKRET

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan Rusiyanın Lavrovun dili ilə irəli sürülmüş 14 maddəlik planını qəbul etməyəcək: “Rusiyanın planı Azərbaycanın milli maraqlarına qarşıdır. Ümumiyyətlə, Qarabağda 30 min erməni sakininə heç bir üstün hüquq verilə bilməz. Rusiya Qarabağdakı ermənilərə pasport paylamaq planına malikdir. Amma belə bir planı reallaşdırmaq gücündə də deyil. Azərbaycan Laçın yolunda nəzarət-yoxlanış məntəqəsi qurduqdan sonra separatizmə böyük zərbə vurub. Növbəti addım qanunsuz silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar olacaq”. Təhlilçi bu məsələdə hər hansı güzəştin olmasını qəbuledilməz sayır və Qarabağda yaşayan bir ovuc erməninin məsələsini daxili mövzu hesab edir. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR