İnsanlara hürriyət, millətlərə istiqlal!

“Varlı”, “yaraşıqlı”, “satqın”-Rişi Sunakın portreti  

 

İngiltərənin ən parlaq siyasətçilərindən birinin tarixdə ağdərili olmayan ilk baş nazir seçilmək şansı var

Liz Trassın 44 gün davam edən baş nazirliyi onun istefası ilə nəticələndi. Bu o deməkdir ki, ölkənin ən parlaq siyasətçilərindən biri - Rişi Sunakın tarixdə ağdərili olmayan ilk hökumət başçısı seçilmək şansı var.

Musavat.com hind kökənli siyasətçi haqda maralı məlumatları təqdim edir.

Pəncab kökənli...

Rişi Sunakın hər iki babası Hindistanının ən kasıb bölgələrindən olan pəncablıdırlar. 20-ci əsrin əvvəllərində Şərqi Afrikadakı Britaniya koloniyalarına köçürülüblər. Rişinin babası Keniyada, ana babası isə Tanqanikada anadan olub.

Hindistan müstəqilik qazanması ilə Pəncab uğrunda Pakistanla başlayan mübarizə onları əzəli vətənlərinə qayıtmamağa məcbur etdi. Buna görə də hər iki ailə öz vətənlərinə deyil, İngiltərəyə köçdü. Rişinin valideynləri də orada tanış olaraq evləniblər.

Atası həkim, anası isə kiçik aptek sahibi olan Sunak ailəsinin ilk övladı Rişi 1980-ci ildə anadan olub, üç uşağın ən böyüyüdür.

Onu tanıyanlar Rişinin tipik “yaxşı hindli oğlan” olduğunu deyirlər. O ibtidai məktəbin ən yaxşı şagirdlərindən biri idi. 1992-ci ildə onun həyatında ən mühüm hadisə baş verdi. Rişi Sunak ölkənin ən qədim özəl məktəblərindən birinə qəbul olmaq üçün ərizə verdi. 1394-cü ildə qurulan Vinçester kolleci bir çox gələcək nazirləri, arxiyepiskopları, diplomatları, alimləri yetişdirmişdi. Təhsil haqqı (ildə 46 min funt sterlinq) baha olmadığı üçün Rişi burada oxuya bildi. 

Siyasətə maraq

Vinçester kollecində Rişi siyasətlə maraqlanmağa başladı. Amma eyni zamanda, siyasətdə ona yer olmadığını düşünürdü. O, ilk siyasi düşüncəsini- Toni Bleyr 1997-ci ilin may seçkilərində qələbə qazananda kollec qəzetinin köşə yazısını yazanda 17 yaşı vardı.

O, yazısında həm mühafizəkarların məğlubiyyətindən təəssüflənir, leyboristlərin qələbəsinin Avropa İttifaqının qələbəsi olacağını bildirir, eyni zamanda bu qurumu bəyənmədiyini də qeyd edirdi.

İmtahanlarını parlaq şəkildə verən Rişi 1998-ci ildə Oksforda daxil oldu. Oksfordda isə siyasətlə məşğul olmadı. O, hətta gələcək siyasətçilərin və diplomatların natiqlik bacarıqlarını təkmilləşdirdiyi və digər siyasi fəzilətlər nümayiş etdirdiyi Oksford İttifaqının üzvü də yazılmadı. Bununla belə, o, siyasətə marağı olduğunu gizlətmirdi də. Onun tanıyanlar həmişə zarafatla deyirdilər ki, “Rişi mühafizəkar baş nazir olmaq istəyir".

Oksfordda Rişi Sunak fəlsəfə, siyasət və iqtisadiyyatla ciddi məşğul oldu, amma  diplom aldıqdan sonra iqtisadiyyat üzrə işləməyə getdi. Sunakın ilk işi “Goldman Sacs”da oldu və iki il orada fəaliyyət göstərdi. 24 yaşlı Rişi təcrübə və yeni təhsil almaq üçün bu dəfə Amerikaya getdi. O, iki il sonra vətənə qayıtdı və bəlkə də həyatının ən vacib adamı ilə tanış oldu.


Milyonçu qızı ilə evlilik

Bu adamın adı Akşata Murti idi. O, Hindistanın ən zəngin sahibkarlarından biri olan Naqavara Ramarao Narayana Murtinin qızı idi. Akşata texnologiya ilə deyil, dizaynla maraqlanırdı, lakin atasının təsisçisi olduğu “İnfosys” şirkətində 1 faiz səhmə sahib idi ki, bu da təxminən 690 milyon funt-sterlinq edirdi...

2009-cu ildə Rişi və Akşatanın toyu oldu. Banqaloredə keçirilən toyu iki gün davam etdi və bu barədə çox danışdılar...

Rişinin qayınatası ilə əla münasibəti var. Bu səbəbdən də Rişini ailənin şəxsi sərvəti ilə məşğul olan Katamaran İnvestisiyasına rəhbər təyin etdi. Ancaq bir gün Sunak siyasətdə karyera qurmaq üçün biznesi tərk etmək qərarına gəldi və qayınatası buna etiraz etmədi.

2015-ci ildə Rişi seçkilərdə iştirak etmək və İcmalar Palatasında yer qazanmaq şansı əldə etdi. Ona ölkənin ən "təhlükəsiz" rayonlarından biri - sakinləri 1910-cu ildən Mühafizəkarlar Partiyasına  səs verən Şimali Yorkşirdəki Riçmond şəhəri verildi.

Nə Rişi, nə də arvadı əvvəllər Yorkşirə getməmişdilər. Amma qələbədən sonra orada məskunlaşmağı lazım bildilər. 4 hektar torpaq sahəsi və özünün süni gölməçəsi olan ev onlara 1,5 milyon funt-sterlinqə başa gəldi.

Rişi Sunakın milyonçu ilə evlənməsi, eləcə də qeyri-adi cazibədarlığı, gəncliyi və inandırmaq qabiliyyəti ona sonrakı karyresında çox kömək etdi.

Siyasi karyerasına başlayandan 3 il sonra o, parlamentdə tikinti, icmalar və yerli idarəetmə nazirinin müavini vəzifəsini təyin edildi.

Consonun kabinetinin naziri və “satqın”...

Rişi sabiq baş nazir Boris Consonun ən yaxın tərəfdarlarından biri hesab olunurdu. 2019-cu ildə Sunak seçki kampaniyası zamanı açıq şəkildə Boris Consonu dəstəkləyib. Sunak və Consonu antipod hesab edənlər daha çoxdur. Rişi işgüzar, texnokratdır. İkincisi isə parlaq zəka sahibi, yunan dilində “İliada”nı əzbərdən oxuyan, amma həqiqətin və əxlaqın çox elastik məfhumlar olduğuna inanan adamdır.

Baş nazir olan Conson ona maliyyə nazirinin müavini, 2020-ci ildə isə nazirliyə rəhbərliyi həvalə etdi. Rişi Sunak ən gənc maliyyə naziri və bu postu tutan ilk ağ olmayan siyasətçi oldu. Pandemiyanın ortasında o, iqtisadiyyatı və biznesi dəstəkləmək üçün bir sıra mühüm təkliflər verdi. Məhz bu zaman onun Boris Consonla şəxsi münasibətləri pisləşməyə başladı. Bu gərginlik bu ilin yayınadək davam etdi. Consona qarşı çıxması isə onun “zəngin adam” və “yaraşıqlı” ləqəblərinə birini də əlavə etdi: “satqın”…

Qüsursuz reputasiya Sunakı baş nazirlik uğrunda yarışın lideri etdi. Amma Mühafizəkarlar Partiyasında həddən artıq çox adam onun Consona “xəyanətlərini” bağışlaya bilmədi. Üstəlik, rəqibi Liz Trassdan fərqli olaraq, Sunak seçki kampaniyası zamanı doğru hesab etdiyi məsələləri söylədi və bu, seçicilərin eşitmək istədikləri ilə xeyli dərəcədə ziddiyyət təşkil etdi.

Trass qalib gəldi. Lakin Trassın ölkə iqtisadiyyatını xilas etmək planı uğursuz oldu. Bu işi indi Rişi Sunak görmək istəyir. Amma bu dəfə onun rəqibi Consunun olacağı gözlənilir. Həmin Boris…


Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR