İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi - bitməmiş savaşda məğlub tərəf

Mayın 9-u yaxınlaşdıqca Ukraynanın cənub-şərqində Rusiya silahlı qüvvələri daha da fəallaşır, hücumlar artır. Lakin gələn məlumatlara görə, işğalçı ordu ciddi irəliləyişə nail ola bilməyib. Ukrayna tərəfi hücumları uğurla dəf eləməkdədir. Görünür, Kiyevin aldığı yeni hərbi silah-sursatlar da öz sözünü deməyə başlayıb.

Bəs NATO silahları öz sözünü bütün gücü ilə nə vaxt deyəcək? Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Qərbin Ukraynaya hərbi yardımı Rusiyanın “xüsusi əməliyyat”la öz qarşısına qoyduğu hədəflərə çatmağa əngəl ola bilməz. Ağ Evin rəsmi sözçüsü Cen Psaki isə Rusiyanın artıq uduzduğunu və elan elədiyi əsas hədəflərə çatmayacağını bildirib. Sitat: “Rusların öz qələbələrini necə müəyyən elədiklərini qeyd etmək və yaddan çıxarmamaq vacibdir. Bu anlayışlara əsasən, onlar artıq uduzublar. Prezident Vladimir Putin Kiyev küçələri ilə yürüş etməyəcək. Onlar Ukraynanın ərazi bütövlüyünü və suverenliyini ələ keçirməyəcəklər”.

Psaki öz tezisini rus ordusunun uğursuzluğa düçar olması və məqsədlərinə çata bilməyəcəyi ilə izah edib.

Bu arada CNN öz mənbələrinə istinadən məlumat yayıb ki, 9 may Ukraynadakı müharibənin taleyi ilə bağlı “əlamətdar” tarixə çevrilə, həmin gün Putin Ukraynaya müharibə, Rusiyada isə səfərbərlik elan edə bilər.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə cümə axşamı “Komsomolskaya  Pravda” radiostansiyasına müsahibəsində “Rusiyada səfərbərlik olacaq?” sualına “Yox, yox, yox” cavabını verib.

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

Oqtay Qasımov: “Rusiyanın Ukrayna ilə bağlı planlarının həyata keçmə ehtimalı artıq yoxdur”

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukrayna ilə bağlı planlarının həyata keçmə ehtimalı artıq yoxdur: “Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayanda plan 96 saat ərzində bütün Ukraynanı nəzarətə almaq və Kiyevdə qələbə paradı keçirmək idi. Putinin elan elədiyi plana uyğun olaraq Ukraynada hakimiyyət dəyişməli və Rusiyanın bütün istədikləri həyata keçməli idi. Amma savaşın ilk günlərindən məlum oldu ki, Rusiya Ukraynaya hücum edərkən bir çox faktorları nəzərə almayıb. Birincisi, Ukrayna ordusunun 2014-cü ildəki ilə müqayisədə xeyli güclənməsini, yeni texnologiyalara malik, NATO standartalrında təlim görmüş döyüşkən ordu olduğunu hesablamamışdı. Bundan başqa, bütün Ukrayna xalqı rus işğalına qarşı ciddi müqavimət təşkil elədi, kütləvi şəkildə Ukraynada özünümüdafiə batalyonları yaradıldı. Bir növ partizan savaşları həyata keçirilməyə başladı. Putinin zənn etdiyi kimi, Ukraynada yaşayan ruslar Rusiya ordusunu nəinki gül-çiçəklə, əksinə, atəşlə qarşıladılar. Rusiyanın hesablamadığı digər faktor Qərbin, dünyanın Rusiya işğalına qarşı bu qədər sərt münasibət göstərəcəyi ilə bağlı idi. İlk gündən kollektiv Qərbin, ABŞ-ın mövqeyi qəti oldu, birmənalı surətdə Ukraynanı dəstəklədilər. Təxminən 40 günə yaxın davam edən savaş nəticəsində Rusiya ordusu Kiyev ətrafında məğlub oldu. Aprelin 25-dən Rusiya Müdafiə Nazirliyi əslində ”B planı"na keçdi. Geri çəkilən rus ordusunun Ukraynada törətdiyi cinayətlər bütün dünyanı dəhşətə gətirdi. Artıq Qərb dövlətləri, NATO, ABŞ başda olmaqla bundan sonra Ukraynaya daha açıq şəkildə dəstək verəcəklərini, özünü müdafiə üçün lazım olan hər şeyi edəcəklərini, həmçinin ağır hücum silahlarının veriləcəyini bəyan etdilər.

Bu açıqlamaların ardınca İngiltərə, Slovakiya, Polşa kimi ölkələrdən və ABŞ-dan müasir silahlar Ukraynaya gəlməyə başladı. Ən müasir silahların Ukraynaya gətirilməsi davam etməkdədir. Bütün bunlar Ukrayna ordusunun həm hücum imkanlarını, həm də əhval-ruhiyyəsini artırmaqdadır. Bu səbəbdən son günlər Xarkov ətrafında Rusiya ordusu təxminən 30 km geriyə otuzdurulub. Hadisələrin gedişatı onu göstərir ki, Rusiya 9 mayı Ukrayna üzərində qələbə gününə çevirmək istiqamətində istədiyinə nail ola bilməyib".

Ekspertin sözlərinə görə, iki aydan artıq davam edən Mariupol şəhərinin mühasirəsinə baxmayaraq hətta bu şəhər belə, Rusiya ordusunun tam nəzarəti altına keçməyib: “Gedişat onu göstərir ki, Rusiya hərbi rəhbərliyi nəyin bahasına olur-olsun ”Azovstal" zavodunu ələ keçirməklə 9 may gününə Rusiya Prezidentinə Mariupolun tam ələ keçirməsi ilə bağlı raport vermək istəyir. Qarşıdakı iki gün ərzində həmin ərazi ələ keçirilməsə, bu o deməkdir ki, Rusiya hərbi komandanlığının bu planı da baş tutmamış qalacaq. Mayın sonunadək Ukraynaya ağır müasir hücum silahalarının təminatı xeyli dərəcədə yekunlaşacaq ki, bu da Ukrayna ordusuna o imkanları verəcək ki, Rusiya ordusu ən azı 23 fevrala qədər olan sərhədlərə sıxışdırılsın.

Aydın olan məsələ budur ki, Rusiyanın Ukrayna üzərində qələbə şansı yoxdur və 9 may planları gerçəkləşməyəcək. Rusiyanın 9 mayda böyük bir qələbəni qeyd  etməsi üçün imkanı, potensialı yoxdur. ABŞ dövlət katibi və müdafiə nazirinin aprelin 25-26-da Kiyev səfərində verilən bəyanatları, ardınca Almaniyada 40 ölkənin müdafiə nazirlərinin Ukraynaya yardım məsələsini müzakirəsi zamanı ABŞ müdafiə nazirinin “yeri-göyü hərəkətə gətirəcəyik ki, Rusiya məğlub olsun” açıqlaması və daha sonra Ukraynaya göndərilən müasir hücum silahlarının həcmi ciddi şəkildə artırıldı. Bütün bunları nəzərə aldıqda Rusiyanın planlarının həyata keçməyəcəyi aydın görünür".

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Rövşən Məhərrəmov: “Nə qələbə, Rusiya 22 mindən çox hərbçi itirib, Əfqanıstanda heç bu qədər itki verməmişdi”

Hərbi ekspert Rövşən Məhərrəmov isə öncə xatırlatdı ki, Rusiya Ukraynaya 4 istiqamətdən hərbi hücum etmişdi: “İki ay yarıma yaxın müddət keçib, lakin Rusiya istədiyinə nail ola bilməyib. Kiyevə qədər irəliləyən rus ordusu geri oturdulub, Moskvanın təsəvvür etmədiyi sayda canlı itkilərə məruz qalıb. Rus hərbi texnikasının, silahının Qərbin Ukraynaya verdiyi müasir silahlarla müqayisədə çox zəif olduğu, rus ordusunun döyüş ruhunun olmadığı bu müddətdə ortaya çıxmış oldu. Rusiya ordusu 22 mindən yuxarı hərbçisini itirib. SSRİ ordusu Əfqanıstanda uzun illər çəkən müharibədə heç bu qədər heç itki verməmişdi. Cəmi iki ayda 22 mindən yuxarı hərbçi itirmək bir ordunun hansı vəziyyətdə olduğunun göstəricidir. Eyni zamanda bu, Ukrayna ordusunun və xalqının necə yüksək döyüş ruhunda olduğunun, müqavimətinin gücünün bir göstəricisi sayılmalıdır. İndi Rusiyanın əsas hədəfi Ukraynanın Qara dənizinə çıxışını bağlamaqdır. Bunun üçün çox şiddətli döyüşlər gedir. Lakin Ukrayna ordusunun NATO dövlətləri tərəfindən çox müasir, güclü hücum silahları ilə sürətli təmin olunmağa başlaması onu deməyə əsas verir ki, rus ordusu Moskvanın bu planını da gerçəkləşdirə bilməyəcək”.

Hərbi ekspertin sözlərinə görə, bütün baş verənləri təhlil etdikdə belə aydın olur ki, Rusiyanın 9 mayı Ukrayna üzərində qələbə elan etməsi üçün heç bir əsası qalmayıb, ortada qələbə adlanacaq uğur yoxdur: “Rusiya ordusunun qələbəlik halı da qalmayıb. Döyüş ruhu yox səviyyəsində, silahlar, texnikalar Qərbin müasir silahları qarşısında aciz durumda. Rus ordusunun bütün hücumları Ukrayna ordusu tərəfindən önlənir. Nəticədə hər dəfə rus ordusu böyük itkilərə məruz qalır. Belə vəziyyətdə hansısa qələbə paradından danışmaq mümkün deyil. Peskov deyir ki, müharibə sona qədər davam edəcək. Yəni bu o deməkdir ki, 9 may qələbə günü elan edilməyəcək. İkincisi isə, mən əminəm ki, müharibə sona qədər davam edəcəksə, rus ordusu buna davam gətirməyəcək. Mən hətta düşünürəm ki, yaxın 3-4 gündə Ukrayna ordusundan sürprizlər gözlənir. O sürprizdərdən biri Mariupol və Herson vilayətinin rus ordusundan azad edilməsi ola bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR