Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkənin NATO-dakı daimi nümayəndəsi Metyu Uitker Vaşinqtonun avropalı müttəfiqlərinə Rusiya neftinin alınmasını dayandırmaları üçün təzyiq etmək niyyətindədir.
Bunu amerikalı lider şənbə günü Virciniya ştatında ACI beyin mərkəzinin təşkil etdiyi şam yeməyində deyib.
"Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?", - ABŞ prezidenti bəyan edib.
Trampın sözlərinə görə, Metyu Uitker bunun uzun müddət davam etməsinə icazə verməyəcək: "Uitaker bu məsələdə ABŞ-ın müttəfiqləri ilə məsləhətləşməlidir. Met, onlar Rusiyadan neft almağı dayandırmalıdırlar. Onlarla danışacaqsan? Xahiş edirəm onlarla danış".
Amerika lideri qeyd edib ki, onun administrasiyası ABŞ-nin neft hasilatını artırmaq və onun maya dəyərini azaltmaq üçün addımlar atır: "Biz həqiqətən neftin qiymətini aşağı salırıq, onu azaltmaq istəyirik. Neftin qiymətinin cüzi daha da aşağı düşməsi avtomatik olaraq Ukraynada münaqişənin sona çatmasına gətirib çıxaracaq".
Tramp, həmçinin Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətinin olduğuna əminliyini bildirib.
Qeyd edək ki, ABŞ uzun müddətdir ki, müharibənin bitməsi üçün əsas alətlərdən biri kimi Avropanın Rusiyadan enerji alışını dayandırmasını tələb edir. Hətta bununla bağlı olaraq bir neçə dəfə Avropaya çağırış edilib.
Doğrudanmı, savaşa son qoymağın yeganə yolu budur?
Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a bildirib ki, bu gün Avropa xeyli dərəcədə Rusiya neft və qazından asılı vəziyyətdədir: “Avropa dövlətlərinin enerji idxalı Rusiyaya iqtisadi divident qazandırır və onun sanksiyalardan yayınmasına kömək edir. Beləliklə, Avropa müharibənin uzanması ilə bağlı hədəfinə nail olur.
Əlbəttə, Avropanın Rusiyadan enerji alışını dayandırması müharibənin taleyinin müəyyənləşməsi üçün həlledici addım ola bilər. Amma Avropa dövlətləri yaxın gələcəkdə buna getməz. ABŞ-nin tələbi Avropa dövlətlərində ciddi fikri ayrılıqlarına səbəb ola bilər. Bu, Avropanı daha da zəiflətmək istəyən Vaşinqtonun maraqlarına cavab verir. Bəlkə də, elə buna görə Ağ Ev israrla tələb edir ki, Avropa Rusiyadan qaz idxalını dayandırsın. İkinci bir tərəfdən, hətta Avropa Rusiya enerjisindən imtina etsə belə, bu, vaxt alacaq. Tramp müharibənin bitməsi üçün əsas alət kimi Rusiya neft- qazından imtinanı göstərməklə, bəlkə də, prosesin uzanmasına çalışır.
Üçüncüsü, Tramp verdiyi vədlərə baxmayaraq, savaşı bitirə bilmir. Və indi məsuliyyəti həm də Avropanın boynuna yıxmaq istəyir. Yəni Ağ Ev rəhbəri bir növ iddia edir ki, müharibənin bitməməsinin səbəbi Avropanın Rusiya enerjisindən imtina etməməsidir.
Dördüncüsü, Avropa Rusiya neft və qazından imtina etsə, ABŞ əsas ixracatçı kimi ön plana çıxa bilər. Bu, perspektivdə Avropanın ABŞ-dən asılılığını gücləndirər. Nəticədə etibarı ilə Vaşinqton Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa paytaxtlarında diktə edən tərəfə çevriləcək”.
Siyasi şərhçi hesab edir ki, Trampın Putinlə yaxşı münasibətlərinin olduğuna dair əminliyini ifadə etməsi diplomatik mesajdır: “Görünən odur ki, Vaşinqton bütün mümkün riskləri nəzərə alır və Moskva ilə münasibətləri kəskinləşdirməkdən çəkinir. Ona görə də Avropanı irəli verir. Bütün hallarda yaxın zamanda Rusiya- Ukrayna savaşının bitəcəyi gözlənilmir”.
Cavanşir ABBASLI
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ