İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun ölkəni qarışdıran Bənəniyar hadisələrində rolu araşdırılır

Belə görünür ki, muxtar respublikanın keçmiş rəhbərliyinin iki nəfərin ölümü ilə nəticələnən hadisələrdə xüsusi marağı olub - reaksiyalar

Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasında bir çox hadisələrin üzərindən sirr pərdəsi götürülə bilər. Bu hadisələr sırasında 2009-cu ildə baş vermiş və təkcə ölkədə deyil, xaricdə də rezonans doğurmuş Bənəniyarda baş verənlər də var.   Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov mediaya bildirib ki, Bənəniyar hadisələri zamanı həyatını itirmiş Rza Nuriyevin ailəsini Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətov qəbul edib. Nazir həmin hadisədən zərərçəkmiş ailəyə bildirib ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülüb. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq.

Nazir deyib ki, hadisələrdə zərərçəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna, həmçinin Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər.

Öncə Bənəniyar hadisələrinə gətirib çıxaran səbəblərə qısa nəzər salaq. 2008-ci ildə Talıbov muxtar respublika ərazisindəki bütün çayxanaların, dükanların, kiçikli-böyüklü bütün ticarət mərkəzlərinin sökülməsinə qərar vermişdi. Əhaliyə məxsus ticarət obyektlərinin sökülməsində isə məqsəd Naxçıvandakı biznesi tam olaraq yerli hakim ailə Talıbovların nəzarətinə keçirmək idi. Qısa müddət ərzində bütün kənd, qəsəbə, rayon mərkəzlərindəki iaşə və ticarət obyektləri polisin müşayiəti ilə uçurularaq, yerlə bir edildi. Baş verənlərə demək olar ki, heç kim etiraz etmək gücündə deyildi. Lakin  Talıbovların  heç bir çərçivəyə sığmayan bu addımına Bənəniyar kəndi tabe olmaq istəmirdi. Kənd sakinləri dirəniş göstərərək, Bənəniyardakı obyektlərin sökülməsinə imkan vermirdi. Qanunsuzluğa boyun əyməməsi bu  kəndi Naxçıvandakı hakimiyyətin qəzəbinə tuş gətirmişdi. Elə buna görə də kənddən qisas almaq üçün məqam gözlənilirdi.

2008-ci ilin dekabr ayında Bənəniyarda Aşura mərasimləri keçirilərkən, polislə kənd sakinləri arasında qarşıdurma yaşandı. Bir neçə bənəniyarlının həbs edilməsi kənd sakinlərini qəzəbləndirdi. Bu səbəbdən kənddə fasiləsiz aksiyalar başladı. Bundan istifadə edən yerli hakimiyyət yanvarın 5-də kəndə qoşun yeritdi və nəticədə Talıbovların haqsız qərarlarına boyun əyməyən sakinlər cəzalandırıldı, hadisə baş verən günün səhəri kənddəki bütün obyektlər, çayxanalar, kompüter evləri və dükanlar ağır texnikalarla sökülüb, yerlə bir edildi. Həmin gün 100-ə yaxın kənd sakini kütləvi şəkildə saxlanılaraq, Böyükdüz təcridxanasına aparılıb. Saxlanılanlara isə yerli hakimiyyətin sifarişi ilə işgəncə verib. Talıbov hakimiyyəti Azərbaycan tarixinə yazılacaq utancverici, dəhşətli işgəncələrlə yadda qalan bir hadisəyə imza atıb. Hadisə nəticəsində AXCP Culfa təşkilatının sədri Rza Nuriyev də daxil olmaqla, iki nəfər həyatını itirib. Saxlanılanlardan bir neçə şəxsə isə cinayət işi açılıb. Bənəniyarda baş verənlər beynəlxalq aləmdə də əks-səda doğurmuşdu. Hadisədən bir neçə gün sonra ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları məsələni araşdırmaq üçün Naxçıvana səfər etmişdi. Lakin onlar da Bənəniyar kəndində öyrədilmiş naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bundan sonra hər iki səfirlik bəyanat verərək hadisəni pislədi və hökumətdən öz diplomatlarının təhlükəsizliyinə təminat istədi. O vaxt bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları da polisin Bənəniyar kəndinə hücumunu və davranışını pisləyən kəskin bəyanatlar vermişdi.

İndi belə görünür ki, Talıbov hakimiyyətinin bu hadisələri törətməklə ümumilikdə ölkədə narazılıq yaratmaq kimi xüsusi marağı olub.

sadsd.png (219 KB)

“Yeni Müsavat”ın əməkdaşı Bənəniyar hadisələri zamanı həbsə alınan Kənan Yusifovla əlaqə saxlayıb. O, məsələ ilə bağlı dövlət orqanlarına müraciətlər hazırladıqlarını deyib: “Ümid edirik ki, gec də olsa, bizim şikayətimizi dinləyən, araşdıran olacaq. Məni heç bir günahım olmaya-olmaya tutub polisə apardılar. Orada işgəncə verib döyürdülər. O zaman mən avtobus sürücüsü işləyirdim. Bənənyara gələndə çox böyük kolonla hərbi texnikanın hərəkətini gördüm. Polislər məni maşından düşürdülər, dedilər ki, hadisə törətmisən, maşınla adam vurmusan, ölüb. Məni şəhər polisinə apardılar, o qədər döydülər ki, dilim tutuldu. Polisdə toy-bayram idi. Elə bilirdim ki, Meğrini alıblar. Sonradan bildim ki, kənddən ana-bacı, arvad-uşaq, yaşlı qalmayıb, hamını yığıb polisə gətiriblər. Böyükdüz təcridxanasına köçürdülər. Bənəniyardan orada 200-ə yaxın insan vardı. Atam-anam, qardaşım, qardaşımın həyat yoldaşı, 60-70 yaşlı qadınlar, kişiləri də ora yığmışdılar. YAP sədri, məktəb direktoru da orada idilər. Daxili işlər naziri Əhməd Əhmədov o zaman çox pis söyüşlərlə təhqir edirdi. 3 gün bizə nə su, nə də çörək verdilər. Bundan əvvəl də kənddən bir neçə nəfəri tutub polisə aparmışdılar, ağaca bağlayıb döymüşdülər. Camaatı belə ayağa qaldırmışdılar”.

Kənan Yusifov deyir ki, Bənəniyar hadisələri zamanı həbs olunan Rza Nuriyev ona verilən işgəncələrin sonucu olaraq dünyasını dəyişib: “Rza müəllim Bənəniyarda məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirdi. Onu da axşamla tutub Bazardüzü təcridxanasına gətirmişdilər. O qədər döyüb böyrəklərinə vurmuşdular ki, böyrəkləri sıradan çıxdı. Ona işgəncə verəndə səsindən bizim qulağımız tutulurdu. Əhməd Əhmədov sonradan dedi ki, Rza müəllimlə bağlı araşdırma aparıblar və onun agent olmadığını dəqiqləşdiriblər. Dedi ki, o, İrana işləmir, amma böyrəklərini sıxdırmışıq, 15-20 günə öləcək. Belə də oldu, Rza müəllim buraxılandan az sonra öldü. Biz bu məsələlərin araşdırılmasını istəyirik. Qoy günahkarlar gəlib qanun qarşısında cavab versinlər”.

Hüquq müdafiəçisi:

Səadət Bənəniyarlı

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, o zaman baş verən hadisələr araşdırılmalı və hüquqi qiymət verilməlidir: “Heç bir əsas olmadan, qanun pozuntusu olmadan Bənəniyara qoşun yeridilmişdi, əllərinə keçən kim olmuşdusa, həbsə almışdılar. O zaman bir qrup Bənəniyar sakini Bakıya gəlib Monitorinq Qrupuna müraciət etdilər, mətbuat konfransı keçirdilər. Sonradan həmin şəxslərə qarşı da qanunsuzluqlar həyata keçirilmişdi. Orada 1 nəfər həlak olmuşdu, 1 nəfər isə özünü yandırmışdı. Təbii ki, bu məsələ araşdırılmalı, hüquqi qiymət verilməlidir”.

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Bənəniyar hadisələrinin baş verməsinin əsas günahkarı Vasif Talıbovdur: “Düzdür, hadisələr zamanı daxili işlər naziri Əhməd Əhmədov olub. Amma ona göstərişi verən Vasif Talıbov olmuşdu. Bənəniyarda sakinlərə divan tutulması ilə bağlı əmr də birbaşa Vasif Talıbovdan gəlmişdi. Təsəvvür edin ki, Heydər Əliyev Naxçıvanda bir çayçıya getmişdi. Orada öz fotosunu divardan asılmış görmüşdü. Çayçı Mamed əmidən bunun səbəbini soruşmuşdu. O da ehtiram əlaməti olaraq fotonu divardan asdığını demişdi. Heydər Əliyev də fotosunu götürüb arxasına imza atmış, tarix qoyub yerinə asmışdı. Mamed əmiyə də demişdi ki, çayxananın fəaliyyətinə kimsə mane ola bilməz. Bununla belə, Vasif Talıbov Mamed əminin çayxanasını nəinki bağladı, yerlə bir elətdirib özülünü qazdırdı. O hadisələrə görə Bənəniyarda insanlar  bu gün də dövlətdən narazıdırlar.  Naxçıvanın 4 ən böyük kəndindən biri olan Bənəniyarda bu gün cəmi 1 mağaza işləyir. Bütün bunlar insanları dövlətdən narazı salıb. Vasif Talıbov sistemli şəkildə insanları Naxçıvandan didərgin salıb”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR