İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibə gözlənilən sonluqla bitir: torpaqlar ruslarda qalır, təbii resurslar isə... - SENSASİON DETALLAR

ABŞ və Ukrayna Vaşinqtonda mühüm iqtisadi saziş imzalayıblar. Bu saziş Ukraynanın təbii sərvətlərinin, o cümlədən nadir torpaq elementləri, neft və qazın satışından əldə olunan gəlirlərin birgə idarə olunan İnvestisiyaların Bərpası Fonduna yönəldilməsini nəzərdə tutur. Fondun məqsədi Ukraynanın müharibədən sonrakı bərpasına və iqtisadi inkişafına töhfə verməkdir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Fondun yaradılması haqda razılaşmanı ABŞ Xəzinədarlığı və Ukrayna İqtisadi İnkişaf Nazirliyi də təsdiqləyib. Ukrayna İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Yuliya Sviridenko sazişin əsas müddəalarını sadalayıb: Ukrayna ərazisindəki bütün ehtiyatlar Kiyevin mülkiyyətində və nəzarətində qalır; Ukrayna və ABŞ fondu birgə idarə edəcək və heç bir tərəf həlledici səsə malik olmayacaq; sövdələşmə Ukraynaya məxsus olmaqda davam edəcək dövlət şirkətlərinin özəlləşdirmə proseslərində və ya idarə edilməsində dəyişiklikləri nəzərdə tutmur; müqavilədə Ukraynanın ABŞ qarşısında hər hansı borc öhdəliyinə dair heç bir qeyd yoxdur; fond yalnız kritik materiallar, neft və qaz sahəsində layihələr üçün yeni lisenziyalardan əldə edilən gəlirlə doldurulacaq; fondun gəlirləri və töhfələri nə ABŞ-da, nə də Ukraynada vergiyə cəlb edilməyəcək; ABŞ Ukraynaya ABŞ, Aİ və digər ölkələrdəki fond və şirkətlərdən investisiya və texnologiya cəlb etməyə kömək edəcək.

Nazirin sözlərinə görə, ilk 10 ildə fondun gəlirlərinin bölüşdürülməyəcəyi gözlənilir; yalnız Ukraynada yeni layihələrə investisiya qoymaq və ya ölkəni bərpa etmək mümkün olacaq. "Bu şərtlər daha sonra müzakirə olunacaq", - Sviridenko Facebook-da yazıb.

Qeyd edək ki, bu razılaşma 2025-ci ilin fevral ayının əvvəlindən Trampın Kiyevlə “Ukrayna resursları müqabilində Amerika dəstəyi” formatında sövdələşmə bağlamaq istədiyini bildirdiyi vaxtdan geniş müzakirə olunur. Onun sözlərinə görə “Bu, bir trilyon dollarlıq müqavilə ola bilər”.

Sual oluna bilər: Ukrayna təbii sərvətlərini ABŞ-la bölüşdürməklə nə əldə edəcək? Bu saziş Ukraynanın təhlükəsizliyinə və işğal olunmuş torpaqlarının qaytarılmasına nə qədər təminat verəcək? Ümumiyyətlə, Ukrayna bu sazişdən nə qazanacaq?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Ukrayna ilə ABŞ arasında bağlanan bu saziş birbaşa olmasa da, dolayısı ilə Ukraynanın təhlükəsizliyinin təminatına çevrilə bilər:

17f8394da49ede3ea714ad837d6d4b4b.jpeg (278 KB)

“Bir çoxları, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski də əvvəl enerji resursları müqabilində qələbə və ya təhlükəsizlik təminatı şərti ilə saziş bağlanmağın tərəfdarı idi. Amma ABŞ prezidenti Donald Tramp bu şərti qəbul etmirdi. Prinsipcə, haqlı idi. Çünki məsələnin bu şəkildə qoyulması ABŞ-ın Rusiya ilə birbaşa müharibəyə girməsi anlamına gəlirdi. Hər iki dövlət dünyanın ən güclü nüvə ölkəsi olduğundan onların müharibəsi nəticə etibarı ilə nüvə silahlarının işə salınması demək idi. ABŞ isə daha ehtiyatlı yol tutmağın, Rusiyanın qüruruna toxunmadan Ukraynanın təbii resurslarına yiyələnmək istəyirdi. Bunun üçün enerji sazişləri bağlanması və ABŞ kritik mineralların istismarına başlamalı idi. Trampın fikrincə, ABŞ şirkətləri bu fəaliyyətə başladıqdan sonra Rusiya onun obyektlərinə hücum etməyi ağlının ucundan belə keçirməyəcək, dolayısıyla rəsmi Kiyevin də ümidləri özünü doğruldacaqdı. Nəzəri olaraq, Trampın bu ideyası həqiqətən də məntiqli görünür. Çünki Rusiyanın ABŞ şirkətlərinin obyektlərinə hərbi müdaxiləsi savaş səbəbi sayıla və bunun bütün məsuliyyəti Moskvanın üzərində qala bilər. Rusiyanın bu riskə getməsi isə inandırıcı görünmür. Amma normal məntiqlə belədir. Kreml normal məntiqlə işləmədiyindən Putin administrasiyasının bu sazişə necə reaksiya verəcəyi bəlli deyil. Bununla belə, Avropa ilə ABŞ-ı bir-birindən ayırıb “qoca qitə”də öz mövqelərini gücləndirmək istəyən Kremlin Ağ evlə razılaşması da istisna edilməməlidir. Böyük ehtimalla, ABŞ yetkililərinin tez-tez Moskvaya səfər etməsi və Rusiya lideri Putinlə görüşməsi bu məqamların da onunla razılaşdırdıqları ehtimalını ağla gətirir”.

Heydər Oğuzun fikrincə, Rusiyanın Avropa üzərində mövqeyini güclənməsi və onları təhdid altında saxlaması ABŞ-ın da işinə yarayır: “Hələ ötən il seçki təşviqatı prosesi zamanı Donald Tramp bu mövqeyini gizlətmir, hətta NATO müttəfiqlərini Rusiya xofu ilə təhdid edirdi. Açıq şəkildə deyirdi ki, NATO ölkələri öz hərbi büdcələrini ÜDM-nin 2%-nə yüksəltməsələr, Rusiyanı qızışdırıb onların üstünə salacaq. Rusiya hərbi müdaxiləyə başladığı təqdirdə isə onları müdafiə etməyəcək. Bu mənada Rusiyanın Ukraynadan sonra Avropanın digər ölkələrinə qarşı aqressiv siyasətləri Trampın onları öz ağuşuna almaq istəyinə tam cavab verir. Son zamanlar Rusiyanın Baltikyanı və Skandinaviya ölkələrinə qarşı yönələn təhdidləri artıq bu ssenariyə start verildiyini göstərir. Yaxın zamanlarda rus təhdidlərinin Almaniya, Polşa, Fransaya qarşı yönəlməsi də gözləniləndir. Rusiyanın bu ritorik hücumları Avropanın daha çox silahlanması ilə yanaşı onun liberal hökumətlərinin zəifləməsinə də gətirib çıxaracaq. Beləcə, ABŞ ulusalçılarının dünyanın digər ölkələrindəki qlobalist hakimiyyətləri devirmək planının həyata keçirilməsini asanlaşdıracaq”.

Heydər Oğuzun fikrincə, Ukraynanın öz təbii sərvətlərini ABŞ-ın istismarına verməsi qətiyyən onun milli maraqlarına zidd deyil: “Məsələ burasındadır ki, Ukrayna o sərvətləri başqa bir dövlətlə əməkdaşlıq edib çıxarmalı idi. Bu Avropa ölkələri də, ABŞ da ola bilərdi. Nəhayətdə Ukraynanın təbii sərvətlərinin istismarına xarici kapital tapılmalı idi. Bu imtiyazın ABŞ-a verilməsi, yeri gələndə layihənin davamlılığını qarantiya altına alır və ortada yeganə bir şərt qalır: ədalətli paylaşım. Adətən enerji sazişləri gəlirlərin 50-nin 50-yə faiz nisbətində paylaşım şərtləri ilə bağlanır. Verilən məlumatlardan aydın olur ki, Ukrayna ilə ABŞ arasında bağlanan sazişdə də bu prinsip qorunub. Sazişə görə, ABŞ şirkətləri yataqların istismarına yatırdıqları xərci geri almaq üçün ilk 10 il ərzində gəlirin tamamını götürəcəklər. 10 ildən sonra isə qazanılan gəlirlər yarı-yarıya bölünəcək. Prinsipcə, bizim də 1994-cü ildə dünyanın müxtəlif neft şirkətləri ilə bağladığımız “Əsrin müqaviləsi”ndə də bənzər şərtlər vardı. “Əsrin müqaviləsi”nə görə, istismarın ilk 15 ilində qazanc 75-25 faiz nisbətində neft şirkətlərinə çatacaq və onlar öz investisiya xərclərini çıxaracaqdılar. Qalan 15 il ərzində isə 75-25 faizlik gəlir bölgüsü bizim payımıza düşəcəkdi. Ukraynada isə görünən budur ki, ABŞ şirkətləri qoyacaqları payı bir an öncə əldə etmək istəyirlər. Bunun da səbəbi, yəqin ki, Ukrayna yataqlarının nə qədər rentabelli olub-olmadığını bilməmələrindən qaynaqlanır. Bütün hallarda bağlanan müqavilənin Ukraynanın ziyanına olduğunu düşünmək üçün başqa ciddi əsas yoxdur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ABŞ-la Ukraynanın sözügedən müqaviləni indi bağlaması müharibənin yaxın zamanlarda bitirilməsinə də yol aça bilər: “Çünki heç bir enerji şirkəti müharibənin getdiyi ölkəyə böyük investisiyalar qoymaz. Əgər ABŞ həqiqətən bunda maraqlıdırsa, deməli müharibəni də tezliklə bitirməyə çalışacaq. Amma bunu bacara biləcəkmi? Təbii ki, bu sualın müsbət cavabı böyük ölçüdə Avropa ölkələrinin mövqeyindən asılıdır. Mümkündür ki, Ukrayna sərvətlərində gözü olan digər dövlətlər bu məsələdə maraqlı olmasınlar. Amma dərd burasındadır ki, bu dövlətlər Ukraynaya arzulanan dəstəyi də verə bilmirlər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR