İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna yolayrıcında – ABŞ saatını Moskva vaxtına qurur?

Ukrayna Prezidenti Volodimir Zelenski martın 10-da – bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə onun X (keçmiş Twitter) platformasında verdiyi açıqlamada deyilir. Səfər çərçivəsində o, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş keçirəcəyini bildirib.

Ukrayna lideri vurğulayıb ki, bu səfər çərçivəsində Ukraynanın təhlükəsizlik maraqları, ərzaq ixracı, regionda sabitliyin qorunması və beynəlxalq diplomatik səylər müzakirə olunacaq. Zelenskinin Səudiyyə Ərəbistanından ayrılmasının ardından, rəsmi Kiyev bu ölkədə diplomatik mövqelərini gücləndirmək üçün yüksək səviyyəli nümayəndə heyətini orada saxlayacaq.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sıbiga, müdafiə naziri Rüstəm Umerov və Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa daxildir. Bu heyətin ABŞ Administrasiyasının rəhbərləri ilə görüşü planlaşdırılıb. Yəni görüş Zelensksiz keçəcək. Amerika tərəfinə dövlət katibi Marko Rubio başçılıq edəcək. 

Bu arada prezidenti Donald Tramp qatıldığı proqramda jurnalistin sualını cavablayarkən beləcə də deyib: “Ukrayna heç bir halda sağ qala bilməz. Amma bilirsiniz ki, bizim Rusiya ilə bəzi zəif nöqtələrimiz var. Bax bu müharibə olmamalı idi, amma oldu. Beləliklə, indi biz bunun üçün çalışırıq ki, bu müharibə bitsin”.

Bəs Səudiyyədə ilk dəfə keçiriləcək ABŞ-Ukrayna görüş nə vəd edir? ABŞ-la əsas müzakirə mövzusu nə olacaq? Niyə məhz Səudiyyə? Amerikanın Ukraynanı artıq meydanda tamamən tək qoyduğunu, saatını “Moskva vaxtı”na qurduğunu söyləmək olarmı?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd İbn Salman, əslində, Ukrayna prezidenti Volodimir Zelenskiyə bir daha ABŞ-ın prezidenti Donald Trampın tələblərini çatdıracaq: “Qlobal siyasət müstəvisində baş verən son hadisələrin fonunda bu prosesin baş tutması tamamilə məntiqli görünür və strateji baxımdan Tramp administrasiyasının gələcək planlarının bir hissəsi kimi qiymətləndirilə bilər. Zelenski-Tramp görüşündə yaşanan hadisələr və bu görüşdən sonra formalaşan yeni siyasi dinamika nəzərə alındıqda, ABŞ-Ukrayna diplomatik ünsiyyətinin əvvəlki birbaşa və açıq müstəvidən daha çox üçüncü ölkələr vasitəsilə həyata keçirilməsi ehtimalı güclənir. Bu isə, öz növbəsində, beynəlxalq diplomatiyada formalaşmaqda olan yeni bir mərhələnin başlanğıcını ifadə edir və ABŞ-ın gələcək xarici siyasət strategiyasının konturlarını müəyyənləşdirir”.

Siyasi şərhçi deyib ki, yeni reallıqlar fonunda mühüm bir məqamı yenidən xatırlatmaq yerinə düşər:

“Avropa heç bir halda Ukrayna üçün ABŞ-ın əvəzedici funksiyasını yerinə yetirə bilməz! Çünki Avropa qitəsi öz daxilində bir-birindən fərqli siyasi yanaşmaları, müxtəlif iqtisadi maraqları və bir çox hallarda bir-birinə zidd olan strateji prioritetləri təmsil edən dövlətlər birliyidir. Bu fərqlər, bəzən açıq şəkildə ifadə olunmasa da, müəyyən geosiyasi konfiqurasiyalarda özünü aydın büruzə verir. Avropa daxilində tarixi köklərə malik olan, lakin uzun illər ərzində latent (gizli) şəkildə qalaraq səthə çıxmayan və mütəmadi olaraq beynəlxalq proseslərin inkişaf trayektoriyasına uyğun şəkildə yenidən aktivləşən dərin ziddiyyətlər mövcuddur. Məsələn, Böyük Britaniya üçün əsas prioritet qitə Avropasının iqtisadi və siyasi baxımdan ifrat dərəcədə güclənməsinin qarşısını almaqdır. Bu, Londonda əsrlər boyu mövcud olmuş və geosiyasi doktrina səviyyəsinə yüksəlmiş ənənəvi strategiyanın bir hissəsidir. Tarix boyu Böyük Britaniya qitədə heç bir dövlətin dominant gücə çevrilməməsinə çalışmış və bu məqsədini reallaşdırmaq üçün daim tarazlaşdırıcı siyasət yürütmüşdür. Eyni zamanda, Fransa uzun onilliklər boyu Almaniyanın iqtisadi gücünün yalnız bu sahədə məhdudlaşmasına və heç bir halda hərbi qüdrətə çevrilməməsinə çalışmışdır. Çünki Paris üçün Berlinin hərbi gücə sahib olması tarixi yaddaşda müəyyən qorxu doğuran faktor olaraq qalır. Bu səbəbdən də Fransa, hər zaman Almaniyanı daha çox iqtisadi nəhəng kimi görməyə üstünlük vermişdir. Digər tərəfdən, Almaniya isə öz növbəsində Fransanın siyasi təsir imkanlarının genişliyindən və xüsusilə də onun atom silahına malik olmasından daim ehtiyatlanmışdır. Bu aspektdə Berlin və Paris arasında açıq şəkildə ifadə olunmayan, lakin strateji səviyyədə daim nəzərə çarpan bir rəqabət mühiti mövcuddur”.

Siyasi şərhçi vurğulayıb ki, Avropa ailəsinə sonradan daxil olan Şərqi Avropa ölkələri özlərini tam şəkildə "Ağ Avropa"nın ayrılmaz hissəsi kimi hiss edə bilmirlər: “Tarixən bu ölkələr Rusiya imperiyası və daha sonra Sovet İttifaqının təsir dairəsində olmuş, bu səbəbdən də uzunmüddətli perspektivdə Rusiyanın yenidən onları öz orbitinə qaytarmaq üçün müəyyən addımlar ata biləcəyindən ehtiyatlanırlar. Eyni zamanda, bu dövlətlər üçün Qərbi Avropanın onlara münasibətdə birmənalı şəkildə dəstək ifadə etməməsi və gələcəkdə geosiyasi maraqlar naminə güzəştə gedə biləcəyi ehtimalı narahatlıq yaradır. Belə mürəkkəb və daxili ziddiyyətlərdən ibarət olan bir sistemin Ukraynanın arxasında uzunmüddətli və dayanıqlı şəkildə dayanması faktiki olaraq mümkün deyil. Bu səbəbdən, ən yaxşı halda Avropa dövlətlərinin Ukraynaya verəcəyi cavab məhz belə olacaq: "ABŞ ilə danış". Bu isə onu deməyə əsas verir ki, Zelenskinin siyasi və diplomatik alternativləri olduqca məhduddur və onun manevr imkanları son dərəcə məhdudlaşır.

Bu reallıqlar fonunda Volodimir Zelenskini Mixeil Saakaşvilinin Gürcüstanda qarşılaşdığı taleyin gözləməsi tamamilə mümkündür. Gürcüstanın sabiq prezidenti kimi, o da siyasi proseslərin qaçılmaz nəticələri ilə üzləşə bilər. Lakin daha böyük ehtimalla, Zelenski sonda Trampın irəli sürdüyü sazişi imzalamaq məcburiyyətində qalacaq və bununla da öz siyasi karyerasını başa vuracaqdır. Bu qərar onun hakimiyyətdən getməsinə və gələcəkdə siyasi səhnədən tamamilə çəkilməsinə səbəb ola bilər. Bundan sonra isə Ukrayna hüquq sistemi tərəfindən məsuliyyətə cəlb olunması mümkündür və həmin vaxt ölkə daxilində belə bir diskussiya formalaşacaq ki, proseslər tamamilə fərqli istiqamətdə inkişaf etdirilə bilərdi və müharibənin nəticələri daha fərqli ola bilərdi.

ABŞ-ın saatını Rusiya ilə uyğunlaşdırması məsələsinə gəldikdə isə, burada əsas məqam Rusiyanın tarixi-strateji kimliyindən irəli gələn reallıqlardır. Rusiya heç zaman dünya miqyasında hegemon dövlət olmayıb və həmişə özünü Avrasiya məkanının əsas güc mərkəzi kimi görüb. Onun geosiyasi təsir dairəsi əsasən Avrasiya qitəsi ilə məhdudlaşıb və Rusiya özünü məhz burada komfort zonasında hesab edib. Donald Tramp da bu geosiyasi gerçəkliyi nəzərə alır və Rusiyanı qlobal güc statusuna yüksəltmək istəməsə də, onun Avrasiya miqyasında güc mərkəzi kimi mövcudluğunu qəbul edir. Eyni zamanda, gələcəkdə bəzi Avropa dövlətlərinin müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik aspektləri baxımından müəyyən dərəcədə Rusiyanın təsir dairəsinə keçə biləcəyi ehtimalı istisna edilmir. Bunlar əsasən keçmiş Varşava Paktına üzv olmuş bəzi dövlətlər ola bilər və onların gələcəkdə geosiyasi seçimlərində Rusiyanın müəyyən təsir imkanlarına malik olması mümkündür”.

Siyasi şərhçi deyib ki, bu proseslər bir daha sübut edir ki, Azərbaycanın yürütdüyü balanslı xarici siyasət xətti nə qədər düzgün və strateji baxımdan rasionaldır: “Azərbaycan xarici siyasətində situativ taktiki addımlardan çevik istifadə etməklə öz müstəqilliyini və milli maraqlarını qorumağa nail olur. Bu yanaşma, dəyişən qlobal geosiyasi mənzərə fonunda Azərbaycanın strateji mövqeyini daha da gücləndirən mühüm amildir. Azərbaycanın əsas xarici siyasət strategiyası öz dövlət maraqlarını maksimum qorumaq və regionda geosiyasi balansın pozulmamasını təmin etmək üzərində qurulmuşdur. Belə bir vəziyyətdə Azərbaycanın diplomatik çevikliyi və praqmatik yanaşması onun beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir və ölkənin strateji baxımdan güclənməsinə xidmət edir”.

E.MƏMMƏDƏLİYEV,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR