İnsanlara hürriyət, millətlərə istiqlal!

Berbok Çinə, Şolts Hindistana gedir

"Almaniya xarici siyasətdə fəallıq nümayiş etdirir. Bu ölkənin xarici işlər naziri Annalena Berbok Çinə səfərə hazırlaşarkən, kansler Olaf Şolts Hindistana səfər edəcək. Berlin Pekin və Dehli ilə Ukraynadakı və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək. İqtisadi sahədə də müzakirə ediləcək xeyli mövzu var. Avropa İttifaqı Çinin elektrik məhsullarına tarif qiymətlərini artırarkən, Berlinin mövqeyində qeyri-müəyyənlik davam edir. Berlin Brüsselin tarif siyasətini dəstəkləməkdə davam edərsə, Çin Almaniya istehsalı olan avtomobillərə tarif qiymətlərini artıracaq".

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (248 KB)

Politoloqun fikrincə, Çin Almaniyanın kənd təsərrüfatı məhsullarının da tarif qiymətlərini artıra bilər: "Berlinin ehtiyatlı mövqeyinə baxmayaraq, Almaniya hökuməti Avropa İttifaqının ortaq qərarlarına qarşı çıxa bilməyəcək. Bu isə istər-istəməz Çin-Almaniya iqtisadi münasibətlərinə mənfi təsir edəcək. Berlin Pekinlə ticarətində problemlər yaşayarkən, Asiyanın digər böyük dövləti Hindistanla iqtisadi və ticarət əlaqələrini gücləndirməyə qərar verib.

Olaf Şolts Hindistana planlaşdırılan səfərinin ikitərəfli əlaqələri gücləndirmək üçün imkan yaradacağına əmindir. Almaniya Xarici İşlər Nazirliyi yayımladığı açıqlamada, kanslerin səfərinin iki ölkə arasında əlaqələri gücləndirməyə imkan verəcəyi bildirilib. Almaniya və Hindistan müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə qərar veriblər. Berlin və Dehli hərbi sahədə də əməkdaşlıq imkanlarını müzakirə ediblər, iki ölkənin müdafiə naziri telefon danışğı zamanı hava və dəniz sahələrində təlimlər də daxil olmaqla, davam edən müdafiə əməkdaşlığı fəaliyyətlərini nəzərdən keçiriblər".

E.Şahinoğlu qeyd edib ki, nazirlər eyni zamanda müdafiə-sənaye əməkdaşlığının gücləndirilməsi və təchizat zəncirinin dayanıqlığının artırılması yollarını müzakirə ediblər:

"Olaf Şolts Dehliyə alman şirkətlərinin rəhbərlərini də aparacaq. O hindli həmkarı Narendra Modi ilə ötənilki görüşündə də biznes dairələrinin nümayəndələrini nümayəndə heyətinə daxil etmişdi. Olaf Şolts və Narendra Modi rəqəmsal texnologiyaların birgə istehsalı ilə bağlı illərdir müzakirə aparırlar".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR