Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatlarının Yaponiyadakı səfiri Ram Emanuelin “The Wall Street Journal” jurnalında dərc olunmuş məqaləsi geniş müzakirələrə səbəb olub. Səfirin yazısında ABŞ-ın Hind-Sakit okean regionunda təhlükəsizlik əməkdaşlıqlarını genişləndirməsi və Çinə qarşı iqtisadi tədbirlər görməsi təklif edilir. Emanuel məqaləsində prezident Co Bayden administrasiyasına müraciət etsə də, əslində mesajını ABŞ-ın növbəti prezidentinə ünvanlayıb.
Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.
Politoloqun fikrincə, Ram Emanuel Asiya qitəsində NATO-nun 5-ci maddəsinə uyğun bir müdafiə koalisiyasına ehtiyac olduğunu vurğulayır. Onun fikrincə, Asiyada bir ölkəyə hücum bütün müttəfiq dövlətlərə hücum anlamına gəlməlidir. Amerikalı diplomatın təklif etdiyi bu model kollektiv müdafiə mexanizminin reallaşmasını zəruri edir.
Şahinoğlu əlavə edir ki, Emanuelin təklifi hazırda vəzifəsindən ayrılmağa hazırlaşan Co Baydenə deyil, ABŞ-ın gələcək prezidentinə ünvanlanıb.
Maraqlıdır ki, bu məqalə Yaponiyanın yeni baş naziri Şiqeru İsibanın Asiyada NATO-ya bənzər kollektiv müdafiə sistemi yaratmaq təklifinin geniş müzakirə olunduğu vaxtda dərc olunub. Bununla belə, Vaşinqton bu cür bir ittifaqın formalaşmasını erkən hesab edir. Ram Emanuelin Çinə qarşı sərt mövqeyi ilə tanındığını da qeyd etmək lazımdır. O, keçmiş prezident Barak Obamanın aparat rəhbəri olub və hazırda ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində qələbə çaldığı təqdirdə ona Ağ Evdə vəzifə verilə biləcəyinə dair proqnozlar var.
Şahinoğlunun sözlərinə görə, ABŞ səfirinin məqaləsi həm Vaşinqtonda, həm də Tokioda geniş müzakirələrə səbəb olub.
Müzakirələrin getdiyi bir vaxtda Çinin ən yeni nüvə enerjili sualtı qayığının batması faktı da diqqət mərkəzinə düşüb:
“Çin Hind-Sakit Okean hövzəsində böyük bir donanma yaratmağa çalışır. Lakin son hadisə Pekinin bu istiqamətdəki hədəflərinə ciddi zərbə vurub. “Associated Press” və “The Wall Street Journal”ın məlumatlarına görə, sualtı qayıq tikilməkdə olan estakadanın yanında batıb. Çin bu faktı etiraf etməsə də, ABŞ rəsmiləri bunu təsdiqləyib. Lakin sualtı qayığın nüvə yanacağı daşıyıb-daşımadığı hələ məlum deyil.”
Çin lideri Si Cinpin ABŞ-ın bu bölgədə üstünlüyünə son qoymaq məqsədilə hərbi-dəniz qüvvələrinə böyük tapşırıqlar verib.
Lakin sualtı qayığın batması Çinin texnoloji çətinliklərini bir daha üzə çıxardı və bu hadisə Çinin Hind-Sakit Okeanda ABŞ-a rəqib ola biləcək bir donanma qurma prosesini ləngidə bilər.
Xalidə Gəray,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ