İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi: əsəb savaşının qalibi müharibənin də qalibi olacaq

Ukraynada müharibənin uzun və üzücü olub-olmayacağı ətrafında müzakirə və proqnozlar səngimir. Məsələn, ABŞ prezidenti Co Bayden bildirib ki, Ukraynada müharibə çox uzun çəkə bilər və hələ bitməkdən çox uzaqdır. Eyni sözləri Fransa Prezidenti Emmanuel Makron da dünən deyib.

Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsində çıxışı zamanı deyib ki, “Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək”.

Bu arada Rusiyanın Donbasda bu gün və ya uzağı, sabah geniş miqyaslı hücuma keçəcəyi haqda məlumat yayılıb. Bu hücum Rusiya və Ukraynaya nə vəd edir və həlledici ola bilərmi?

Aydındır ki, tərəflər və onların arxasında duranlar arasında bir əsəb müharibəsi, informasiya savaşı da gedir. Bu savaşın qalibi indiki mərhələdə Ukraynadır, yoxsa Rusiya? Ümumiyyətlə informasiya müharibəsinin qaynar müharibədə qələbə qazanmasında rolu nə qədərdir? Bəzi iddialara görə, ruslar hələ ən müasir silahlarını Ukraynaya yönəltməyib. Yönəltsə nə olacaq?

Bu müharibənin bizə bir xeyiri oldu“ - Azad İsazadə - Azinforum.az  İnformasiya Portalı

Azad İsazadə: “Qarabağla bağlı 30 il davam edən vəziyyətə bənzər vəziyyət Ukrayna və Rusiya arasında da illərlə davam edəcək”

Psixoloq-hərbi ekspert Azad İsazadə bildirdi ki, müharibə uzun zaman davam edəcək: “O mənada ki, yaxın bir ay ərzində aktiv qaynar faza bitəcək, amma məsələ axıracan həll olunmayacaq. Ukrayna çalışacaq yaxın bir neçə həftədə maksimum öz mövqelərini saxlasın. Rusiya isə çalışacaq Donbas və Luqanskın ”sərhədləri"nə çıxsın. O zaman ya Ukrayna öz mövqelərini saxlayacaq, hətta bir az rus ordusunu sıxışdırıb müəyyən ərazilərdən çıxaracaq, ya da hətta bunu edə bilməsə belə, bir mərhələdə iki ordu dayanacaq. Bundan sonra müvəqqəti atəşkəs elan oluna bilər, amma müharibə xroniki xarakter alacaq. Azərbaycanla Ermənistan arasında 30 ildir davam edən vəziyyətə bənzər vəziyyət Ukrayna ilə Rusiya arasında da illərlə davam edəcək.

Rusiyada hakimiyyət hansısa səbəbdən dəyişməyincə Ukrayna müharibəsi davam edəcək. Hətta Rusiyada hakimiyyət dəyişsə belə, bu müharibənin tamam bitəcəyi 50 faiz ehtimal edilə bilər. Krım Ukraynaya verilməyincə, Rusiya-Ukrayna müharibəsi davam edəcək. Ukrayna Prezidentinin məsləhətçisi Arestoviçin belə bir fikri var: Rusiya bu müharibəni uduzub, Ukrayna bu müharibəni hələlik udmayıb. Mən bu fikirlə razıyam".

Ekspert qeyd etdi ki, Rusiyanın hələ müasir silahlarını Ukraynaya qarşı istifadə etmədiyinə inanmır: “Rusiyanın müasir silahları ilə bağlı aparılan təbliğat daha çox reklam xarakteri daşıyırdı. Bu müharibə üzə çıxardı ki, Rusiya heç də müasir tələblərə cavab verən silahlara malik deyil. Rusiyanın bir çox silahları artıq tükənib. Rusiyanın əlində nüvə, bioloji və kimyəvi silahlardan başqa silahı qalmayıb. Yəni artıq bütün müasir adlanan güclü silahlarını bu müharibədə işlədib və işlədir. Bu vəziyyət bir yandan, digər tərəfdən Qərbdən müasir müdafiə silahlarının gəlməsi Ukraynaya müdafiə olunmağa imkan verir. Əks hücuma keçmək üçün isə ən müasir hücum silahları Ukraynaya lazımdır. Ukraynada bu cür silahlar azdır. Havada üstünlük hələ Rusiyadadır”.

Politoloq Murad Sadəddinov isə bildirdi ki, müharibənin uzun müddət davam edəcəyi barədə ABŞ Prezidentinin və Fransa Prezidentinin, digər nüfuzlu şəxslərin bəyanatları təbliğat xüsusiyyətli bəyanatlara bənzəyir: “Bu, Rusiya əhalisində, Rusiya əsgərlərində Kremlə qarşı narazılığı artırmaq məqsədi güdə bilər. Əslində bu, informasiya müharibəsinin, əsəb müharibəsinin komponentlərindən biri kimi qəbul edilə bilər. Müharibə uzana bilər, amma söhbət ondan gedir ki, müharibə hansı templərlə həyata keçiriləcək. Yəni ilk bir ayda keçirilən qaynarlıqla, böyük hərbi resursların cəlb edilməsi ilə müharibə uzun müddət davam eləyə bilməz. Artıq Rusiyanın iqtisadiyyatının çökdürülməsi prosesi gedir. Tarixdə görünməmiş iqtisadi sanksiyalar Rusiyaya tətbiq olunur. Bir müddət sonra o sanksiyalar çox ciddi təsirini göstərəcək və bu amil Moskvanı qərar qəbul eləməyə vadar edəcək. Silah-sursat və hərbi texnika baxımından da Rusiyanın vəziyyəti get-gedə pisləşir. Artıq məlumatlar yayılıb ki, Rusiya məcburiyyət qarşısında qalıb ehtiyat bazalarındakı silahları, texnikaları da döyüşə cəlb edir. İstifadə edilən texnikaların sırasında sovet dövrünün köhnə T72 tankları, hətta 1960-cı illərin BTR 60-ları da görünür. Yəni Rusiyanın ehtiyat resursları məhdudlaşır. Ona görə də müharibəni yüksək templə aparmaq Rusiya üçün mümkün olmayacaq. Amma müharibə passiv müharibə fazasına keçəcəksə, uzana bilər. Vaxt uzandıqca Rusiyanın istər hərbi, istər iqtisadi cəhətdən imkanları tükənir. Müharibəni aparmaq get-gedə çox çətinləşir. Maraqlıdır ki, Ukraynada fərqli vəziyyətdir. Vaxt uzandıqca Ukraynaya Qərb tərəfindən silah cəhətdən, iqtisadi cəhətdən yardımlar artır. Beləliklə, Ukraynanın resursları genişlənir. Ukrayna ordusu getdikcə daha da güclənəcək. Vaxtın uzanması Rusiyanın ziyanına, Ukraynanın isə xeyirinə işləyir və işləyəcək”.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov: “Vaxt uzandıqca Rusiyanın istər hərbi, istər iqtisadi cəhətdən imkanları tükənir”

Ekspert hesab edir ki, Rusiya ordusunun Donbas istiqamətində güclü hücuma keçməsi reallaşarsa, bu dəfə Rusiya ordusu üçün heç də asan olmayacaq: “Ona görə də hücumun Rusiyanın xeyirinə nəticələnməyəcəyi ehtimalı yüksəkdir. Donbas ətrafında rus ordusunun məğlubiyyəti müharibənin taleyinin həlli demək olar”.

Müsahibimiz onu da vurğuladı ki, informasiya müharibəsini yüksək səviyyədə təşkil edən tərəf müasir müharibələrdə qələbənin bir hissəsini təmin etmiş olur: “Diqqət etdikdə görürük ki, Ukrayna hakimiyyəti və onu dəstəkləyən güclər informasiya müharibəsini çox yüksək səviyyədə qurub və aparırlar. İnformasiya müharibəsində Ukrayna Rusiyanı tamamilə üstələyib. Bununla Ukrayna beynəlxalq ictimaiyyətin mövqeyini tamamilə Rusiyanın əleyhinə çevirib. Rusiya isə informasiya müharibəsində özünü itirib. Rusiyanın hərbi hava qüvvələrinə məxsus ən müasir silahlar, təyyarələr, raket növləri artıq Ukraynaya qarşı istifadə olunub. Rusiyanın istifadə etmədiyi nüvə silahı və kimyəvi, bioloji silahdır. Bunların da tətbiq olunması Rusiyanın özü üçün də son dərəcə ağır, məhvedici nəticələrə gətirib çıxara bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR