Onlayn ictimai-siyasi qəzet
"Çin İsrailin İrana qarşı hava zərbələrini sərt şəkildə tənqid edib. Çin xarici işlər naziri Van İ İranın nüvə obyektlərinə hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu vurğulayıb. Çinin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəklədiyini söyləyən nazir İsrailin iranlı yüksək rütbəli məmurları qətlə yetirməsini qınadığını deyib".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Pekin Ermənistan və Rusiya kimi İsraillə müharibədə İranın zəif duruma düşməsini, bu ölkədə rejim dəyişikliyi istəmir:
"Çünki İrəvan və Moskva kimi Pekindəki siyasilər də düşünürlər ki, İsrail ABŞ-la birgə İranda maraqlarına uyğun şəkildə rejim formalaşdırmağa çalışacaq.
Buna baxmayaraq, Çin İrana birbaşa hərbi dəstək verməyəcək. Pekin eyni zamanda İsraillə mübarizədə əlindəki imkanlar daxilində kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər.
Digər tərəfdən, Pekin İrandakı rejimin ayaqda durması üçün beynəlxalq müstəvidə bu ölkəyə diplomatik dəstəyini artıracaq. Bütün hallarda Pekin İsrail və ABŞ-ın qələbə çalmasını müxtəlif yollarla əngəlləməyə çalışacaq.
Rusiya İranla strateji tərəfdaş olsa da, üstəgəl, bu ilin əvvəlində Moskva ilə Tehran arasında müvafiq saziş imzalansa da, Kreml qonşusuna əməli dəstək verə bilməyəcək.
Rusiya bütün enerjisini Ukrayna ilə müharibəyə yönəldib, Kremlin yeni cəbhədə ABŞ-İsrail ittifaqı ilə mübarizə aparmağa nə potensialı, nə də istəyi var. Ona görə də Tehranın Pekindən daha çox gözləntisi var. Tehranda hesab edirlər ki, Çin İrandakı yatırımlarını qorumalıdır. Həqiqətən Çin son illərdə İran iqtisadiyyatına milyardlarla dollar yatırım qoyub. Ancaq Çinin bu yatırımlarını qorumaq imkanı yoxdur. İsrail Çinin yatırım qoyduğu müəssisələrə də zərbələr endirməyə başlayacaq. Məqsəd İran iqtisadiyyatının gəlir gətirən sahələrini dağıtmaqdır".
Politoloq qeyd edib ki, Çin İranın neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində də qalacaq.
Xalidə Gəray
Musavat.com
16 Iyun 2025
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ