Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Torpaqlar azad edilib deyib, sərhədlərin açılmasını istəyənlər yanılırlar, çünki...”
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi dalana dirənib. Münasibətlərin normallaşmasına əsas əngəl bir tərəfdən Ermənistanın Azərbaycanla sülh müqaviləsindən yayınmasıdırsa, digər tərəfdən isə İrəvanın Zəngəzur dəhlizini açmaq istəməməsidir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması bu şərtlərə əməl olunmasından asılıdır.
Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində Ermənistan-Türkiyə quru sərhədinin açılması prosesi hansı mərhələdədir və niyə yubanır sualına cavab verərkən deyib ki, onlar Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırdır, bu baxımdan “top Türkiyə tərəfindədir”.
Onun sözlərinə görə, ötən ilin iyununda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında razılıq əldə olunub: “Razılıq bir neçə dəfə, o cümlədən ən yüksək səviyyədə, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən sonra Ankaraya səfəri zamanı təsdiqlənib. Biz həm üçüncü ölkə vətəndaşları, həm də geniş əhali üçün sərhədi açmağa hazırıq. Bu baxımdan top Türkiyə tərəfindədir”.
Bu arada “Amerikanın Səsi”nin Türkiyə nəşrinin ekspertlərə istinadən yazdığı məqalədə bildirilir ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən sonra Türkiyənin şərq qonşusu ilə sərhədləri açmaq üçün ciddi maneə qalmayıb. Ankara Xarici Siyasət İnstitutunun rəhbəri Hüseyn Bağçı deyir ki, Türkiyə Ermənistanın iqtisadi inkişafında çox mühüm rol oynaya bilər. “Ermənilər yoxsulluq və rifah arasında seçim etməlidirlər. Davamlı inadkarlıq və sülhə nail olmaqda gecikmə daha çox yoxsulluq deməkdir, lakin sərhədlərin və regional kommunikasiyaların açılması rifah gətirəcək”.
Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra Türkiyə Ermənistanla sərhədlərini açmalıdırmı?
Elşən Mustafayev
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev öncəliklə sərhədlərin açılması üçün erməni tərəfin əməl etməli olduğu şərtləri açıqladı: “Bilirik ki, bu addım Türkiyə tərəfindən atılıb və bunun üçün də yetərli səbəblər olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazi iddiası bu səbəblərdən biridir. Digər səbəblər isə birbaşa Türkiyə ilə bağlıdır. Onlardan ən əsası Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasından, sözdə soyqırım iddalarından əl çəkməsi və bu məsələnin araşdırılmasını hər iki tərəfdən formalaşdırılacaq alimlərdən ibarət komissiyaya həvalə etməkdir. Azərbaycan, anklavları nəzərə almasaq, öz ərazilərini işğalçılardan azad edib və ərazi bütövlüyünü tam təmin edib. Amma bunu biz sülh şəraitində yox, on illərlə gedən əhəmiyyətsiz danışıqlardan sonra məcbur qalıb hərbi yolla etmişik. İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ortada sülh müqaviləsinin imzalanması olmalıdır. Yenə də Paşinyan bu müqaviləni imzalamağa hazır olduğunu bildirsə də, bu prosesi sonlandıracaq addımlardan qaçır. Bu müqavilə olmadan isə hər hansı yeni münasibətlərin qurulmasından söhbət gedə bilməz. Paşinyanın Avropa Parlamentindəki son çıxışına baxarkən görürük ki, çıxışının bir hissəsində ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir, digər hissələrində Azərbaycana konkret ittihamlar yağdırır ki, bu da həmin müqavilənin imzalanmasına problemlər yaradır. Eyni zamanda Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edərək bu məsələləri beynəlxalq təşkilatların gündəliyinə salmağa cəhdlər edir, beynəlxalq məhkəmələrə müraciət edir və s. Yəni bu gün Türkiyə ilə sərhədlərin açılması üçün ortada olan əsas şərtlər - Qarabağla bağlı və sözdə soyqırımla bağlı problemlər, ərazi iddiaları hələ də qalıb, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı açıq ərazi iddiası göstərilib”.
Ekspert daha bir vacib məqama da toxundu: “Əslində indiki durumda Türkiyə-Ermənistan arasında buzların əriməsində və diplomatik münasibətlərin qurulmasında maraqlı olmayan güclər və dövlətlər də var. Məsələn, İran sözsüz ki, bunu istəməyən dövlətdir. Çünki rəsmi İrəvanın NATO ölkəsi olan və özünə rəqib bildiyi bir dövlətlə yaxınlaşmasını təhlükəsizliyi üçün təhdid hesab edir. Eynilə Rusiya bu yaxınlaşmadan sərhədlərin açılması səbəbi ilə çox narahatdır. Belə ki, bu gedişlə Rusiyanın orada iqtisadi və hərbi cəhətdən mövcudluğu təhlükəsi daha da böyüyür. Ermənistan bu faktorları nəzərə almalı, kənardan ziyanına verilən məsləhətlərinə əməl etməməli, adekvat addımlar atmalıdır. O halda Türkiyə onun Rusiya ilə bağlı problemlərinin həllində uğurlu vasitəçi ola bilər. Digər tərəfdən, Qarabağla bağlı məsələ həll olunub, torpaqlar azad edilib deyib sərhədlərin açılmasına dəstək verənlər varsa, yumşaq dillə desək, onlar yanılırlar. Bəli, biz torpaqlarımızı geri qaytarmışıq və bunu ermənilər könüllü qaytarmayıb. Biz onların gələcəkdə revanşist siyasətlərinin olmayacağına, yenidən ərazi iddiaları qaldırmayacağına əmin olmaq üçün bunu ən azı kağız üzərində hüquqi cəhətdən təsdiq etdirməliyik ki, gələcəkdə revanşist addımların atılacağı təqdirdə həmin müqaviləyə istinad edib bu addımların qarşısını alaq. Çünki biz bilirik ki, hətta sülh müqaviləsi bağlandıqdan sonra da onlar ərazi iddalarından əl çəkməyəcəklər. Proseslərin sona çatmasına mane olan səbəblərdən biri də Qərbin, xüsusilə Fransanın və son illər bu istiqamətdə fəallaşmış Almaniyanın fəaliyyətidir. Xüsusilə Fransa hökumətinin rəsmiləri Ermənistan hakimiyyətindən də irəli gedərək fəaliyyətləri ilə bölgədə sülhün yaranmasına maneə törədirlər. Əslində onları Ermənistan dövlətinin, xalqının vəziyyəti maraqlandırmır. Onlar üçün əsas məqsəd özlərinin regionda geosiyası maraqlarını təmin etməkdir. Bunu həyata keçirmək üçün Ermənistan Qarabağ kartından istifadə etməyə çalışır. O səbəbdən bu istəklərinə çatmaq üçün problemin masanın üzərində qalmasında, özləri isə vasitəçi rolunda planlarını həyata keçirməyə davam etməkdə maraqlıdırlar. Paşinyanın bir-birinə zidd bəyanatlarının səbəbləri məhz bununla bağlıdır. Yuxarıda göstərilən şərtlər həyata keçiriləndən sonra Türkiyə ilə sərhədlərin açılmasını sürətləndirə biləcək digər faktor isə Zəngəzur yolunun açılması olmalıdır. Hamı etiraf edir ki, bu yolun açılması Ermənistan iqtisadiyyatına böyük təkan verə bilər və bu şansdan istifadə etməmək öz xalqına və dövlətçiliyinə qarşı bir hərəkətdir. Hesab edirəm ki, bir problem də məhz Zəngəzur dəhlizinin açılmasına Qərb dövlətlərinin fərqli yanaşmasıdır. Bu fərq isə yol açılandan sonra bölgəyə kimin nəzarət etməsi ilə bağlıdır. Fransanın hələ keçən il tez-tələsik bölgəyə monitorinq adı altında əsgərlərini yerləşdirməsi, sonradan lazım gələrsə, hətta Azərbaycanın razılığı olmadan Qarabağa BMT mandatı altında sülhməramlı hərbi kontingent göndərilməsi üçün çalışması məhz dediyim məqsədə xidmət edirdi. Azərbaycanın bir günlük antiterror əməliyyatı bu planları fiaskoya uğratdı. Amma bu o demək deyil ki, bölgədəki maraqlarına çatmaq üçün fəaliyyəti dayandırıb. Dediyim kimi, hazırda sülh müqaviləsinin imzalanmasını öz maraqlarına görə ləngidən əsas qüvvə məhz Fransanın solçu hakimiyyətinin başında duran Makron və bu istiqamətdə ona dəstək verən Almaniyanın solçu kansleri Şoltsdur. Bəzi dövlətlər və ya ayrı-ayrı siyasətçilər isə məhz onların ətrafında olanlardır. Buna görə düşünürəm ki, indiki durumda Türkiyənin Ermənistanla sərhədləri açması hələ tezdir və rəsmi Ankara bunu yaxşı bilir. Bu istiqamətdə çalışmalar davam etdirilməli, kimsənin vasitəçiliyi olmadan Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdıracaq məqamlar bir daha nəzərdən keçirilməlidir. Azərbaycanla sülh müqaviləsi imzalanmalı və ölkəmizə qarşı beynəlxalq səviyyədə kampaniyanın aparılması dayandırılmalıdır. Bölgədə sülhün, inkişafın və təhlükəsizliyin yeganə qarantı budur”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ