Onlayn ictimai-siyasi qəzet
“Yaponiya müdafiə qabiliyyətini gücləndirməyə çalışır. Vaşinqton buna etiraz etmir, əksinə bölgədə Çinin artan hərbi gücü qarşılığında Yaponiyanın büdcəsində hərbi xərclərin artırılmasına tərəfdarıdır”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, bu, ABŞ-ın Yaponiyanın təhlükəsizliyi üçün xərclərini azaldacaq:
“Halbuki İkinci Dünya müharibəsində ABŞ-a məğlub olan Yaponiyaya hərbi xərclərini artırmaq qadağan edilmişdi. Ancaq beynəlxalq aləmdə dəyişən şərtlər Yaponiyanın hərbi xərclərini artırmağı və Vaşinqtonun buna dəstəyini diqtə edir.
Yaponiyanın müdafiə naziri Gen Nakatani Tayvan boğazı ətrafında artan gərginlik fonunda dəniz logistikasına yönəlmiş yeni yaradılmış birlik vasitəsilə uzaq cənub adaları üçün Özünümüdafiə Qüvvələrinin nəqliyyat imkanlarını artırmaq öhdəliyini ifadə edib. Nakatani, martın 24-də Dəniz Nəqliyyatı Qrupunun yaradılmasına həsr olunmuş Xirosima prefekturasının Kure şəhərində keçirilən mərasimdə bu birliyin qoşunların daha sürətli və daha təhlükəsiz yerləşdirilməsini asanlaşdıracağını vurğulayıb. Yaponiyanın müdafiə nazirinin birbaşa nəzarəti altında fəaliyyət göstərən qrup, təxminən 100 nəfərdən ibarətdir. Yaponiya müdafiə qüvvələri üçün 2028-ci ilin mart ayına qədər ikisi artıq tikilmiş 10 nəqliyyat gəmisi almağı hədəfləyir.
Yaponiyanın müdafiə xərclərini artırması və yeni hərbi qüvvələri formalaşdırmağa başlaması Çinin Tayvana hərbi təzyiqini artırdığı dövrə təsadüf edib. Tokionun başqa narahatlığı Şərqi Çin dənizindəki Senkaku adalarıyla bağlıdır. Çinin hərbi gəmiləri bu adalara yaxınlığında üzürlər. Çin həmin adaları özününkü hesab edir. Bu da Yaponiya ilə münasibətlərdə əlavə gərginlik mənbəyi yaradır. Yaponiyada hesab edirlər ki, Çin Tayvanı ələ keçirdikdən sonra Senkaku adalarını da ələ keçirmək istəyəcək. Bu isə Yaponiya-Çin müharibəsiylə nəticələnəcək”.
Xalidə Gəray,
“Yeni Müsavat”
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ