Onlayn ictimai-siyasi qəzet
Erməni baş nazir Nyu-Yorkda işgüzar səfərdə belə vərdişindən qalmadı; ABŞ onu necə mühafizə edir?
Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped sürmək hobbisini az qala artıq bütün dünya bilir. Nikol Vovayeviç ötən həftə Nyu-Yorka işgüzar səfərdə olarkən belə vərdişindən qalmadı. ABŞ-ın ən böyük şəhərində ikitəkərlidə küçələrdə şütüdü. Bəs təhlükəsizlik? Axı o, sıradan biri deyil.
Təkcə elə Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivi onu artıq indidən bu müqavilənin əleyhinə olan radikal çevrələrin hədəfinə çevirib. Ümumiyyətlə, ölkə rəhbərlərinin ən çətin qorunduğu situasiyalar hansıdır? Əhali arasında olanda, gəzintiyə çıxanda, ova gedəndə, yoxsa Nikol Paşinyan kimi velosiped sürəndə? Konkret olaraq, Paşinyan velosiped sürərkən nə dərəcədə sui-qəsdçilərin hədəfi ola bilər? ABŞ onu necə mühafizə edir?
Son illərdə Paşinyanın şəxsi mühafizəsi gücləndirilib. Xüsusən də İrəvanda keçirilən aksiyalar bu addımı atmağa vadar edib. Baş nazir indi gah Göycə gölünün ətrafında, şəhər şəhərin mərkəzi yerlərindən birindəki kafelərdə görünür, gah velosiped sürür. Bununla Nikol həm arxayınlığını nümayiş etdirir, həm guya demokrat olduğu təsəvvürü yaradır. Nyu-Yorkda da oxşar yürüşünə gəlincə, onu hakimiyyətə gətirən amerikalıların hər halda, yaxşı mühafizə təşkil etdiklərinə də əmindir. Nikol inanır ki, BMT kimi mühüm bir strukturun sessiyası keçirilən şəhərdə yüzlərlə hökumət rəhbərləri var və onların hər birinin təhlükəsizliyi Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yüksək səviyyədə təmin olunub.
Yeri gəlmişkən, Paşinyanın hər veloyürüşünün qiyməti 12,5 milyon dramdır (32 min dollardan çox). Bu barədə Politik.am yazır. Paşinyan hər dəfə sakitcə velosiped sürəndə bir neçə yüz polis əməkdaşı pərdə arxasında qalır və müxtəlif küçələri bağlayır, bir neçə yüz mühafizə xidmətinin əməkdaşı “Vətəndaş sazişi” partiyasının rəhbərini görünən və görünməyən müşayiət və mühafizə ilə təmin edir. Onları bir neçə təcili yardım briqadası müşayiət edir. Yüzlərlə polis və mühafizə xidməti əməkdaşının iş vaxtından artıq işləməsi dövlət hesabına ödənilir, onlar dövlət hesabına əlavə yeməklə təmin olunur, Paşinyanla velosiped sürməyə çıxan onlarla hakim partiya nümayəndəsi da həvəsləndirilir, onların yemək məsələsi də həll olunur. Eyni zamanda hər kəs əvvəlcədən velosiped və onu sürmək üçün lazım olan aksesuarları alır. Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan hara getsə, velosiped sürür və klip hazırladaraq, onu yayır. Bundan qabaq velosiped klipi Berlində çəkilmişdi.
Ramil Məmmədli
Hərbi analitik Ramil Məmmədli təkcə Paşinyanın deyil, bütün rəsmi qonaqların təhlükəsizliyinin təmin olunduğunu bildirir. Onun sözlərinə görə, Nikol velosiped sürəndə ətrafında xüsusi xidmət orqanlarının müşayiəti şübhə doğurmur: “Eyni zamanda havadan qorunması və müşayiəti də təşkil olunmamış deyil. Ümumiyyətlə, siyasi liderlərin mühafizəsi elə qorunur ki, biz görə bilmirik. Hətta onun yanından mülki formada keçən bir adamı sıradan Nyu-York sakini kimi qəbul edə bilərik, amma təhlükəsizlik xidmətininin əməkdaşı olması istisna deyil. Bu mənada Paşinyan əvvəlcədən razılaşdırır, qorunması təşkil olunur, sonra velosiped sürür. İndi onun güvəndiyi yerin başında ABŞ gəlir. Hər halda, Nikol Moskvada, yaxud gələn ay Kazanda velosiped sürməz”.
Hərbi ekspertin sözlərinə görə, Paşinyana sui-qəsd istənilən an mümkündür, bunun üçün Nyu-Yorkun seçilməsi vacib deyil: “Elə İrəvanda da onu aradan götürə bilərlər. Biz Tehranda inaqurasiyadan sonra Haniyənin öldürülməsi ilə şahid olduq ki, sui-qəsd təşkili hər zaman ola bilər. Bundan heç kəs sığortalanmayıb. Sadəcə, Paşinyanın öldürülməsi kimə lazımdır? Əgər Rusiya nəzərdə tutulursa, tərəflər arasındakı söz dueli bəzən səmimi görünmür, məncə, Moskva onun iqtisadi siyasətindən razıdır. Eyni zamanda Paşinyan bir projedir və onun üzərindən prosesin davam etdirilməsi planı var. Ona görə də mühafizəsi yüksək səviyyədə təşkil olunur. Ona sui-qəsd olarsa, ABŞ adına da rüsvayçılıq sayılacaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ