Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada ədalətli və davamlı sülhə can atacaq. Bu barədə təzə administrasiyada Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək general Keyt Kelloq Fox kanalına verdiyi şərhdə bildirib.
“Prezident ölümləri dayandırmaq və bölgəyə sülh gətirmək istədiyində çox ardıcıldır. Bu, onun beynəlxalq siyasətinin əsas prioritetidir. Amma o, ədalətli bir sülh istəyir. Bu sabit sülh olacaq. Təhlükəsiz olacaq”, - deyə Kelloq əminliyini ifadə edib.
O, həmçinin qeyd edib ki, Minsk Prosesi kimi Ukraynada davamlı sülhə nail olmağa hesablanmış əvvəlki cəhdlər tam uğursuz olub.
“O (Tramp – red.) müttəfiqləri ilə, həmçinin Vladimir Putinlə əlaqələrinin vacibliyini anlayır. Və bunu axıra çatdıra biləcək insan da odur. Mən həqiqətən inanıram ki, o, nisbətən yaxın gələcəkdə buna nail olacaq”, - Kelloq əlavə edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukrayna münaqişəsinin asan həlli olmayacaq. Onun sözlərinə görə, Moskvanın nizamlanma perspektivləri ilə bağlı heç bir illüziyası yoxdur. “Hazırda Qərb və Ukraynada aparılan danışıqlar yalnız atəşkəs barəsindədir. Kiyev rejimi Qərbin köməyi ilə yenidən güc toplamaq istəyir. Atəşkəs bizi qane etmir, bizə etibarlı və hüquqi qüvvəyə malik razılaşmalar lazımdır”, - nazir qeyd edib.
Öz növbəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, əgər həm Rusiya, həm də Ukrayna danışıqların nəticələrindən narazı qalarsa, bu, hər iki ölkədə revanşist əhval-ruhiyyənin artmasına səbəb ola bilər.
“Ukraynanın Rusiyaya qarşı potensial revanşist siyasətini ortamüddətli perspektivdə ciddiyə almamaq olmaz”, - keçmiş baş diplomat deyib.
Kulebaya görə, 10 il ərzində Ukraynada “qisas motivli siyasətçilər və siyasi qüvvələr” peyda ola bilər: “Ukrayna siyasətçilərinin gələcək nəsli müharibədən sonra ölkənin yenidən qurulmasına diqqət yetirəcək. Əraziləri geri qaytarmaq, Rusiyaya nəhayət bədəl ödətmək... Biz iqtisadi dirçəlişdən sonra bu arqumentlərin daxili siyasətdə necə nəticələnəcəyini görəcəksiniz”.
Kuleba nəyə işarə verir və ya nəyin anonsunu verir? Torpaqları qaytarmağın Azərbaycan variantınınmı?
Siyasi şərhçi Heydər Oğuz "Yeni Müsavat"a deyib ki, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi olacaq general Keyt Kelloqun bu sözləri əslində ABŞ-ın gələcək prezidentinin seçkiqabağı verdiyi vədləri inkar edir və onun bir ümid illuziyasından bir şey olmadığını göstərir:
“Xatırlayırsınızsa Tramp seçkiqabağı təbliğat və təşviqat kampaniyasında Ukrayna savaşını bir günə bitirəcəyini, bunun üçün sadəcə hər iki ölkənin prezidentini qabağında oturdub “savaşı bitirin” deyəcəyini və 3 ildir dayanmadan döyüşən bu iki dövlət başçılarının “ləbbeyk” deyərək əmri yerinə yetirəcəyini bildirirdi. Bunun içiboş və absurd fikirlər olduğu o zaman da bəlli idi. Trampın özü də Ukrayna lideri Zelenski ilə Fransada görüşündən sonra bunun belə olmayacağı anladı. Təsadüfi deyil ki, Zelenski bu qapalı görüşdə səsləndirdiyi “ədalətli sülh və təhlükəsizlik zəmanətləri” barədə fikirlərini Trampın Ukrayna üzrə müşaviri Keyt Kelloq da “Fox” kanalına müsahibəsində bir növ təkrarlayıb. Kelloqun müsahibədə dilə gətirdiyi “Tramp ədalətli bir sülh istəyir. Bu, sabit sülh olacaq. Təhlükəsiz olacaq” fikrinə ötəri nəzər salsaq, görərik ki, o da əsasən iki formul üzərində dayanıb – “ədalətli sülh və təhlükəsizlik”. Məncə, bu təkrarlanma Zelenskinin fikirlərinin Tramp tərəfindən də mənimsənilməsinə işarədir”.
Heydər Oğuzun fikrincə, Trampın Ukrayna məsələsinə laqeyd münasibət sərgiləməsi və guya sülh axtarışları əslində gərginliyi azaltmağa yox, əksinə müharibənin yükünü avropalı müttəfiqlərinin çiyninə yükləməyə xidmət edir: “Başqa təbirlə desək, Tramp Ukraynanın güzəştləri hesabına müharibəni bitirmək ideyasını dilə gətirməklə əslində Avropadakı öləzləyən rus xofunu qıcıqlandırır. Çünki yaxşı bilir ki, Ukrayna çarəsiz qalıb güzəştli sülh təklifini qəbul etsə belə, NATO-nun avropalı müttəfiqləri bununla razılaşmayacaq, Ukraynada uğur qazanan Rusiyanın növbəti hədəfinin qərbə doğru irəliləmək olacağından çəkinəcək. Tramp yaxşı bilir ki, Avropanın Hitler qarşısında geri addım atdıqca onun iştahasını böyütmələri və nəticədə alman faşizminin bütün Avropanı ələ keçirmək eşqinə düşdüyü kimi acı təcrübələri var. Məhz bu səbəbdən onlar eyni təcrübənin yenidən təkrarlanmasını istəməyəcəklər və Rusiyanı zamanında zərərsizləşdirməyə çalışacaqlar. Tramp, Zelenski və Makronun bu ayın 7-də baş tutan Notr-Dam Katedralı görüşündən sonra NATO-nun avropalı müttəfiqlərinin həqiqətən də ABŞ-sız Ukrayna savaşını sürdürmək barədə dərindən düşünməyə başladıqları barədə məlumatlar var. Məlumata görə, görüşdən 5 gün sonra Carnegie Europe analitik mərkəzinin tədbirində iştirak edən NATO-nun yeni Baş katibi Mark Rutte üzünü Avropa liderlərinə və xalqına tutub müdafiə xərclərini artırmağa çağırmışdı. O bildirmişdi ki, Soyuq savaş dövründə Avropa ölkələri öz ÜDM-larının 3%-ni müdafiə sektoruna xərcləyirdilər. İndi isə 2%-ni belə xərcləmək istəmirlər. Halbuki, hazırda Soyuq savaşdan daha ciddi təhlükə ilə üz-üzədirlər. Rutte həmçinin bildirmişdir ki, Avropa ölkələri hazırda ÜDM-larının 4%-ni sosial tədbirlərə sərf edirlər. Bunun əvəzinə müdafiə xərclərini artırmaq lazımdır”.
Trampın Ukraynaya laqeydliyinin başlıca səbəbinin NATO Baş katibinin bu sözlərində gizləndiyini düşünən siyasi şərhçinin fikrincə, ABŞ lideri Avropa müttəfiqlərini bu fikrə salmaqla əslində öz istəyinə nail olub: “Artıq Avropa ölkələri müdafiə güclərini artırmaq üçün yollar axtarırlar. Məsələn, Almaniyanın Marşal Fondunun yetkilisi Gesine Veber (Weber) DW-yə açıqlamasında deyib: “Avropalılar ABŞ-a yaxşı bir razılaşma təklif etməlidirlər” ki, onu təhlükəsizliyinin əsas himayədarı kimi saxlaya bilsin. Veberə görə, Avropanın böyük ölçüdə öz müdafiəsini həyata keçirəcəyi və ABŞ-ın “son çarə kimi müdafiəçi” olacağı bir model yalnız Vaşinqtonu inandırmaq üçün uyğun ola bilər. Bənzər fikirləri digər avropalı strateqlər də dilə gətirirlər. Qoca qitənin təkbaşına öz müdafiə sistemini qurmaq üçün isə uzun illər lazımdır. Avropa Xarici Əlaqələr Şurasının (ECFR) müdafiə üzrə eksperti Rafael Lossa görə, sadəcə düşmən ərazisinə nəzarət edə bilən peyklərin inşası üçün Avropaya ən azı 10-15 il lazım olacaq. Bundan əlavə, Avropanın “ağır müdafiə vasitələrini uzaq məsafələrə daşıya bilən iri nəqliyyat vertolyotları kimi kəşfiyyat və logistika vasitələrinə” təcilli ehtiyacı var. Bütün bu hədəfləri reallaşdırmaq üçün Avropa hələ uzun müddət ABŞ-ın müdafiə sənayesinə bel bağlaya bilər. Belə çıxır ki, Trampın əsl məqsədi ABŞ-ın müdafiə sənayesinə külli miqdarda vəsait qazandırmaqdır və bunun üçün də Ukrayna müharibəsinin məsuliyyətini öz müttəfiqlərinə yükləməlidir. Üstəlik, Avropa ölkələrinin yükü təkcə öz sərhədləri ilə də məhdudlaşmayacaq. ABŞ Çinlə də rəqabətdədir və bu məqsədlə ətrafına Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya kimi Asiya ölkələrini toplayıb böyük müharibəyə hazırlaşır. Bu 4 Asiya ölkəsi AP4 ittifaqı yaradıb və ABŞ-ın tələbi ilə bu ittifaq NATO ilə əməkdaşlıq sazişi bağlayıb. Trampın hakimiyyət kreslosunda oturmasından sonra NATO-AP4 əməkdaşlığının artacağı gözlənilir. Bir sözlə, Avropa müdafiə imkanlarını artırmaq üçün bundan sonra əlini daha çox cibinə salmalıdır”.
Faktiki olaraq bu qədər ağır yük altına girən və öz müdafiə imkanlarını artırmaq məcburiyyətində qalan Avropanın 2 ən böyük problem qarşısında qaldığını deyən Heydər Oğuzun fikrincə, bu problemlərdən biri pul, digəri isə vaxtdır: “Avropanın tam müdafiə imkanına ancaq 10-15 il ərzində erişə biləcəyi üçün onun öhdəsinə götürdüyü Ukrayna savaşını bir qədər təxirə salmağa ehtiyac var. Görünür, bu səbəbdən Tramp həm də “sülh” təklifi ilə ortaya çıxıb, baş tutacağı şübhə doğuran ideyalarla danışıqlar prosesinə başlamaq və müxtəlif bəhanələrlə müttəfiqlərinə zaman qazanmaq istəyir. Yəqin ki, Rusiya da bunun fərqindədir və Lavrov “Qərb və Ukraynada aparılan danışıqlar yalnız atəşkəs barəsindədir. Kiyev rejimi Qərbin köməyi ilə yenidən güc toplamaq istəyir”, - deyərkən bunu nəzərdə tutur. Və onu da vurğulayır ki, “atəşkəs bizi qane etmir, bizə etibarlı və hüquqi qüvvəyə malik razılaşmalar lazımdır”. Lavrovun bu fikrində diqqəti cəlb edən əsas məqamlardan biri də “hüquqi qüvvəyə malik razılaşmalar”dır. Bu onu göstərir ki, Rusiya da öz sülh təklifinin nəticə verəcəyinə inanmır. Çünki Zelenski uzun müddət davam edən sülh danışıqlarında nəhayət Rusiya ilə razılaşsa belə, bağlanan sazişin hüquqi qüvvəsi olmayacaq. Sazişin qüvvəyə minməsi üçün mütləq Ukrayna parlamenti tərəfindən də ratifikasiya olunmalıdır. Ukrayna parlamentinin onu ratifikasiya edəcəyini gözləmək sadəlövhlükdür. Zənnimcə, əldə olunacaq sazişin bir müddət də Ali Radada müzakirəyə çıxarılıb sonunda rədd edilməsi perspektivi var. Bu isə sözsüz ki, Ukraynaya və Avropaya özünü toparlamaq üçün zaman qazandırmaqdan başqa bir işə yaramaya bilər. Məsələyə bu aspektdən yanaşanda Lavrovun əslində çox da haqsız olmadığı ortaya çıxır”.
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın fikirlərinə gəlincə, Heydər Oğuz deyib ki, onun 10 ildən sonra itirilmiş əraziləri qaytarmaq imkanının doğacağı barədə fikirləri Avropanın bu müddət ərzində müdafiə gücünü tam formalaşdıra biləcəyi ümidindən qaynaqlanır və doğru mühakimədir: “Bayaq NATO-nun Avropa qanadının müdafiə gücünü artırmaq səylərini şərh edərkən mən də demişdim ki, “qoca qitə”yə bu planı tam reallaşdırmaq üçün 10-15 il vaxt lazım olacaq. Görünür, Ukrayna da bu müddət ərzində öz hərbi qüdrətini gücləndirmək niyyətindədir. Sözsüz ki, indidən planlaşdırılan hədəflər reallaşsa, Ukrayna üçün öz itirilmiş ərazilərini qaytarmaq imkanı əldə edəcək. Amma Rusiya NATO-ya və Ukraynaya bu fürsəti verəcəkmi? Gücü çatsa, əlbəttə, verməyəcək. Amma Rusiya da artıq savaşdan yorulub və ağır iqtisadi böhranın astanasındadır. Ona da savaşa bir qədər ara vermək lazım olacaq. Bu baxımdan, Rusiya çətin seçim qarşısındadır: müharibəni davam etdirməli, yoxsa Ukraynanın və Avropanın güclənməsinə qədər ona fürsət verməlimi? Məncə, hər iki ehtimal Rusiya üçün faciə ilə tamamlana bilər. Birində bir qədər tez, digərində isə bir qədər gec. Amma bu savaşın Rusiyanın strateji məğlubiyyəti ilə nəticələnəcəyi daha ağlabatan görünür”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ