Onlayn ictimai-siyasi qəzet
Ukrayna nadir torpaq metalları olan ərazilərinin böyük hissəsini itirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, "Forbes" jurnalı 2023-cü ilin aprel ayında Ukraynanın faydalı qazıntılarının ümumi dəyərini 15 trilyon dollar olaraq qiymətləndirib. Lakin bu ehtiyatların 70%-dən çoxu hazırda Rusiya tərəfindən nəzarət edilən Donetsk və Luqansk vilayətlərində, həmçinin cəbhə xəttinə yaxınlaşan Dnepropetrovsk vilayətində yerləşir.
UNIAN qeyd edir ki, Ukrayna Avropada litium, titan və digər mineralların ən böyük ehtiyatlarına malikdir. Xüsusilə litium müasir texnologiyanın inkişafında vacib rol oynayan bir elementdir və smartfonlardan tutmuş elektromobillərə, batareyalardan süni intellekt sistemlərinə qədər bir çox yüksək texnologiyalı istehsal sahəsində istifadə olunur.
Ekspertlər bildirirlər ki, nadir torpaq metalları təkcə Ukrayna üçün deyil, Avropa və dünya iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Qərb ölkələri, xüsusilə də Avropa İttifaqı, bu metalların tədarükü baxımından Ukraynanın mühüm tərəfdaşı idi. İndi isə bu ehtiyatların böyük hissəsinin Rusiyanın nəzarətinə keçməsi Avropanın texnologiya sənayesinə də mənfi təsir edə bilər.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ