Onlayn ictimai-siyasi qəzet
Mövcud uşaq verilişləri ya o qədər rəngarəng deyil, ya da bütün yaş kateqoriyalarını əhatə etmir
Son illər Azərbaycan televiziya kanallarında əyləncəli, tok-şou verilişlərinin sayının həddindən artıq çox olduğunu müşahidə edirik. Bunun fonunda isə uşaq verilişlərinin sayı çox azdır. Mövcud uşaq verilişləri isə ya o qədər də rəngarəng deyil, ya da bütün yaş kateqoriyalarını əhatə etmir.
Yeni yerli cizgi filmləri isə demək olar ki, yoxdur. Bu baxımdan uşaqlar Türkiyə, Rusiya, eləcə də digər xarici ölkələrin uşaq verilişlərini, cizgi filmlərini izləyirlər.
Məlum olduğu kimi bütün dünyada uşaq verilişlərinə, eləcə də cizgi filmlərinə xüsusi diqqət ayrılır və bu, milli ideologiyanın mühüm hissəsi sayılır.
Bəs Azərbaycanda niyə uşaq verilişləri azdır, yeni cizgi filmləri demək olar ki, yoxdur?
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Çox təəssüf ki, bizim televiziya məkanında uşaq verilişlərinin sayı hədsiz dərəcədə azdır. Yəni yayım cədvəlinə nəzər yetirəndə uşaq verilişlərini tapmaq olmur. Amma halbuki 10-15 il əvvəl vəziyyət bu cür deyildi. Bizim bir çox televiziyalarımızda, o cümlədən büdcədən maliyyələşən AzTV, həm də İTV-də çox baxılan kütləvi uşaq verilişləri var idi.
Görünür ki, uşaq verilişlərinin xüsusi bir özəlliyi var, ona görə də televiziyalarımız ona o qədər də maraq göstərmirlər. Mən demirəm ki, bunu özəl televiziyalar mütləq bu cür verilişlər hazırlamalıdır. Məsələn, ARB-nin bir xətti olan “Günəş TV” özəl uşaq kanalı imkanları daxilində maraqlı verilişlər etməyə çalışır. Lakin zəngin proqram siyasəti üçün zəngin də maliyyə lazımdır. Bu işdə maliyyə məsələləri mühüm rol oynayır. Çünki məlum olduğu kimi, uşaq verilişləri o qədər də reklam gətirən, sponsor cəlb edən verilişlər olmur. Adətən bu cür verilişlərə televiziyanın özü maliyyə qoymalıdır, yəni özü maliyyələşdirməlidir. Bəzən müşahidə edirik ki, maliyyələşən verilişlər belə kifayət qədər auditoriya cəlb edə bilmir, çünki uşaqlar çox erkən yaşından dinamik oyunlara cəlb olunur, 3-4 yaşından əlində çox sayda oyun proqramları yazılmış telefon, planşet olur. Bunun nəticəsində uşağın qavrayışı xüsusi dinamizm tələb edir. Yəni artıq televiziyaların hazırladığı ləngərli verilişlərə baxmaq istəmirlər".
Qulu Məhərrəmli qeyd edir ki, cizgi filmləri sahəsində də çox ciddi bərbad vəziyyət var: “Vaxtilə 10-15 il əvvəl həyəcan təbili çalınırdı ki, biz uşaqlarımıza nəyi göstərək, hansı cizgi filmlərini göstərək. Bununla bağlı o vaxt Radio və Televiziya Ali Şurası adlandırılan qurum ard-arda diskussiyalar, dəyirmi masalar keçirdi, amma heç bir nəticə olmadı. Ona görə də vaxtilə serialların çəkilməsi üçün dövlət vəsait ayıranda biz xüsusi təkid edirdik ki, o maliyyənin müəyyən bir vəsaiti cizgi filmlərinin çəkilməsinə həsr olunsun.
Çünki bu sahədə mütəxəssislər, ssenaristlər azdır. Cizgi filmini ərsəyə gətirən insanları xüsusi stimullaşdırmaq lazımdır ki, onlar bu sahədə fəaliyyətlərini aparsınlar. Lakin təəssüf ki, bu məsələ də alınmadı.
Biz bu gün uşaqlarımıza hansı ekran məhsulu təqdim edirik, onların zövqünü necə formalaşdırırıq, onlarda milli duyğuları, obrazları, Azərbaycan gerçəklərini necə təlqin edirik? Təəssüf ki, bu sahədə çox ciddi problemlərimiz var. Bu artıq yeni televiziya konsepsiyası haqqında bizi düşünməyə vadar edir. Ona görə də hesab edirəm ki, televiziyalar proqram siyasətlərində uşaq verilişlərinə xüsusi yer ayırmalıdırlar.
Bu, strateji məsələdir, milli mənlik məsələsi ilə birbaşa bağlı olan problemdir. Bu baxımdan bunun həllinə diqqət yetirməliyik".
Əhməd Qəşəmoğlu
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, yeni nəslin formalaşmasında, ümumiyyətlə, insanlar arasında münasibətlərin qurulmasında aldıqları informasiya olduqca əvəzolunmaz rol oynayır: “İnsanın çörəyə suya, havaya nə qədər ehtiyacı varsa, o qədər də şəxsiyyətinə kömək edən bilən informasiyaya ehtiyacı var. Biz çalışmalıyıq ki, elə uşaq verilişləri olsun ki, 2-3 yaşından başlayaraq artıq onların formalaşmasında müsbət rol oynasın. Mən də valideynəm və xatırlayıram ki, uşaqlar bir müddət sonra verilişlərin təsiri altına düşürdü. Ona görə biz yeni nəslin arzu etdiyimiz, məqsədyönlü şəkildə formalaşmasını istəyiriksə, bu sahədə konkret olaraq platformamız olmalıdır.
Hesab edirəm ki, bununla bağlı televiziyalara təsir edən dövlət qurumları birbaşa bu məsələlərə diqqəti bir qədər də artırsalar çox yaxşı olardı".
Hazırladı: Xalidə GƏRAY
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ