İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton sənədinin parlamentdə ratifikasiyası təklifi

Hüquqşünas liderlərin imzaladığı sənədin qanunverici orqanda təsdiq olunacağını anons etdi

Avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan-ABŞ görüşü və əldə olunan razılaşmalar region üçün tamamilə yeni bir mərhələnin başlanğıcıdır.

Strateji tərəfdaşlıq xartiyası istiqamətində atılan addımlar, sülh sazişinin paraflanması və Zəngəzur dəhlizi (Tramp yolu) üzrə razılıqlar Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qalxması üçün real zəmin yaradır. Məsələ ondadır ki, 2020-ci ildən sonra formalaşan geosiyasi reallıq Azərbaycanın əlini gücləndirib. Azərbaycan qalib dövlət kimi təkcə hərbi üstünlüyünü deyil, diplomatik çəkisini də artırıb.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə necə adlanmasından asılı olmayaraq, beynəlxalq müqavilədir, həm də dövlətlərarası müqavilə olduğu üçün onun parlamentdə ratifikasiya olunması məsələsi gündəmə gəlir. Çünki bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarından və müharibə etməyəcəklərinə dair üzərlərinə öhdəlik götürdüklərindən, bu sənəd məzmununa görə ilkin sülh sazişidir.

“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, "Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.

 Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır.

Bu normanın mətnindən görünür ki, imzalanmış üçtərəfli bəyannamə necə adlanmasından (adından) asılı olmayaraq, beynəlxalq müqavilədir, həm də dövlətlərarası müqavilə olduğu üçün Milli Məclisdə ratifikasiya olunmalıdır".

Azərbaycanda Vahid İstintaq Komitəsi yaradılmalıdır - Qüdrət Həsənquliyev -  Globalinfo.az

 Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə belə deyib. Deputatın fikrincə, bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarından və müharibə etməyəcəklərinə dair üzərlərinə öhdəlik götürdüklərindən bu sənəd məzmununa görə ilkin sülh sazişidir: “44 günlük savaşa son qoyan Rusiya, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyannamə də dövlətlərarası müqavilə idi və həmin müqaviləyə görə (hətta ratifikasiya olunmadan) Rusiya sülhməramlıları Azərbaycana daxil olmuşdu. Vaşinqton bəyannaməsindən sonra yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasını dəyişməsini tələb etmək ölkəmizin maraqları baxımından artıq əvvəlki əhəmiyyətini itirib. Çünki bunun üçün Ermənistanda keçirilməli olan referendum onsuz da həmin ölkədə yaşanan siyasi gərginliyi bir az da artıracaq. Çevik xarici siyasət odur ki, şəraitin dəyişməsi ilə bəzi məsələlərə münasibət də dəyişir. Bu, proseslərə məntiqli və realist yanaşma olardı. Əlbəttə, yekun sülh sazişinin tezliklə imzalanması regiona sülhün gəlməsini istəməyən qüvvələri daha da qıcıqlandıracaq. Amma başqa yolumuz yoxdur, bizə ölkəmizin inkişafı və xarici investisiyalar üçün Ermənistanla sülh, Zəngəzur dəhlizinin (Tramp yolunun) açılması lazımdır. ABŞ öz öhdəliklərinə sadiq olacaqsa, sülhə ən böyük kənar təminat Ermənistan Konstitusiyası yox, ABŞ Prezidentinin imzasıdır... 

Bunun üçün Milli Məclisin növbədənkənar iclası çağırılmalı, Vaşinqton bəyannaməsi ratifikasiya olunmalı, yekun sülh sazişinin imzalanmasına konstitusiyaya uyğun olaraq parlament razılıq verməlidir". 

Bəs digər ekspertlər nə düşünür, Vaşinqton bəyannaməsinin parlamentlərdə ratifikasiya olunmasına ehtiyac varmı? Bununla bağlı nə gözlənilir?

Köhnə komanda”dan xilas davam edir - köklü islahatlar tələb edən sahələr

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a deyib ki, beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasına əsasən, dövlətlər arasında yazılı formada bağlanan və beynəlxalq hüquqla nizamlanan, bir və ya öz aralarında əlaqəli olan bir neçə sənəddən ibarət beynəlxalq razılaşmalar adından asılı olmadan beynəlxalq müqavilələr hesab olunur: “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanun ölkəmizin bağladığı beynəlxalq müqavilələri 2 növə ayırır: beynəlxalq dövlətlərarası müqavilələr və beynəlxalq hökumətlərarası müqavilələr. Beynəlxalq dövlətlərarası müqavilələr Azərbaycan Prezidenti və ya daxili prosedurlara uyğun olaraq onun xüsusi səlahiyyət verdiyi şəxs tərəfindən bağlana bilər və hökmən Milli Məclisdə təsdiq olunmalıdır.

Beynəlxalq dövlətlərarası müqavilələr müxtəlif adlarla bağlana bilər. Beynəlxalq təcrübədə belə müqavilələr konvensiya, pakt, müqavilə, saziş, xartiya, memorandum, protokol, bəyannamə, birgə bəyanat, notalar və ya məktublar mübadiləsi və s. Azərbaycan təcrübəsində bu adların demək olar ki, hamısından istifadə olunur.

Beynəlxalq təcrübədə konvensiya, pakt, müqavilə, saziş, xartiya adlı beynəlxalq müqavilələrin daxili strukturu və məzmununa dair bir sıra tələblər formalaşıb. Digər adla olan beynəlxalq müqavilələrdə bu şərtlərin hamısı olmasa da əsas məzmunu tərəflər arasında beynəlxalq hüquqla nizamlanan müəyyən razılaşmaların olmasını ehtiva etməlidir".

Q.Əlibəyli onu da qeyd edib ki, birgə bəyannamə beynəlxalq hüquqla nizamlanan bir sıra razılaşmaları nəzərdə tutur: “Beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi, bu məsələlərin yenidən təftiş mövzusu olmaması, indi və gələcəkdə hər hansı bir qisas cəhdinin qətiyyətlə rədd və istisna edilməsi, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılması və s. məsələlərə dair Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqla nizamlanan belə razılaşmalar sırasındadır.

Ona görə də Vaşinqton Bəyannaməsi Vyana Konvensiyasının və Azərbaycanın milli qanunvericiliyinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq dövlətlərarası müqaviləsi hesab oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq dövlətlərarası müqavilələrin Milli Məclisdə təsdiqini məcburi hesab edir. Baxmayaraq ki, bəyannamənin özündə onun parlamentlərdə ratifikasiyası nəzərdə tutulmayıb. Ümumiyyətlə, Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi bəyannamə və birgə bəyanat adında olan beynəlxalq müqavilələrin heç birində onun parlamentdə təsdiq olunmasının məcburiliyi nəzərdə tutulmayıb".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR