İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş müharibəsinin qabaqcadan hiss edilməsi

Yaxud qaynadılmış lobya ilə yumşaq kompozisiya

12-ci imam, “Şaurma” restoranının müdiri Aqil müəllimə 40 nəfəri aldatdığı üçün 12 il 6 ay həbs cəzası verilmişdi. Nəticədə çox mistik haqq-hesab yaranırdı: 12, 40, 6 rəqəmləri işin mahiyyətinə uyğun gəlirdi. 

Lakin imam apelyasiya şikayəti verdi, təzəlikcə məhkəmə onun cəzasını 3 ay azaltmışdır. İndi 12 il 3 ay edir. Bu da harfdan baxsan dini əhvalatdır. Ardıcıl düzəndə sanki “Bir, iki, üç” deyirsən. Şübhəsiz, burfda hikmət vardır. Yaxşı olar Ali Məhkəmə də 3 ay azaltsın, 12-yə 12 olsun. 

Dünən mən ekranda Məşhəddə İran prezidentini basdırmağa gedən adamların katafalk arabasına dəsmal, yaylıq və sairə atdığına baxdım. Maşın getdikcə kütlə yaylıqları atırdı, maşının üstündəki adamlar isə həmin parçaları prezidentin tabutuna sürtüb təzədən camaata tullayırdı. Yəqin o parçalar müqəddəsləşibdir, bir azdan onları tikə-tikə doğrayıb xalqa verəcəklər. Qaynadıb suyunu içənlər şəfa tapacaqdır. İrandan həmişə bizə belə postmodern müalicə üsulları gəlmişdir. Qədimdə sərhəd açıq olanda seyidlər gətirərdi. Bəzən ölülərimizi dirildərdilər. Allah Şura hökumətinə qənim olsun, necə ki, oldu. Aramıza sərhəd çəkmişdilər, o cür nemətlərdən 70 il məhrum olmuşduq. Yenə şükür, bir ara xeyli adam İrana gedib burnunu düzəltdirdi. 

Mövzudan uzaqlaşmayaq. Əgər fikir verdinizsə, mən yazının girişində Aqil müəllimi necə var, elə də adlandırdım. Yoxsa bəziləri onu “özünü 12-ci imam kimi təqdim edən” deyə damğalayır. Haradan bilirsiniz ki, imam deyil? Bunu heç kim əminliklə deyə bilməz. Bunlar hamısı əsrar aləmidir. Vaxtilə bütün imamları da elə sizin kimilər öldürmüşdü. Peyğəmbəri qəbul etmirdilər. Bəzilərini hətta çarmıxa çəkiblər. İndi başına and içirlər. 

Burada bir haşiyə də çıxım ki, dövlət rəhbərliyi qızışmaqda olan “qadın və kişilər arasında birinci vətən müharibəmizə” hansısa münasibət bildirməlidir. Atəşkəs imzalanmalıdır. Yoxsa bu gedişlə qan su yerinə axacaq. Mənim mövqeyim oxucuları maraqlandırırsa, indidən bəyan edirəm: mən qadınlar tərəfdən döyüşəcəyəm. Bu, öz cinsimə qarşı satqınlıq, xəyanət deyil. Sadəcə, maraqlarım belə tələb edir. Mənə qadınlar maraqlıdır. Mən qadınları sevirəm. Hansı kişiyə kişilər maraqlıdırsa, buyursun, onların tərəfində döyüşsün. 

Ümumiyyətlə, buna əmin ola bilərsiniz, hansı kişi qadın düşmənidirsə, qadınları aşağılayırsa, onun qadınlarla problemi var. Həm cinsi pozğunluq yaşayır, həm sosial. Elm əsasında yazıram. Qadına pis gözlə baxan, qadını hər hansı səbəbdən (istər tarixi, istər dini) aşağılayan, alçaldan kişi ya impotentdir, ya da ictimai impotentdir. Bunun başqa adı yoxdur. 

Lakin mümkündür ki, bizdə vətəndaş savaşının başqa növləri də yaransın. Məsələn, müəllimlər və valideynlər arasında qırğın düşmək ehtimalı vardır. Hər gün bu sferadan əcaib xəbərlər gəlir. Hətta bugünlərdə bir xəbər gördüm, çaşıb belə oxudum: “Direktor dərs vaxtı şagirdin başını kəsdi”. Gözüm kəlləmə çıxdı, təkrar baxdım, sən demə, “saçını kəsdi” yazılıbmış. 

Vəziyyət o qədər gərginləşib ki, artıq müəllimlərə ərazidə siqaret çəkmək, diskoteka açmaq, rok oxutmaq qadağan edildi. Məncə, bu kimi hallar xalqda təhsilə, məktəbə marağı azaldacaqdır. Ta orada nə edəcəklər? Siqaret çəkmə, rəqs eləmə, meyxana demə, uşağın saçını qırxma, gözünü çıxartma, ağzını cırma, qulağını dartma... Belə, darıxdırıcı yer... 

Bizim vaxtımızda müəllim uşağa siqaret aldırırdı, Allah Qorbaçovun evini yıxsın. Şagirdləri də odunla döyürdülər. Saç yolmaq adi hal idi. 

Eh, deyirəm, keçən günləri qaytarsaydılar, gələn günləri qurban verərdik...  

P.S. Yazının başlığı və alt başlığı Salvador Dalinin ünlü rəsminin adıdır, hər hansı hoqqabazlıq deyildir. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR