Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Almaniyaya səfəri və burada keçirdiyi yüksək səviyyəli görüşlər, tədbirlər Azərbaycan-Almaniya münasibətlərinin inkişafına öz töhfəsini verir. Məhz Almaniyanın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşü keçirilmiş və sülh sazişinin şərtləri barədə geniş müzakirə aparılıb. Təbii ki, bu gün ölkəmiz tərəfindən irəli sürülmüş 5 prinsip əsasında sülh sazişinin imzalanması üçün heç bir maneə yoxdur.
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib.
O xatırladıb ki, ölkələrimiz sülh sazişinin imzalanmasına yaxındılar, məhz sərhədlərin müəyyən olunması məqsədilə yaradılmış birgə komissiya tərəfindən həyata keçirilən delimitasiya və demarkasiya işlərinə start verilib:
"Artıq Qazax rayonunun dörd kəndi Ermənistan tərəfindən boşaldılıb və ölkəmizə dinc şəraitdə təhvil verilib, ümid edirik ki, bütün bu addımlar sülh sazişinin imzalanması ilə yekunlaşacaqdır. Uzun illərdən sonra regiona sülh gələcək, sabitlik bərqərar olunacaqdır.
Təəssüf ki, münasibətlərin normallaşmağa başladığı bir dövrdə Fransa hər vəchlə artıq tarixdə qalmış Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmağa cəhd göstərir, Ermənistanı silahla təmin etməklə, yeni müharibəyə sövq edir. Öz daxilində olan xaosdan yaxa qurtarmaq məqsədilə ölkəmizə qarşı sistemli qarayaxma kompaniyası aparır, yürütdüyü antiazərbaycan siyasəti ilə regionda sülhün bərqərar olunmasına, sabitliyə ziyan verməyə cəhd edir.
Məhz elə bu xüsusatların fonunda ölkəmizdə mediada məhdudiyyətlərin olması barədə dezinformasiyalar məqsədyönlü olaraq yayılır. Avantüristlərin apardığı antiazərbaycan siyasətinin tərkib hissəsi olaraq media ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması böhtandan başqa bir şey deyil. Təbii ki, bu prosesin əsas aparıcı qüvvəsi isə xarici ölkələrdə olan və yerli mediadan öz məqsədləri naminə istifadə etməyə cəhd edən qüvvələrdir.
Yerli hüquq-mühafizə orqanları xaricdən gələn bu təsirlərə qarşı fəal mübarizə aparmalıdır, azadlıq heç bir zaman xaosa gətirib çıxartmamalıdır. Mediası kimlərinsə əlində ölkəmizə qarşı təsir edici alətə çevrilməməlidir. Neqativ təhdidlərin qorunması fonunda baş verən cinayətlərin araşdırılması və cinayətkarların cəzalandırılması dövlətlərin legitim hüququdur. Bu hüquq heç bir halda məhdudlaşmır və fərqli formatda təfsir edilmir.
Bu gün ölkəmiz həm həyata keçirdiyi layihələr, həm də mövqeyinə görə dünyada vacib rol oynayır. Məhz 29-cusu Bakıda keçiriləcək COP ölkəmizin vacibliyini, həm də mühüm tədbirlərə evsahibliyi etməsindəki müstəsna təcrübəsini bir daha ön plana çəkir. Ölkəmiz neft və təbii qazdan səmərəli istifadə ilə yanaşı ekeoloji ətraf mühitin qorunması, təbiətin mühafizə olunmasına xüsusi dəstək verir. Məhz bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub ki, bu il çərcivəsində ekoloji layihələr həyata keçirilir. Eləcə də, dünyanın diqqətini ətraf-mühitin mühafizəsinə cəlb edilir.
Azərbaycan neft və təbii qaz kimi təbii sərvətlərlə zəngin olmasına baxmayaraq, bu sərvətlərdən məhz məqsədyönlü layihələrin həyata keçirilməsi üçün istifadə edir. Neft kapitalının insan kapitalı ilə əvəzləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən müxtəlif təyinatlı proqramlar qəbul olunub ki, bu proqramların əsas hissəsi gənclərin dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil almalarına fokuslanıb.
Eləcə də, işsizliyin aşağı endirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımların davamı olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpa olunması kimi meqa layihə son sürətilə davam edir. Məhz müharibənin üstündən 4 ildən də az vaxt keçməsinə baxmayaraq, bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti və quruculuq işləri həyata keçirilir. Nəticədə məcburi köçkünlər 30 ildən sonra işğaldan azad olunmuş ərazilərə geri qayıdır, bu torpaqlara nəfəs gəlir. Bu günə qədər qayıtmış məcburi köçkünlərin sayı 6 min nəfərdən artıqdır, ilin sonuna qədər daha 20 min nəfər məcburi köçkünün geri qayıtması planlaşdırılır".
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ