Onlayn ictimai-siyasi qəzet
Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir.
Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Litvanın xarici işlər naziri Qabrieulius Landsberqisin Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirlərinə cavab olaraq yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur:
"Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.
Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı ölkələrdəndir".
Bəyanatda vurğulanıb ki, Reç Pospolitanın xiffətini çəkən litvalı nazir müstəqilliyini birinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdə ifadə etdikləri “mifik Ermənistan”dan “real Ermənistan”a keçid niyyəti kimi “real Litva”ya keçməlidir.
"Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aid etməsi, Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondan artıq azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyin, qərəzin, onun səlibçi təfəkkürünün göstəricisidir.
Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist və korrupsioner üzvünün Azərbaycana girişinə icazə verilməməsi məsələsinə gəldikdə, vurğulamaq lazımdır ki, suveren bir dövlət kimi onlara giriş qadağası qoymaq tamamilə Azərbaycanın haqqıdır. Litvalı nazirin bununla bağlı da açıqlamaları lüzumsuzdur. Həmin addım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və dini ayrı-seçkiliyin ifşa edilməsinə və insan hüquqlarının təşviqinə xidmət edir", - İcmanın bəyanatında bildirilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ