İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi erməniləri üç yol ayrıcında: işıqlı dünya, qaranlıq yol, Simurq quşu... 

 

Separatçılar çətin seçim qarşısında qaldıqlarını etiraf edirlər: ya getmək, ya təslim olmaq, ya da...

Son günlər Xankəndidə intensivləşən müzakirələr Qarabağ separatçılarına rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyanın, həmçinin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayanın iştirakı ilə keçirilir.

Ermənistanın “Hraparak” nəşri yazır ki, hazırda separatçı rejimə başçılıq edən Araik Arutyunyanın vəziyyətdən çıxmaq üçün bir neçə seçimi var. Onlardan biri Bakı ilə Xankəndi arasında birbaşa dialoqdur ki, Azərbaycan heç bir halda üçüncü tərəfin iştirakını istəmir. Arutyunyan Paris meri ilə söhbətində deyib ki, beynəlxalq təminatlar əhəmiyyətsizdir. O dolayısı ilə eyham vurub ki, Ağdam vasitəsilə Azərbaycandan yüklərin gətirilməsinə razılaşmaq lazımdır. İddia olunur ki, Araik daha sərt mövqedə olanların rəyini nəzərə alaraq, ikinci yol kimi hərbi müqavimətin təşkilini deyib. Amma onu da əlavə edib ki, silahlı müqavimət çoxsaylı insan itkiləri ilə nəticələnə bilər. Nəhayət, üçüncü yol qalır ki, o da ermənilərin Qarabağı kütləvi şəkildən tərk etməsidir. Ümumiyyətlə, tarixi torpaqlarımızda məskunlaşmış ermənilər hazırda ciddi dilemma, daha dəqiqi isə yuxarıda göstərilən bu üç yol ayrıcında seçim etməlidirlər.

Erməni nəşri iclasda gedən müzakirələrə istinadən onu da bildirib ki, Araik “daha gözləyəcək zaman yoxdur” deyib. “Qarabağ öz problemləri ilə baş-başa qalıb, özümüz qərar verməliyik”. O, eyham vurub ki, ruslardan da heç bir gözlənti olmamalıdır. O da bildirilir ki, Bako Saakyan və Arkadi Qukasyan təklif ediblər ki, belə qərarlar hansısa kabinetlərdə alına bilməz, bunun üçün Qarabağda yaşayan erməni əhalinin  fikrini öyrənmək lazımdır. Həmçinin onlar bildiriblər ki, “məhz Qarabağ erməniləri bu danışıqları aparmaq və qərarları verməyi kimə həvalə edəcəyi məsuliyyətini üzərlərinə götürməlidir”.

Maraqlı məqamlardan biri də odur ki, Saakyan baş verənlərə İrəvanın mövqeyini soruşub. Separatçı lider isə açıq etiraf edib ki, “İrəvan hökuməti "biz heç nə edə bilmərik, get problemlərini özün həll et" cavabını verib". Görünən budur - Qarabağ separatçıları və erməni əhali hər keçən gün daha yaxşı anlayırlar ki, daha göydən “üç alma” düşməyəcək. Əksinə, artıq “müstəqilik nağıllar”ı bitib. İndi əsas diqqətçəkən məqam budur ki, Xankəndi və ətrafında baş verənlərin üç yoldan hansı səmtə yönəldiləcəyinin məsuliyyətini üzərinə götürən yoxdur. Ona görə də seçim qərarını Qarabağda yaşayan ermənilərin üzərinə qoymaq istəyirlər. Araik də, digər sabiqlər də bu cür seçim qərarını təkbaşına verə bilməz. Amma zaman daralır və seçim etmək üçün qərar vermək lazımdır.

Birinci Qarabağ müharibəsində əli azərbaycanlıların qanına batan Samvel Babayan isə (özünü qondarma “vahid vətən partiyası”nın sədri kimi təqdim edir) yeni təkliflərlə çıxış edib. O, "AzadlıqRadiosu"na Ağdam və Laçın yolunun eyni vaxtda açılmasını təklif edib. Bununla bərabər, Babayan yolun açılması və 5-10 yük maşını yardımın gəlməsi ilə problemin həll edilməyəcəyini diqqətə çatdırıb. Babayan deyib ki, paket həll üçün təkliflər təqdim edilməli, o cümlədən Qarabağın taleyi və “status”nun necə olacağı aydınlaşmalıdır. O, Bakının bu təkliflərə razılaşacağına inandığını deyib. Başqa bir fikirlə separatçıların nümayəndəsi David Babayan çıxış edib. “Ağdam yolunun Laçın yoluna alternativ olması fəlakətə gətirib çıxaracaq. Üstəlik, Laçın yolu mütəmadi olaraq açılmayana qədər Ağdamdan danışmaq olmaz. Ağdam loqistikdir. Amma alternativ olmamalıdır”, -  Babayan söyləyib. Separatçı deyib ki, Azərbaycanla Qarabağın statusu ilə bağlı danışmaq yersizdir. “Bakı açıq şəkildə bəyan edib ki, Qarabağa heç bir status verilməyəcək. Üstəlik, tələb edirlər ki, Qarabağın iqtisadi rayonu var və orada yaşayan ermənilər Azərbaycana inteqrasiya olunmalıdır. Bunun fonunda hansı statusdan söhbət gedə bilər?”

Babayan hesab edir ki, Laçın yolunun bağlanması Rusiya və dünyanın problemidir. “Əgər Laçın yolu açılmasa, ya böyük qan töküləcək, yəni müharibə olacaq. Ya da biz Qarabağı tərk etməli olacağıq”. Bu açıqlamalardan sonrakı mərhələ nədən ibarət olacaq? Separatçılar hansını seçəcəklər? Rusiya onlara hamiliyi davam etdirəcəkmi, yoxsa “artsax” mifi bitdi?

Alp Arslan İmamqulu: Ermənistanın törətdiyi hər təxribat terrordur

Alp Arslan İmamqulu 

Hərbi analitik Alp Arslan İmamqulu bu prosesin məntiqi sonluğunun göründüyünü hesab edir. “Yeni Müsavat”a danışan hərbi ekspert hesab edir ki, onların taleyi Azərbaycanın şərtlərini qəbul edib-etməmələrindən asılıdır: “Bu cinayətkar qüvvələr Laçın yolunu icazəmiz olmadan bir daha istifadə edə bilməyəcəklərini anladıqları kimi, ərazilərimizdə terrorizmlə məşğul ola bilməyəcəklərini də dərk etməkdədirlər. Artıq Azərbaycan antiterror əməliyyatına başlayıb. Ümumən, terroru üç növ təsnifatlandırmaq olar - siyasi, dini və etnik. Biz "yumşaq güc" alətlərindən istifadə edərək artıq antiterror əməliyyatları başlamışıq. Xunta rejimi isə bunun qarşısında dayana bilmədiklərini anlayır". Onun fikrincə, oyuncaq rejim vaxtaşırı rəqəmləri şişirdərək guya Qarabağda 120 min erməni yaşadığını bəyan etsə də, buna heç kəs inanmır, onların sayının az olduğunu yaxşı bilirik: “Ona görə seçim özlərinindir. Əhali bütün bu baş verənlərdən sonra qərar verməlidir. Amma əli qana batmış Köçəryan, Serjik Sərkisyan, oyuncaq qurumun başında oturan Araik Aryutyunyan və digərləri qanunvericilik çərçivəsində mühakimə ediləcəklər. Onlar ya Qarabağda, ya da İrəvanda yaxalanacaqlar”. Hüquq müdafiəçisi Xəzər Teyyublunun fikrincə, beynəlxalq hüquq bizdən yanadır. Onun sözlərinə görə, Fransa istisna, heç bir qüvvə Azərbaycanın son addımlarını pisləmir: “Dünya qəbul edir ki, azsaylı etnik ermənilərin yaşamasına, dil, din, mədəni və bələdiyyə hüquqlarına Azərbaycan təminat verir. Bundan başqa onlara hansı imtiyazlar tanına bilər? Hər iki yoldan humanitar məqsədlər üçün istifadənin şərtləri də irəli sürülüb, Qərb və Rusiya bununla da razılaşıb, ayrı nə təklif etmək olar? Sadəcə, Fransa gecə-gündüz "banlayır" və artıq onların yükləri də geri qayıtdı. Yəni əli hər yerdən üzülmüş separatçılar başa düşürlər ki, çıxılmaz vəziyyətdir. Araik etiraf etdi ki, dünya ictimaiyyətinə güvənmirik, heç ruslara da inanmırıq. Ona görə getmək məcburiyyətində qalacaqlar. Ya rusların maşınında, ya helikopterlə Qarabağdan qaçacaqlar. Çünki Araik və dəstəsi Xaçatryanın taleyini yaşayacaq. Orada az sayda erməni əhalisi qala bilər ki, onlar da yaşasınlar, işləsinlər, hər hansı təzyiq göstərilmir. “Laçın” yolundan da yoxlanıb sərbəst şəkildə gedib-gəlirlər". Hüquq müdafiəçisi dünyanın heç bir ölkəsində separatizmə sona qədər səbir göstərilmədiyi qənaətindədir: “Fransada separatçıların başını əzirlər. İspaniyada vəhşicəsinə davranırlar. Amerika Texasın ayrılmasına qarşı çıxır. Rusiyada buna təmkinlə yanaşmırlar. Ukrayna Donetsk və Luqanskda yaradılmış qondarma respublikaların silahlı dəstələrinə qarşı amansız mübarizə aparır. Yəni hansı ölkədə separatizm yaxşıdır ki, bizdən də bunu tələb edirlər? Ona görə də Araik, Balasanyan, Babayan, Vardanyan və başqalarının başı əzilməlidir. Onlar mərkəzə tabe olmayan və qanunsuz silahlı birləşmələr saxlayırlar. Əgər yaxşıdırsa, Fransanın Marsel şəhərinə həmin silahlı qüvvələri göndərək, NATO ordusu olan fransız silahlı qüvvələri də buna səbir nümayiş etdirsin”.

Beləliklə, Xankəndi erməniləri üç yolun ayrıcındadır. “Müstəqillik nağıllardan” əl çəkib Azərbaycana, yəni işıqlı dünyanın yolunu tutmaq, ya yenə də qaranlıq vəd edən yolla davam etmək. Fransa və digər dəstəkçi ölkələr isə onları xilas edəcək Zümrüd quşu heç vaxt olmayacaq!  

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR