İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeznələrin həyatını təhlükəyə atan xəbər...

 

Qədrini bilmirik, namxuda, maşallah, ölkəmiz dünyanın ən maraqlı, qaqaşlar demişkən, ləzətdi ölkələrindəndir.

Başqa bir şey lazım deyil, eləcə, 3-4 milli saytı açın qoyun qabağınıza, hər yarım saatdan bir yeniləyin, oxuyun, feyzyab olun. Hər şey var – kriminal oçerklərdən dərin təhlillərə, ucuz şou-biznez söhbətlərindən dayaz açıqlamalara qədər hər şey.

Qandondurucu, ətürpədici, tükbiz-bizedici xəbərlərlə məzəli informasiyaları yan-yana görə bilərsən.

Məsələn, dünən saytlarda belə bir xəbər vardı: “Arvadını döyərək dalağını partladan şəxs azadlığa buraxıldı – Barışıblar”. Şükür ki, barışıblar. Amma gərək əvvəldən dalaşmayaydılar. Ailə sevgi üzərində bərqərar olmalıdır. Əvvəllər deyərdilər ki, heç kəs iki sevən qəlbin işinə qarışmamalıdır, çünki bu, ürək-könül məsələsidir. İndi məlum olur ki, söhbətə öfkə, dalaq, qol, boyun da daxil olub.

Ona görə ki, “ər-arvadın savaşı – yay gününün yağışı” silsiləsindən olan növbəti xəbər belədir: “Qadın boşanmaq üzrə olduğu həyat yoldaşına hücum etdi - Qolunu dişləyib, boynunu bıçaqladı”. Belə olur, qol-boyun olmaq mərhələsi bitəndən sonra qol dişlənir, boyun da artıq qucaqlanmır, bıçaqlanır. Yenə yaxşı qurtarıblar, adamın dalağı sancır ki, bu gərginik çox davam etməyəcək, axırda barışacaqlar.

“Zaurla Balaəli arasında gərginlik - Aparıcı pərt oldu: "Sənin fısını alacam" + VİDEO” başlıqlı xəbər isə aparıcının fanatlarını (əgər varsa) və meyxana xiridarlarını (bunlar dəqiq var) çox da narahat etməməlidir. Videoya baxanda aydın olur ki, Balaəli efirə gecikib və buna görə Z.Kamal özünü təxminən nazirləri kabinet iclasına gecikən kansler Olaf Şolts kimi aparıb. Ona görə də onlar 5-6 dəqiqə mırtlaşa-mırtlaşa “razborka” aparıb, sonra anlaşıblar. Biri o birini maşına mindirib Lökbatan tərəfə aparsaydı, pis olardı.

Belə bir xəbər də vardı: “Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü - Cəzadan azad edildi”. Bu yanlış anlaşıla, yeznədən acıqlı olan bəzi qayınlar üçün ideya, eləcə də presedent rolu oynaya bilər. Mütləq xəbərin içinə, təfərrüata baxmaq lazımdır. Məsələ ondadır ki, yeznəni öldürən qayın, müasir dildə desək, ruhi sağlamlıq baxımından rahat deyil, onu ona görə cəzadan azad ediblər. Yoxsa heç kəs güman etməsin ki, bacını incidən yeznələrin qanı halaldır, vurursan, məhkəmə zalından azadlığa buraxırlar. Elə şey yoxdur.

“1 milyon mənimsəyən Raqif Abbasov niyə azadlıqdadır - Ziyanı ödəyib?” xəbərini uzun şərh etməyə ehtiyac yoxdur. Tire işarəsindən sonrakı sualın cavabı cümlənin ilk üç sözündə var: “Bir milyon mənimsəyən...” Adam ona görə azadlıqdadır ki, əlbəttə, ödəyib. Ödəməsə, adamı azad buraxarlarmı? Amma ta kimə ödəyib, necə və neçə ödəyib, bunu çox açıb-bükməyin lüzumu yoxdur.

“Xalq artistimiz evində fala baxırmış... - qapısında növbə olub” başlıqlı xəbərdə məşhur müğənnimiz Aygün Kazımovanın adını oxuyanda, doğrusu, təəccübləndim. Əgər o, bu sənətə davam etsəydi, söz yox ki, yenə məşhur olar, hətta Zirəddini kölgədə qoyardı, amma estradamız onu itirərdi. Düzdür, yeri boş qalmayacaqdı, amma “Qoy işığı söndürüm”ü kim oxuyacaqdı? Etiraf edək ki, heç kəs işığı Aygün xanım kimi yandırıb-söndürə bilməz. 35 ildən çoxdur sənətdədir, baxırsan, elə bilirsən, uzağı, 34 yaşı var. Maşallah, maşallah.

Gəldik çıxdıq ət məsələsinə. Belə yazırlar: “Bazarda 11 manata ət satılır - Ukraynadan Bakıya necə gəlib çıxıb? – AÇIQLAMA”. İnsanlarda şübhə var ki, o ət salamat ət deyil. Ucuz olduğuna görə elə düşünürlər. Hesab edirlər ki, şorbası olmaz. Şorbası olmaz, lüləkababı olar. Lap tutaq ki, Ukraynadan gələn o ət “Oreşnik” bombardmanı zamanı tələf olan heyvanların ətidir. Nə olacaq ki? Qanı axıbsa, artıq halaldır. Ov əti kimi şeydir. Hesab edək ki, dağ keçisini güllə ilə vurublar, qanı axıb, çatıb kəsiblər.

Ancaq belə xəbərlər də var ki, ətin halallığı (yəni istifadəyə yararlılığı) işinə baxan Qida Təhlükəsizliyi İnstititu 448.5 min manata 4 ədəd "Leksus" markalı lüks xidməti maşın alıb. Biri 110 min manatdan baha düşür. Bax, bu oxucu və alıcılarda çaşqınlıq yarada bilər. Çünki ət söhbətində ölkəcə məşhur olan “Leş Tofiq” belə özünə bu bahalıqda maşın almayıb. Məmurlar özlərinə 110 minlik “Leksus” alırlarsa, Tofiq “Maybax” almalıdır. Çünki bəyin dövriyyəsi illərlə ət işinə baxan bütün idarələrin dövriyyəsindən üstün oub.

Bəli, ölkəmiz belədir: çox maraqlıdır. Burada heç kim darıxmır. Norveçin tayı deyil ki, ağaca çıxıb düşə bilməyən pişiyin sağ-salamat endirilməsi hadisə olsun. Burada hər gün kiminsə pişiyini ağaca dırmaşdırırlar, heç düşməyə də qoymurlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR