İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlər müəllimlərdən narazılıq edir: “Məktəblərdə dərs keçilmir...”

Ekspert: “Müəllimlərin sertifikatlaşdırılması prosesi bir müddət sonra özünü göstərəcək”

Yeni tədris ili başlar-başlamaz narazılıqlar, şikayətlər də artmağa başlayıb. Həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasında qeyd edilir ki, müəllimlər məktəbdə ya ümumiyyətlə dərs keçmir, ya da tədris etdikləri fənni düzgün öyrətmirlər. “Elə bu səbəbdən uşaqları repetitorların yanına göndərməyə məcbur oluruq. Qəsdən dərs demirlər ki, biz pul xərcləyək”, - deyə valideynlər bildirirlər.

Elm və Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının ölçülməsi üçün 2022-ci ildən sertifikatlaşdırma prosesinə başlayıb və bu günə qədər 40 600 müəllim bu prosesdə iştirak edib. Nazirlik rəsmiləri qeyd edirlər ki, 40 600 müəllimin ümumilikdə 88%-i uğur qazanıb ki, həmin şəxslərdən 21%-dən çoxu 51-60 bal arası bal toplayıb. Bu il isə müəllimlərin sonuncu təkrar sertifikasiyası zamanı 4000-ə yaxın müəllim imtahandan keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Bir qrup müəllim isə sertifikasiyanın keçirilməsinə öz narazılığını bildirir. Qeyd edirlər ki, neçə illik təcrübəsi olan müəllimlərin sertifikasiyaya cəlb edilməsi doğru deyil.

kamran.jpg (28 KB)

Təhsil eksperti Kamran Əsədov Musavat.com-a deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi Azərbaycanda təhsil sistemində keyfiyyətin yüksəldilməsi məqsədilə həyata keçirilən vacib addımlardan biridir:

“Bu proses müəllimlərin peşəkar bacarıqlarının artırılması, tədris keyfiyyətinin yaxşılaşdırılması və ümumilikdə təhsil sistemində şəffaflığın təmin edilməsinə yönəlib. Düzdür, sertifikatlaşdırma prosesində bəzi müəllimlər üçün ciddi psixoloji təzyiq yaranır. Xüsusilə yaşlı müəllimlər üçün bu proses stressli ola bilər, nəticədə onların iş keyfiyyəti azala bilər.

Sertifikatlaşdırma prosesinin qiymətləndirmə meyarları və obyektivliyi barədə müəyyən narahatlıqlar da mövcuddur. Bəzi müəllimlər öz bilik və bacarıqlarının tam olaraq əks olunmadığını bildirir. Eyni zamanda böyük şəhərlərdə və paytaxtda çalışan müəllimlər sertifikatlaşdırma prosesinə daha yaxşı hazırlaşa bilsələr də, kənd rayonlarında resurs çatışmazlığı olan müəllimlər üçün bu, daha çətin keçə bilər.

Müsbət tərəfləri də qeyd etmək lazımdır. Sertifikatlaşdırma prosesi vasitəsilə müəllimlərin bilik və bacarıqları daha obyektiv qiymətləndirilir. Bu, onların tədris keyfiyyətinin artırılmasına təkan verir. Sertifikat alan müəllimlər daha yüksək əməkhaqqı almağa və peşəkar səviyyədə inkişaf etməyə stimul əldə edir. Bu, təhsilverənlərin daha çox öz üzərində işləməsinə, innovativ tədris metodlarını tətbiq etməsinə gətirib çıxarır.

Sertifikatlaşdırma ilə yüksək səviyyədə fəaliyyət göstərən müəllimlər təşviq edilir, nəticədə məktəblərdə tədrisin keyfiyyəti artır və tələbələr daha yaxşı təhsil alır. Sertifikatlaşdırma müəllimlərin kompetensiyaları əsasında yerləşdirilməsini təmin edir. Bu da daha güclü və zəif müəllimlərin müəyyən edilməsi və təlimlərə yönləndirilməsinə səbəb olur”.

Ekspert əlavə edib ki, sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərin nəticələri bu prosesin gələcək təhsil keyfiyyətinə təsirini ölçmək üçün əsas göstəricilərdən biridir:

“Məsələn, sertifikatlaşdırılmış müəllimlərin iş keyfiyyətində artım müşahidə olunarsa, tədris olunan fənlər üzrə nailiyyətlərdə də inkişaf gözlənilir. Həmçinin sertifikatlaşdırma prosesindən uğurla keçməyən müəllimlərin peşə inkişaf proqramlarına yönləndirilməsi nəzərdə tutulur.

Sertifikatlaşdırma təhsil məzmununun yenidən baxılmasına, daha müasir və effektiv təlim metodlarının tətbiqinə təkan verə bilər. Müəllimlər müasir tədris metodlarını tətbiq etmək üçün daha yaxşı hazırlanmış olurlar. Bu da şagirdlərin akademik nəticələrinə müsbət təsir göstərə bilər.

Müəllimlərin sertifikatlaşdırılması təhsilin ümumi keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bunun nəticəsində məktəblərdə daha bilikli və peşəkar müəllimlərin sayı artacaq, bu da təhsilin daha keyfiyyətli olmasına şərait yaradacaq.

Dünyanın bir çox ölkələrində müəllimlərin sertifikatlaşdırılması prosesi artıq uzun müddətdir ki, tətbiq olunur. Məsələn, ABŞ, Kanada və Avropa ölkələrində sertifikatlaşdırma müəllimlərin təlim keyfiyyətini ölçən əsas meyar kimi qəbul olunur. Bu təcrübə göstərir ki, sertifikatlaşdırma təhsilin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına böyük təsir göstərir. Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafı üçün vacibdir və tədris keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən ən mühüm addımlardan biridir. Bununla yanaşı, prosesin obyektivliyinin təmin olunması və müəllimlərin psixoloji hazırlığının artırılması kimi problemlərin həll edilməsi lazımdır ki, təhsil sistemi daha yüksək keyfiyyətli nəticələrə nail ola bilsin”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR