İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil gizli məlumatları qanunsuz ələ keçirməkdə suçlandı – Şikayət  

 

Azərbaycan vətəndaşı Oqtay oğlu Əli Bahadur konfedensial məlumatlarının qanunsuz və əsassız şəkildə əldə edilməsi, həmin məlumatlardan qanunsuz olaraq istifadə olunmasından şikayətçidir. O, baş verən qanunsuzluqlarla bağlı tədbir görülməsini istəyir.

Surəti “Yeni Müsavat” redaksiyasına göndərilən məktubda vətəndaş 2 hakimin də bu qanunsuzluqlara qol qoyduqlarını, bu səbəbdən onlar barəsində tədbir görülməsi üçün Məhkəmə Hüquq Şurasına müraciət etdiyini də vurğulayır:

“Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 01.06.2014-cü il tarixli hökmü ilə xuliqanlıq cinayətini törətdiyi üçün məhkum edilmiş Tamara Həmidova (qardaşı Cəlal Həmidovun qəyyumu) və vəkili İlqar Abbasov əlbir olaraq qanunsuz olduğunu bilə-bilə mənə məxsus daşınmaz əmlakı ələ keçirmək məqsədilə vicdansızcasına iddialarla məhkəmələrə müraciət edirlər. Belə ki, mənə məxsus daşınmaz əmlaka heç bir aidiyyəti olmadıqlarını bildikləri halda vəkil İlqar Abbasov qanunvericiliklə ona verilmiş hüquqlardan sui-istifadə edərək mənə məxsus daşınmaz əmlaka dair vergi sirrini təşkil edən konfidensial məlumatların verilməsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tələb edib. Lakin həmin dövlət orqanı haqlı olaraq məlumatları təqdim etməkdən imtina edib. Bununla kifayətlənməyən İlqar Abbasov imtinadan Bakı İnzibati Məhkəməsinə müraciət edib və həmin konfidensial məlumatların ona təqdim edilməsini məhkəməyə qaydasında tələb edib.

Bizə məlum olmayan səbəblərdən həmin iş vəkil İlqar Abbasovla vaxtilə 13 saylı Vəkil Bürosunda birlikdə işləmiş hakim Orxan Həsənovun “icraatına verilib”. Məhz İlqar Abbasovla Orxan Həsənovun yaxın münasibətləri səbəbindən Orxan Həsənov İlqar Abbasovun mənə məxsus əmlaka dair konfidensial məlumatları əldə etmək üçün subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmadan və iş üzrə yekun məhkəmə qərarı çıxarmadan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə sorğusu verərək mülkiyyətimdə olan daşınmaz əmlakla bağlı İlqar Abbasovun əldə etmək istədiyi bütün konfidensial məlumatları əldə edərək İlqar Abbasova təqdim edib.

Sonradan Bakı Apelyasiya Məhkəməsi 20 aprel 2023-cü il tarixli, 2-1(112)-7481/2022 saylı qərardadı ilə İlqar Abbasovun tələb etdiyi məlumatların vergi sirrini təşkil edən konfidensial məlumatlar olması və İlqar Abbasovun bu məlumatları tələb etməkdə subyektiv hüququnun olmadığı qənaətinə gəlib”.

Vətəndaş şikayətində daha sonra yazır ki, İlqar Abbasov onun mülkiyyətində olan daşınmaz əmlakla bağlı sənədləri qanunsuz yolla əldə etdikdən sonra məkrli niyyətlə həmin əmlaka dair reyestr qeydinin ləğv edilməsi və başqa tələblərə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib: “Maraqlıdır ki, bu iş də əvvəllər İlqar Abbasovla birlikdə vəkillik fəaliyyəti ilə məşğul olmuş hakim Ülkər Yusifovanın “icraatına verilib”. Məhz keçmiş kolleqasına yardım etmək məqsədilə Ülkər Yusifova bu iş üzrə iddianın irəli sürülməsi üçün subyektiv hüququnun olub-olmamasını araşdırmadan, İlqar Abbasovun qanunsuz iddiasını rədd etmək əvəzinə tamamilə absurd əsasla iddianın icraatını dayandırıb. Vəkil İlqar Abbasov qanunvericiliklə ona verilmiş hüquqlardan növbəti dəfə sui-istifadə edərək mənə məxsus daşınmaz əmlaka dair reyestr məlumatlarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edib. Lakin həmin dövlət orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi əsasıyla imtina cavabı verib. İlqar Abbasov həmin imtinadan Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva iddianın icraata götürülməsi barədə Sərəncam imzaladığı tarixdə, yəni 26.04.2023-cü ildə iddianı irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını araşdırmadan bizə məlum olmayan səbəblərdən İlqar Abbasovun xeyrinə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu verərək iddia tələbində qeyd edilmiş məlumatların məhkəməyə təqdim edilməsini həmin inzibati orqandan tələb edib. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin tələbini icra edərək 08.06.2023-cü il tarixində məhkəmənin tələb etdiyi mənə məxsus daşınmaz əmlakla bağlı məlumatları və 21 səhifədən ibarət sənədləri məhkəməyə təqdim edib. Hakim Mehriban Qarayaeva növbəti dəfə qanunun tələbini pozaraq yekun məhkəmə qərarı çıxarmadan həmin sənədlər və məlumatları İlqar Abbasova təqdim edib.

İlqar Abbasov daşınmaz əmlakımla bağlı məlumatları əldə etdikdən sonra məhkəməyə ərizə verərək iddiasına baxılması üçün zərurətin aradan qaldırılması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edib. Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva törətdiyi qanunsuzluqları ört-basdır etmək məqsədilə 20.06.2023-cü il tarixli, e-2-1(112)-9179/2023 saylı qərardadı ilə ərizəni təmin edərək sənədləri İlqar Abbasova geri qaytarıb. Mənə məxsus daşınmaz əmlakla bağlı sənədləri qanunsuz yolla əldə edən İlqar Abbasov növbəti dəfə vəkil statusundan sui-istifadə edərək mənə məxsus daşınmaz əmlaka dair reyestr qeydinin etibarsız hesab edilməsi və başqa tələblərlə vicdansızcasına iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib@.

Şikayətçi ardınca qeyd edir ki, İlqar Abbasov xuliqan Tamara Həmidovanın məkrli niyyətini həyata keçirməsi üçün istənilən qanunsuzluqlara əl atır: “Hətta bunun üçün müxtəlif hakimlərlə olan əlaqələrindən də istifadə etməkdən və onları bu qanunsuzluqlara cəlb etməkdən çəkinmir. Biz Bakı İnzibati Məhkəməsinin hakimləri Orxan Həsənovun və Mehriban Qarayevanın qanunsuz hərəkətləri barədə də Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına şikayətlər etmişik. Hesab edirik ki, İlqar Abbasovun bu qanunsuz əməlləri vəkil adına ləkə gətirməklə yanaşı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və bütövlükdə məhkəmə sisteminin nüfuzuna xələl gətirir”.

Vətəndaş VK sədri Anar Bağırova müraciət etməklə İlqar Hüseyn oğlu Abbasovun barəsində müvafiq tədbirlər görülməsini xahiş edib.

P.S Yazıda adı keçən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR