Onlayn ictimai-siyasi qəzet
2024 kimin ili olacaq; ekspert iddia edir ki, Zelenski seçkidə qalib gələ bilməyəcək, onu yola salacaqlar
ABŞ-ın Ukraynaya keyfiyyətli hərbi və maliyyə dəstəyi Konqresdəki respublikaçıların iradəsinə asılı olaraq qalır. Faktiki dünyaya meydan oxuyan Rusiyaya qarşı iki ilə yaxındır ki, ölüm-dirim savaşı verən bir ölkəni Amerikanın yarı yolda buraxmaq istədiyi barədə fikirlər bu fonda əməllicə ciddiləşib.
Artıq məlumdur ki, Prezident Vladimir Zelenskinin amerikalı konqresmenlər və senatorlarla görüşü, o cümlədən Ağ Evdə Co Baydenlə danışıqları Ukraynaya əlavə hərbi yardımın ayrılması məsələsində sıçrayışa gətirməyib. Senatorların mövqeyi Ukrayna prezidentinin bu ilin sentyabrındakı səfəri zamanından daha sərt olub. Ancaq məsələ ondadır ki, yardım dayanarsa, zərbə alan ilk növbədə Vaşinqtonun dünyadakı strateji maraqları və nüfuzu olacaq. Çünki o halda Putin böyük ölçüdə işğalla bağlı hədəflərinə çatacaq və özünün növbəti şikarı haqda düşünəcək. Demək, qınaq hədəfi ən əvvəl respublikaçıların özləri olacaqlar. Odur ki, bu intriqanın nə qədər sürəcəyi çox maraqlıdır. Belə görünür, Zelenskinin təzəcə başa çatan ABŞ səfəri də vəziyyətə aydınlıq gətirə bilməyib. 2024-cü il isə Rusiya və ABŞ-da, həmçinin istisna deyil ki, Ukraynada seçki ilidir. Sözsüz ki, Ukrayna amili seçkilərin nəticələrinə öz möhürünü basacaq. Xüsusən də, Birləşmiş Ştatlarda. Bəs ABŞ superdövlət olaraq vəziyyətdən necə çıxacaq? 2024-cü il kimin ili olacaq - Baydenin, Putinin, yoxsa Zelenskinin?
İndi bir çoxları Ukrayna üçün hansısa “B planı”ndan da danışmağa başlayıb. Bu plan Kiyevə nə vəd edir? Tutaq ki, Avropa (Birliyi) Ukraynaya yardım məsələsində ABŞ-ı əvəzləyə bilərmi? Zelenski Konqresdə son çıxışı zamanı deyib ki, ABŞ və AB-nin maliyyə və hərbi yardımı dayandırılsa, Ukrayna 45 yaşdan yuxarı kişiləri orduya çağırmalı və partizan müharibəsinə keçməli olacaq. Respublikaçı senator Ron Consonun sözlərinə görə, Ukrayna prezidenti resurs çatışmazlığı səbəbindən Kiyevin işğalçı qüvvələrə qarşı üsyançılardan istifadə edərək qeyri-ənənəvi taktikaya keçmək məcburiyyətində qalacağına eyham vurub. Conson bunu ABŞ-ın bir vaxt işğal etdiyi Əfqanıstan və İraqda baş verənlərlə müqayisə edib. Klassik partizan müharibəsi mümkünmü? Hərçənd bu da faktdır ki, 2-ci Dünya müharibəsi zamanı ən güclü partizan hərəkatı məhz Ukraynada olub. Bu arada rusiyalı politoloq Stanislav Belkovski Putinin qəfil sülh danışıqlarından danışmağa başlamasının səbəbini açıqlayıb. Onun fikrincə, atəşkəsə nail olmaq Moskvadan ötrü faydalıdır. Üstəlik, atəşkəs işğalın ikinci ildönümü olan 24 fevral 2024-cü il tarixi ilə Rusiyada martda keçiriləcək prezident seçkiləri arasında baş verməlidir. “Nüfuzlu fiqurlar var, məsələn, Təhlükəsizlik Şurasının katibi Patruşev yaya qədər müharibəni hazırkı formatda davam etdirmək üçün resursların tükənəcəyinə inanır”, - deyə o qeyd edib. ABŞ kəşfiyyatının məxfiliyi ləğv edilmiş hesabatında isə deyilir ki, Ukraynadakı müharibə Rusiyaya 315 min əsgərin ölümü və yaralanmasına başa gəlib. Bu, Ukraynaya təcavüz ərəfəsi onun malik olduğu şəxsi heyətin demək olar ki, 80%-i deməkdir. Hesabatda həmçinin qeyd olunur ki, Rusiyanın şəxsi heyəti və zirehli texnika itkiləri onun hərbi modernləşdirilməsini 18 il geri atıb.
Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı qeyd etdi ki, Ukraynanın Rusiya müharibəsində qalib gəlməsini gözləmək doğru deyil: “Birincisi, Rusiya müqayisə olunmaz dərəcədə Ukraynadan çox-çox güclüdür. Rusiya dünyanın hərbi baxımdan ən güclü ikinci ölkəsidir. Böyük hərbi sənayeyə malikdir. İkincisi də ABŞ Ukraynaya böyük hərbi dəstək vermir. Amerika Ukraynanı aldatdı. Öz məqsədinə çatmaq üçün Ukraynanı bu müharibəyə cəlb etdi. ABŞ Ukraynaya ən müasir raket və hərbi texnikanı vermədi. Səbəbi də aydındır. Ukrayna Rusiya qarşısında güzəştə getsin. Qərb bu gün Zelenskinin hakimiyyətdə qalmasını artıq istəmir. Müharibənin ilk günlərindən onu məcbur edirdi ki, Ukraynanı tərk etsin və müharibə Rusiyanın xeyrinə həll olunsun. Böyük ehtimal olunur ki, 2024-cü ildə Zelenski seçkidə qalib gələ bilməyəcək, onu yola salacaqlar. ABŞ superdövlət olaraq hər zaman öz iqtisadi maraqlarını təmin edir. İki slavyan xalqı bir-birinə düşmən etdi.. Artıq hər iki tərəfdən yarım milyon insan həyatını itirib. Milyardlarla dollar ziyan dəyib. Rusiya sanksiya altına alınıb. Partizan müharibəsi Ukraynaya heç bir uğur gətirməyəcək. ABŞ öz müttəfiqlərini sona qədər müdafiə etmir. Əfqanistanda ABŞ öz adamlarını təyyarəyə belə götürmədi. TALİBAN-çılara buraxıb qaçdı. Rusiya Ukraynanı güzəştlərə məcbur edib, sülh sazişi imzalayacaq və bu, Ukraynanın böyük itkisi səbəbindən baş tutacaq. 200 milyona yaxın əhalisi olan Rusiyanın müharibədə 300 min itki verməsinin şəxsi heyətinin 80% olması qeyri-mümkündür. Ancaq bu müharibədə Rusiyanın da ziyan çəkməsi həqiqətdir. Müharibənin bir qalibi var, o da Amerikadır”.
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Ukrayna cəbhəsində baş verənlər müharibənin başlandığı ilk günləri xatırladır. Qərb ölkələri Ukraynanı faktiki təslim etmişdilər, rus ordusu irəlilədiyi vaxt qərbli siyasətçilər dəstək məsələsi üzərində uzun müzakirələr aparırdı. Həmin vaxt Ukraynanı xilas edən, Rusiyaya qarşı uzunmüddətli müqaviməti hazırlayan ölkə Böyük Britaniya oldu. Britaniyanın həmin vaxtkı baş naziri Boris Conson Avropanı Ukrayna məsələsində birləşdirə bildi, hətta İstanbulda Rusiyanın xeyrinə olan razılaşmaya da imkan vermədi. Fikrimcə, ABŞ-dan faktiki əliboş qayıdan Zelenski yenə Britaniyanın onları xilas edə biləcəyini düşünür, bunun baş verəcəyi, yaxud ingilislərin vəziyyəti dəyişə biləcəyi də istisna edilməməlidir. Lakin müharibənin ilk günlərindən fərqli olaraq geosiyasi situasiya fərqlidir. Fikrimcə, ABŞ Ukrayna müharibəsindən istədiyini qazanıb, xüsusilə Qərb cəbhəsini NATO çətiri altında yenidən birləşdirməklə. Bu baxımdan, Ukrayna müharibəsinin başa çatması, danışıqlar masasının qurulmasını istəyirlər. Ukraynaya yardımın verilməməsi ABŞ-da daxili qarşıdurmanın nəticəsi kimi görünsə də, Kiyevi danışıqlar masasına əyləşməyə razı salmaq məqsədi daşıdığı istisna deyil. Ukrayna daxilində Zelenskiyə qarşı müqavimətin artması da bundan qaynaqlanır. Təbii ki, belə bir danışıqlarda Rusiyanın istəkləri tam olmasa da, qəbul ediləcək. Ən azı işğal etdikləri ərazilər üzərində nəzarəti de-fakto tanınacaq, münaqişə dondurulmuş mərhələyə keçəcək. Bunun qazanan tərəfi Putin olacaq. Bu baxımdan, 2024-cü ilin Putinin ili olacağı ehtimalı daha çoxdur".
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirdi ki, Ukraynanın taleyi ABŞ-ı maraqlandırmır: “Ukrayna Prezidenti Zelenski Vaşinqtonda amerikalı həmkarı Cozef Baydenlə keçirilən mətbuat konfransı zamanı nəticəyə ümid etdiyini bildirdi. Zelenski həm Ağ Evdən, həm də ABŞ konqresindən dəstəyi hiss etdiyini söyləyib: ”Amma biz sözlərə deyil, nəticəyə ümid edirik. Bilirik ki, söz varsa, nəticə də var".
Məlum olduğu kimi, Zelenski dekabrın 12-də Vaşinqtonda Baydenlə görüşüb. ABŞ lideri Ukraynaya 200 milyon dollarlıq yardım paketini açıqlayıb. Daha sonra ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, paketə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursat daxildir.
Hazırda Ağ Ev və Senat arasında Ukraynaya yeni yardım paketlərinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr gedir. ABŞ hökuməti bunun üçün ayrılan pulun tükəndiyini dəfələrlə bəyan edib.
Liderlərin açıqlamalarına əsasən Zelenskinin ABŞ-a səfərinin uğurla keçdiyini düşünə bilərik. Hərçənd “pərdəarxasında” nələrin müzakirə olunduğunu bilmirik. Səslənən bəyanatların isə sadəcə ictimai rəyə hesablanması ehtimalını istisna edə bilmərik.
Maraqlıdır ki, Zelenski konkret olaraq hansı nəticəyə ümid etdiyini açıqlamayıb. Rəsmi Kiyev üçün nəticə nədir? Krım da daxil olmaqla ərazi bütövlüyünü tam təmin etmək, yoxsa ərazi güzəştinə gedərək müharibəni bitirmək? Əsas məsələ məhz budur. İkinci bir tərəfdən Zelenskinin açıqlamasından aydın hiss olunur ki, ABŞ-ın verdiyi vədlər Ukraynanı qane etmir. Kiyevə söz yox, nəticə lazımdır. Ukrayna lideri məhz buna işarə vurub. Görünür, ABŞ-ın sözləri əməllərindən daha çoxdur. Bu isə Ukraynanın ürəyincə deyil. Diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, xüsusilə son vaxtlar Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı, Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak, müşaviri Mixaylo Podolyak, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov və digərləri Qərb və ABŞ-la bağlı tənqidi fikirlər səsləndirirlər. Onlar yardımın azalmasından narazılıqlarını bildirirlər. Zelenski isə hələ ki, daha təmkinli davranır. Əlbəttə, ölkə lideri olduğuna görə onun belə davranması başa düşüləndir. Amma ABŞ-ın ritorikasının Ukrayna daxilindəki gərginlik yaratması da mümkündür. ABŞ-ın bundan sonrakı ritorikasının necə davam edəcəyini proqnozlaşdırmaq çətindir. Amma, deyəsən, “oyun qaydaları dəyişir”. Zelenski isə çətin qalib ola...
Bütün hallarda Ukraynanın taleyi ABŞ-ı maraqlandırmır. Rəsmi Vaşinqton öz strateji hədəflərinə uyğun davranır. ABŞ Rusiyanı getdikcə tükəndirir. Amma bu, Ukraynanın qurban verilməsi fonunda baş verir. Gələcəkdə Ukraynanın parçalanması mümkündür. Ola bilsin, Rusiya işğal etdiyi əraziləri öz tərkibinə qatacaq. Rəsmi Kiyev isə qalan torpaqları ilə NATO üzvü olacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ