İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada bomba yağışı altından Bakıda məhkəmə zalına – Oleq Bakinskinin işi

Bu gün, aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub.

Onların görüşü Xətai rayonunda yerləşən “Babək Plaza”da baş tutub.

İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar.

Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir. Valeriy Zaxarenko ilə bəlli olan budur ki, onun rəhbərlik etdiyi “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.

Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb.

Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir.

Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb.

Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.

Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir. Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

Ötən prosesdə Yeni Klinikaya Valeriy Nikolayeviç Zaxarenkovun 29 iyul 2024-cü ildə aparılan müayinələrinin nəticəsi ilə bağlı göndərilən sorğuya cavabın gəldiyi bildirilib. Məlum olub ki, müayinələr zamanı zərərçəkəndə açıq yara və dirsək sümüyünün sınığı müşahidə edilib.

Həmçinin prosesdə Dövlət Sərhəd Xidmətinə Valeriy Nikolayeviç Zaxarenkovun Azərbaycana giriş-çıxış tarixlərinin əldə olunması üçün göndərilən sorğunun cavabları da elan edilib. Bildirilib ki, bu məlumatların əldə olunması üçün göndərilən sorğuda təqsirləndirilən şəxsin fərdi məlumatları düzgün qeyd edilməyib.

Prosesdə Konstantin Kuçerin vəkili Elşad Əliyev vəsatət verərək bildirib ki, tərəflər arasında borcun ödənilməsi ilə əlaqədar danışıqlar gedir:

“Əgər danışıqlar uğurla keçərsə, barışıq əldə olunacaq. Barışıq üçün deyilən 2 milyon 700 min avronun bir hissəsi müəyyən işlərdə müqavilə üzrə icra edilib. Qalan şirkətlərə borc isə 1 milyon 200 min avroya yaxındır. Həmin borcu da Əmanətlərin Sığortalanması Fondu Konstantin Kuçerin ləğv edilmiş “Günay Bank”da olan batmış pulunu verərək qarşılayır. Lakin qarşı tərəf bunu qəbul etmir.

Müqavilə üzrə 10 hissədən 6-sı icra olunub. Qalan 4 hissə Rusiyada müharibə ilə əlaqədar yaranan məhdudiyyətlər və bankın bağlanmasına görə meydana gəlib. Ortada dələduzluq faktı yoxdur. Məhkəmədən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edirəm.

“Aviazapchast” ASC, “Promyshlennye Postavki” və “AeroDesign” ilə “Global Force” şirkəti arasında aparılmış maliyyə əməliyyatları məhkəməyə təqdim edilsin”.

Dövlət ittihamçısı bildirib ki, təqdim olunmuş vəsatətdə göstərilənlərin cinayət işi ilə əlaqəsi yoxdur, ona görə vəsatətin əsassız olmasını düşünür və təmin olunmamasını təklif edir.

Təqsirləndirilən Konstantin Kuçerə isə məhkəməyə “sirk” dediyi üçün xəbərdarlıq olunub.

O bildirib ki, zərərçəkənlə ortaq məxrəcə gəlməyə çalışsa da, qarşı tərəflə anlaşa bilməyib.

Məhkəmə vəkil Elşad Əliyevin mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib.

Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi, 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı.

Oleq Bakinski milliyyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.

“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”, - deyə Oleq Bakinski müsahibələrindən birində qeyd etmişdi.

Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başlatdığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə həmyerlilərimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərilməsində də fəal iştirak edib. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.

Maraqlı qüvvələrin səyi nəticəsində 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR