İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağça uşaqlarının böyük dərdləri - şok faktlar

6 min nəfərə yaxın müəllim məktəbəqədər təhsil üzrə oxumayıb, 800 nəfərə yaxın tərbiyəçinin isə kiçik yaşlılarla işləmək icazəsinin olmadığı ortaya çıxıb

Ötən ay “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi bağçalarda dayə(tərbiyəçi) probleminin nə qədər ciddi olduğunu göstərdi.  

Oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq və 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu proses axır-əvvəl olmalı idi: “Keçən il bununla bağlı araşdırma aparılmışdı. Uşaq bağçalarında bütün işçi heyətin sənədləri yoxlanılan zaman məlum oldu ki, 6 min nəfərə yaxın müəllim bağçada işləməyinə baxmayaraq, məktəbəqədər təhsil üzrə oxumayıb. Onlar müxtəlif ixtisasları bitirsələr də, bu sahədə çalışırlar. 800 nəfərə yaxın tərbiyəçinin isə bağçada işləmək icazəsinin olmadığı ortaya çıxdı. Belə neqativ hallar zamanla bağça sektorunda üst-üstə yığılıb qalıb. Bu məsələ ilə bağlı iş görmək lazımdır. Onlar kənarlaşdırılmalıdırlar ki, övladlarımızın təhsilinə zərər vurmasınlar və zamanda özlərinə uyğun sahəyə yönəlsinlər. Vaxtilə məktəbəqədər təhsilə önəm verilmədiyindən sahə ilə əlaqəsi olmayan insanlar buraya doluşublar”.

R.Dünyamalıyevin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən 12 min civarında müəllimin 7 minə yaxını məktəbəqədər təhsilin nə olduğunu bilmir:  “Onlar elə bilir ki, uşağı yedizdirdin, yatızdırdın, nəzarət etdin - bunlar  məktəbəqədər təhsil oldu. Ona görə də diaqnostika vacibdir, hətta gecikmiş addımdır. Bağçalar 3 ildir Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib, bu addım daha əvvəldən atılmalı idi”.

Kamran Əsədov Bakını tərk etdi - O, İstanbuldan iş təklifləri alıb

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri hər bir ölkənin təhsil sistemində mühüm rol oynayır, lakin uzun müddətdir ki, Azərbaycanda uşaq bağçalarında ciddi problemlər müşahidə olunur: “Bağçalarda uşaqların ən erkən yaşlarında inkişaf etdirilməsi, təlim-tərbiyə prosesinə uyğunlaşdırılması və gələcəkdə daha kompleks təhsil mərhələlərinə hazırlanması təmin edilir. Lakin Azərbaycanda uşaq bağçalarının vəziyyəti uzun müddət ciddi problemlərlə üzləşib. Bu sahədə əsas məsələlərdən biri təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşəkar hazırlığı və tədris keyfiyyəti ilə bağlıdır. 2021-ci ildən məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, hələ də bir çox problemlər həllini tapmamış qalır.

Azərbaycanda bağçaların idarə olunması ilə bağlı ciddi problemlər on illərdir yığılıb qalıb. 2010-2021-ci illərdə uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyində qalması səbəbilə bu sahədə heç bir irəliləyiş müşahidə olunmayıb. İcra hakimiyyətlərinin təhsil sahəsində kifayət qədər təcrübəsinin olmaması və bağçaların bir çox hallarda formal yanaşmaların qurbanı olması məktəbəqədər təhsildə ciddi böhranlara gətirib çıxardı. Bu dövr ərzində bağçalar yalnız fiziki məkan kimi fəaliyyət göstərir, təlim-tərbiyə prosesi isə peşəkar standartlara uyğun olaraq qurulmurdu. Bunun ən bariz göstəricisi kimi, bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan 12 min müəllimin 7 minə yaxınının məktəbəqədər təhsilin tələblərinə uyğun olaraq hazırlıqlı olmaması faktını göstərmək olar.

Elm və Təhsil Nazirliyinin 2021-ci ildə bağçaları öz tabeliyinə qaytarması mühüm addım kimi qiymətləndirilsə də, bu prosesin uzun illərdir mövcud olan problemləri tamamilə aradan qaldırmaq üçün kifayət etmədiyi görünür. Diaqnostik qiymətləndirmə prosesinin başlanması isə bu problemləri müəyyənləşdirib aradan qaldırmaq üçün bir başlanğıc nöqtəsi kimi qəbul edilə bilər. Məsələn, keçən il aparılmış araşdırmalar zamanı məlum oldu ki, bağçalarda işləyən 6 minə yaxın tərbiyəçi-müəllim məktəbəqədər təhsil üzrə xüsusi təhsil almayıb. Bu şəxslər müxtəlif ixtisaslar üzrə ali təhsil almış, lakin məktəbəqədər təhsilin prinsipləri barədə anlayışları yoxdur. Bu isə öz növbəsində uşaqların təlim və tərbiyəsinin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

Bəzi hallarda tərbiyəçi-müəllimlər arasında uşaq bağçasında işləmək üçün zəruri icazə sənədlərinin olmaması halları da müşahidə olunur. Araşdırmalara əsasən, təxminən 800 nəfərə yaxın tərbiyəçinin bağçada işləmək üçün icazəsi belə yoxdur. Bu hallar bağçalarda çalışan müəllim heyətinin həm peşə hazırlığı baxımından, həm də hüquqi sənədləşmə baxımından nəzarətsiz qaldığını göstərir. Əgər uşaq bağçaları ən vacib təhsil müəssisələrindən biri kimi qəbul olunursa, orada çalışan müəllim və tərbiyəçilərin də ciddi şəkildə nəzarətə və təkmilləşdirməyə ehtiyacı var".

Kamran Əsədov beynəlxalq təcrübədə məktəbəqədər təhsilin necə tənzimləndiyini də qeyd edib: “Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin çox yüksək səviyyədə ixtisaslaşması tələb olunur. Tərbiyəçilər yalnız bu sahə üzrə ixtisaslaşmış ali təhsilli mütəxəssislərdən seçilir və onların təlim-tərbiyə prosesindəki rolu çox yüksək qiymətləndirilir. Finlandiya məktəbəqədər təhsil müəssisələrində hər bir uşaq üçün fərdi inkişaf planı hazırlanır və tərbiyəçilər uşaqların sosial, emosional və kognitiv bacarıqlarını inkişaf etdirmək üçün müvafiq təlimlər keçirlər. İsveçdə isə tərbiyəçilər üçün davamlı olaraq ixtisasartırma kursları və peşəkar inkişaf proqramları təşkil olunur. Bu sistem uşaqların ən erkən yaşlarda keyfiyyətli təhsil almasını və gələcəkdə təhsil pillələrində daha yaxşı nəticələr göstərməsini təmin edir. Azərbaycanda bu cür yüksək standartlara uyğunlaşmaq üçün atılmalı addımlar mövcuddur".

Ekspert bildirir ki, vəziyyətdən çıxış yolu olaraq ilk növbədə məktəbəqədər təhsil müəssisələrində çalışan bütün tərbiyəçilərin ixtisasları yoxlanmalı və ixtisasına uyğun olmayan şəxslər bu sahədən kənarlaşdırılmalıdır: “Hər bir tərbiyəçinin məktəbəqədər təhsil üzrə ali təhsil alması və bu sahədə professional təlimlərə cəlb olunması vacibdir. Bundan başqa, tərbiyəçilərin iş keyfiyyətini və pedaqoji bacarıqlarını artırmaq məqsədilə davamlı olaraq ixtisasartırma kursları təşkil edilməlidir. Elm və Təhsil Nazirliyinin bu sahəyə nəzarət funksiyası gücləndirilməli, bağçaların fəaliyyətinin keyfiyyəti mütəmadi olaraq monitorinq edilməlidir.

Həmçinin, məktəbəqədər təhsilə dövlət tərəfindən daha çox sərmayə yatırılması və bağçaların maddi-texniki bazasının təkmilləşdirilməsi də vacibdir. Dünya təcrübəsinə əsaslanaraq, məktəbəqədər təhsil müəssisələrində tədris proqramlarının müasir metodlar əsasında yenidən qurulması, uşaq psixologiyası və inkişafına əsaslanan fərdi tədris modellərinin tətbiqi nəzərdə tutulmalıdır. Bu tədbirlər, bir tərəfdən, məktəbəqədər təhsilin keyfiyyətini artıracaq, digər tərəfdən isə gələcək nəsillərin sağlam və hərtərəfli inkişafını təmin edəcək.

Bir daha qeyd edirəm, məktəbəqədər təhsil cəmiyyətdə uşaqların gələcəyinin qurulmasında əsas mərhələlərdən biridir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin qarşısında duran problemlərin həlli üçün sistemli və davamlı islahatlar zəruridir. Tərbiyəçilərin peşəkarlıq səviyyəsinin artırılması və məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılacaq hər bir addım gələcəyimizə qoyulan sərmayə olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR