İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev şəhid Rəşid Həmidovun anım tədbirində iştirak edib -FOTO

7 oktyabr 2020-ci ildə şəhid olmuş Rəşid Həmidovun 2-ci ili ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və daha sonra şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sükut elan edilib.

Musavat.com xəbər verir ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları Ülvi Quliyev və İltizam Yusifov, Şəhər-rayon bələdiyyələr Assosasiyasının, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev eləcə də, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri mərasimdə çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova övlad itkisinin nə qədər ağır olduğunu bildirsə də, övladının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr etməsini bildirib.

Vitse-spiker Adil Əliyev çıxışında şəhid ailələri və qazilərin daim dövlət başçımızın İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb, şəhidlərin öz həyatlarını vətən uğrunda qurban verərək hər birimizi üçün milli dəyərə çevrilməsini qeyd edib. Qəhrəmanlarımızın bu gün ruhunun şad olmasını və canlarını qurban verdikləri Vətən torpaqlarının üzərində üçrəngli şanlı bayrağımızın dalğalanmasını qeyd edib. Eləcə də, Azərbaycan Prezidentinin diplomatik müstəvidə apardığı uğurlu siyasətin əsas xəttini ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasının təmin edilməsindən ibarət olduğunu bildirmişdir. Bir daha şəhidlərin ruhuna Allahdan rəhmət diləyərək, əziz xatirələrini böyük hörmət və ehtiramla yad edib.

Daha sonra çıxış edən Milli Məclisin Komitə sədri Sadiq Qurbanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 gün davam edən Zəfər yolundan bəhs edərək, bu Qələbənin xalqımızın ümumi qələbəsi olmasını, ölkə başçısının ətrafındakı sıx birliyimizin nəticəsi olmasını qeyd edib. Eləcə də, şəhid ailələrinə dərin hüznlə baş sağlığı verərək, qəhrəmanlarımızın xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını bildirib.

Milli Məclisin deputatı İltizam Yusifov çıxışında qazandığımız Qələbəyə görə qəhrəmanlarımıza borclu olduğumuzu və onların əmanətlərinə ən yüksək diqqət və qayğının göstərilməsini qeyd edib. Dövlət başçısının rəhbərliyində rəşadətli ordumuzun qazanmış olduğu Zəfərin tariximin ən parlaq səhifəsi olmasını qeyd edib.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olmasına toxunaraq, ərazi bütövlüyümüzün bərpa, suverenliyimizin bərqərar olmasında müstəsna xidmətlərinin olmasını qeyd edib. Eləcə də, dövlət başçısı və Birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, Rəşid Pərviz oğlu Həmidov 19 sentyabr 1999-cu ildə Siyəzən rayonunda anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşid Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Murovdağın, Suqovuşan (Tərtər)in və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı "Laçının azad olunmasına görə" medalı və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR