İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH

Vətənin hər qarış torpağını qorumaq müqəddəs borcumuzdur. Bu yolda canlarını qurban verib şəhidlik zirvəsinə ucalanlar həyat durduqca yaşayacaqlar. Eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımızın zəhməti heç vaxt unudulmur. Azərbaycanda mübariz, mərd oğul və qızlarımızın şücaəti daim yüksək qiymətləndirilir, onların xatirələri əbədiləşdirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, böyük ehtiramla yad edilir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi də şəhidlərimizə olan sonsuz ehtiramın təsdiqidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətəndaşların birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən təcavüzündən, rəsmi İrəvanın düşmənçilik siyasəti aparmasından ərazilərimizin 20 faizinin 30 il işğal altında saxlamasından və bu müddət ərzində tarixi mədəni abidələrimizi yerlə-yeksan etməsindən, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən- dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdlərindən, kəndlərimizin, şəhərlərimizin dağılması, onminlərə günahsız insanın ölümü, yüzminlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınmasından söhbət açıb. Bildirib ki, ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

Hüquq müdafiəçisi daha sonra qeyd edib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, infrastrukturu tamamilə məhv etmişdir. Tanınmış hüquqşünas dünyada baş alıb gedən “ikili standartlar” siyasətindən söhbət açaraq deyib ki, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır: “Hətta Birləşmiş Millətlər Təşkilatı işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir”.

Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan öz ərazisinin əbədi işğal altında qalması ilə heç cür barışa bilməzdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə getdikcə güclənən Azərbaycan Ordusu ərazilərimizin işğaldan azad etməsinə tam hazır idi. Ancaq Azərbaycan tərəfi buna sülh yolu ilə nail olmaq istəyirdi. Ermənistan istə xarici havadarlarına arxalanaraq təcavüzkar siyasətini getdikcə artırırdı. Bütün bunlar münaqişəni daha da alovlandırırdı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, ölkəmizə qarşı təxribatları davam etdirmiş və 2020-ci il sentyabrın 27- də bütün cəbhə boyu ağır artilleriya silahlarından atəş açmışdır.

Ç.Qənizadə müzəffər Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini diqqətə çatdıraraq deyib ki, işğalçı Ermənistan ordusu cəmi 44 gün davam gətirə bildi: “Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu, Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi. Bu yolda 3 mindən çox şəhid verdik. Ancaq qürur duyuruq ki, şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı. Azərbaycan əraziləri işğaldan azad edildi. Lakin Qarabağda hələ də Ermənistana məxsus qeyri-qanuni silahlı birləşmələr təxribatlar törətməkdə, xüsusilə, mina basdırma əməliyyatı ilə hərbçilərimizi və mülki əhalini qətlə yetirdilər. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. 2023-cü il sentyabrın 19-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri cəmi bir sutka davam etdi. Erməni separatizmi, qeyri-qanuni silahlı birləşmələri təslim oldular və Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında canlarını qurban verənlərin bizim qəlbimizdə əbədi yaşayacaqlarını vurğulayaraq deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR