Onlayn ictimai-siyasi qəzet
"Son günlər azyaşlı uşaqların evdən qaçma xəbərləri artır. Tovuzda qaçan da, Xaçmazda qaçan da gedib Gəncədə tapılır. Onlar əlbəttə ki, Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyə yollanmayıblar. Sadəcə qaçıblar. Valideyndən, məktəbdən, dərsdən, hazırlıqdan, testdən, stressdən, boğucu binalardan…"
Musavat.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb.
"Mən uşaq olanda düşünürdüm ki, dünya ancaq kəndimiz boydadır. Yolum məktəbə, kəndin kitabxanasına, stadionuna, babamgilə qədər uzanırdı. Rayonlar mənə yad planet kimi görünürdü. Çünki getmirdim.
Pandemiyada uşaqlara “dərs öyrənsinlər” deyə telefon verdik. Amma görünən odur ki, biz onlara dərs yox, daha fərqli yolları öyrətmişik. Sorğular da bunu deyir: uşaqlar çətin imtahanlardan, hazırlıqdan, qəliz kitablardan bezib.
Uşaqların asudə vaxtı yoxdur. Olan vaxt da ya test üçündür, ya da qaçmaq. Bakıda hər tərəf beton, hər yer çoxmərtəbəli bina. Parklar – çayxana. Oyun yerləri – qəlyanxana.
Uşaqlıq darıxır. Uşaqlar nəfəs ala bilmir. Və bu cəmiyyət, bu təhsil sistemi onların tənəffüsünü əllərindən alır.
Nəsə düz getmir, cənablar. Çox şey düz getmir. Amma heç kim dayanıb soruşmur: bu uşaqlar hara qaçır? Əslində, onlar bizdən qaçır".
Şahanə Rəhimli
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ