İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı “divin ağzından” qurtara biləcək neytral status nə deməkdir?

Elşən Mustafayev: “Zelenski Ukraynanın maraqlarına zidd olacaq şərtlərə razılıq versə...”

Ukrayna Rusiya rəhbərliyi ilə ölkənin neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. Moskva isə bəyan edib ki, Ukraynanın İsveç və ya Avstriya nümunəsində öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətə çevirmək ideyasını nəzərdən keçirməyə hazırdır. “Bu, hazırda həqiqətən müzakirə olunan və real kompromis hesab edilə bilən variantdır” - deyə Kremldən bildirilib.

“Təbii ki, biz tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf kimi qalmaq cəhdini başa düşürük. İsveç və ya Avstriyanın neytrallıq modelləri haqqında sözlər buradan gəlir. Buna görə də yalnız Ukrayna modeli ola bilər və yalnız təsdiqlənmiş təhlükəsizlik zəmanətləri ilə. Başqa model və ya seçimlər yoxdur. Bunun mənası nədir?

Birincisi, mütləq və məhz effektiv təhlükəsizlik zəmanətləri. Protokol və ya Budapeştsayağı yox. Bu isə o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda durmurlar, münaqişədə Ukraynanın tərəfində fəal iştirak edir və rəsmi şəkildə bizə lazımi qədər silah-sursat verirlər. İkincisi, Ukrayna artıq qanadlı raketlərdən səmanı bağlamağa imkan verən və ya imkan verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Səmanın mütləq bağlanacağına dair birbaşa və sərt təminatlara ehtiyacımız var", - deyə, Ukrayna Prezidentinin Ofisindən bildirilib.

Bir ölkənin neytral statusu nədir? Ölkənin neytral statusu və ya neytrallığı beynəlxalq hüquqda dövlətin cəlb edilə biləcək beynəlxalq münaqişə, müharibə hərəkətlərdən çəkindirdiyi mövqe (status) deməkdir. Yəni ölkə başqa dövlətlər arasında müharibələrdə iştirak etmir, hərbi-siyasi bloklarda iştirakdan imtina edir və onlara qoşulmur, hərbi arsenalını azaldır. Əvvəlcə neytral dövlətin vəzifələrinə yalnız müharibədə silahlı iştirakdan çəkinmək daxil idi, lakin ərazisindən döyüşən qoşunlarının keçməsi qadağan deyildi. Sonralar bu statusun öhdəlikləri sırasına müharibə aparan dövlətə hər hansı yardımdan tamamilə imtina da daxil edildi. Neytral status ölkəyə hansı məhdudiyyətlər qoyur? Beynəlxalq hüquqa görə, neytral status ölkələr arasında hərbi münaqişə zamanı ölkəyə üç məhdudiyyət qoyur:

- döyüşən tərəflərə öz silahlı qüvvələrini verməmək;

- öz ərazilərini döyüşən tərəflərin istifadəsinə verməkdən (baza, tranzit, uçuş və s.) imtina etmək;

- silah və hərbi malların tədarükü zamanı tərəflərdən heç birinə qarşı ayrı-seçkilik etməmək.

Yəni məhdudiyyətlər ya eynidir, ya da ümumiyyətlə olmamalıdır. Hansı ölkələr neytraldır?

- Avstriya (26.10.1955-ci il tarixli daimi neytrallıq haqqında qanun);

- Kamboca (Suverenlik, müstəqillik, ərazi bütövlüyü, toxunulmazlıq, neytrallıq və milli birlik haqqında 23.10.1991-ci il tarixli saziş);

- Laos (23 iyul 1962-ci il tarixli neytrallıq bəyannaməsi);

- Malta (14.05.1981-ci il tarixli neytrallıq haqqında bəyannamə);

- Türkmənistan (27 dekabr 1995-ci il tarixli daimi neytrallıq haqqında qanun);

- İsveçrə (İsveçrənin daimi neytrallığının və ərazisinin toxunulmazlığının tanınması və təminatı haqqında 1815-ci il tarixli Akt).

Göründüyü kimi, Ukraynanı “divin ağzından” qurtara biləcək, tərəflərin razılığa gələ biləcəyi yeganə ortaq nöqtə neytrallıq məsələsidir. Razılaşma baş tutacaqmı, yoxsa Rusiya sonadək gedəcək?

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev zamanın Rusiyanın əleyhinə işlədiyini qeyd etdi: “Ukraynada hadisələrin gedişatı, eyni zamanda danışıqlar masasında ritorikanın az da olsa dəyişməsi onu deməyə əsas verir ki, hərb meydanında, diplomatik sahədə zaman Rusiyanın əleyhinə işləyir. Dünyanın nüfuzlu iqtisadi mərkəzlərinin aprelin 15-nə qədər Rusiyanın defolt olacağını demələri, rəsmi Moskvanın açıq olmasa da belə bir hadisəni gözlədiklərini etiraf etmələri onları təcili çıxış yolları aramağa məcbur edir. Hazırda Putin elə bir yol axtarır ki, geri çəkilməsi halında məğlub durumda görünməsin. Ölkəsindəki nüfuzuna ölümcül zərbə vuracaq ssenari ilə müharibənin dayandırılması onun hakimiyyətdən getməsi və sonrakı etapda daha ağır vəziyyətlərə düşməsinə gətirib çıxara bilər. Müharibə başlayan vaxtı Putinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinin mümkünsüzlüyü artıq özü üçün belə aydın görünməyə başlayıb. Buna baxmayaraq,  danışıqlar masasında həmin şərtlərin əksəriyyətini bir qədər yumşaldılmış halda yenə də irəli sürür. Amma məsələ orasındadır ki, sorğulara görə bu gün nüfuzu 90 faizə çatmış Zelenski Ukraynanın maraqlarına zidd olacaq şərtlərə razılıq versə, ilk olaraq Ukraynanın siyasi elitası, digər aparıcı partiyaları, ən əsası xalqın böyük bir hissəsi buna etiraz edib razılaşmanı qəbul etməyəcək. Rusiya da bunu yaxşı anlayır, ona görə də yollar axtarmağa başlayıb. O səbəbdəndir ki, artıq danışıqlar masasında ”denasifikasiya"- hakimiyyətin tam tərkibdə idarəetmədən çəkilməsi, istintaqa cəlb olunması ilə bağlı şərti müzakirə olunmur. Bu necə müzakirə oluna bilərdi ki, əhalinin 90 faizi “nasist” adlandırdığı prezidenti müdafiə edir. Həmçinin ölkənin demillitrasiyası- yəni tam silahsızlaşdırılması şərti də danışıqlarda qismən silahsızlaşdırılması ilə əvəzlənib. Yaxud qondarma qurumların müstəqilliyinin, Krımın isə Rusiya ərazisi kimi tanınması şərtləri də müzakirə olunmur. Hazırda əsas danışıq predmentləri ölkənin neytral statusa malik olması ilə bağlı gedir. Hətta bununla bağlı Avstriya, İsveç və bu şəkildə olan bəzi dövlətlərin adları hallanır. Bu o deməkdir ki, əgər Ukrayna neytrallığını elan edərsə, elə bir hərbi kontingentə malik olmalıdır ki, bu, hücum yox, müdafiə qabiliyyətli olmalıdır. Qonşularına qarşı hər hansı ərazi iddiası olmamalıdır və s. Hazırdakı durumu nəzərə alaraq deyə bilərəm ki, Ukrayna iki halda neytral statusa malik dövlətə çevrilə bilər. Birinci hal odur ki, rəsmi Kiyev neytrallıq elan olunana qədər Krımı Rusiya ərazisi kimi qəbul etsin, qondarma respublikaları isə tanısın. İkinci halda isə qondarma respublikalar özlərini buraxıb Ukrayna qanunlarına tabe olur və Krım Ukraynaya qaytarılır. Bunlar olmayacağı təqdirdə, deməli, müharibə vəziyyəti, ərazi problemləri yenə də qalır".

Ekspert onu da qeyd etdi ki, belə situasiya ilə neytral dövlət anlayışından, ümumiyyətlə, söhbət gedə bilməz: “Bu gün nümunə olaraq adları çəkilən dövlətlərin qonşuları ilə masada razılaşmadıqları ərazi problemləri olmadığından müharibə perspektivləri də yoxdur. Həmçinin 10 milyonluq İsveç, 9 milyonluq Avstriya, yaxud 5 milyonluq Türkmənistan 44 milyonluq Ukrayna deyil. Ona görə də hesab edirəm ki, Ukraynanın neytral dövlət olması, hərbi kontingentinin azaldılması yalnız o halda mümkün ola bilər ki, ilkin ərazi problemləri həll edilsin, ərazisinin və əhalisinin təhlükəsizliyi böyük dövlətlər - xüsusilə ABŞ tərəfindən qarantiya altına alınsın və bu qarantiya çox ciddi sənədlərlə müşayiət olunsun ki, 90-cı illərdə eyni məqsədlə imzalanmış Budapeşt sənədinin taleyini yaşamasın. Bu faktorların hamısı həyata keçməyəcəksə, söhbət yalnız Ukraynanın kapitulyasiyasından, yəni məğlubiyyətini rəsmən etiraf etməsindən gedə bilər ki, məğlub ölkələr də neytral olmurlar. Düşünürəm ki, hələ bir müddət də müharibə davam edəcək. Hazırkı durumda nə Zelenski, nə də Putin mövcud şərtlərlə sülhə hazır deyillər. O səbəbdən yəqin ki, bundan sonra da danışıqlar raundlarının şahidi ola biləcəyik və inanıram ki, bu raundların hər dəfəsində Rusiya bir qədər də geri çəkiləcək. Buna onu mövcud iqtisadi durumu, beynəlxalq basqılar, hərb meydanında canlı itkiləri məcbur edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR