Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hərbi tarixinə şok kimi düşəcək hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bu gecə Rusiya ərazisində həyata keçirdiyi unikal və hədəfə çatmış bir dron əməliyyatı ilə strateji aviasiyaya ölümcül zərbə endirib.
Yayılan məlumata görə, Ukrayna kəşfiyyatı Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına sızaraq kütləvi dron hücumu təşkil edib. Hücum nəticəsində 40-dan çox strateji bombardmançı – Tu-95 və Tu-22 M3 təyyarələri, eləcə də A-50 tipli erkən xəbərdarlıq (RLS) hava gəmisi sıradan çıxarılıb.
Əgər bu rəqəmlər təsdiqlənərsə, bu, Rusiyanın nüvə triadasının əsas sütunlarından biri olan strateji aviasiyanın tarixdə görünməmiş şəkildə zərər görməsi anlamına gələcək.
Əməliyyatın ən diqqətçəkən və heyrət doğuran tərəfi – dronların Ukrayna ərazisindən yox, birbaşa həmin bölgələrin içindən buraxılmasıdır. Rusiya ərazisinə yük maşınları ilə gətirilən pilotsuz sistemlər bazaların yaxınlığında gizlədilərək, koordinasiyalı şəkildə aktivləşdirilib.
Bu isə Ukrayna kəşfiyyatının dərinlikdə işləmək qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərir. Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri general Vasili Malyukun rəhbərliyi altında həyata keçirilib.
Musavat.com həmin hücumun Ukrayna tərəfindən yayılan görüntüsünü təqdim edir:
Əməliyyatın nəticələrini əks etdirən ilk videolarda hərbi hava bazalarında ard-arda partlayışlar, qalxan qara tüstü şarları və təyyarələrin alova büründüyü açıq şəkildə görünür. Hücumun Rusiya ordusu üçün həm simvolik, həm də əməliyyat baxımından ağır zərbə olduğu bildirilir.
Eyni zamanda Ukrayna kəşfiyyatının son günlərdə Rusiyada həyata keçirdiyi digər xüsusi əməliyyatlar da diqqətdən yayınmır. Məlumata görə, Mariupolda kütləvi qətliamda iştirak etmiş Rusiya zabiti mayor Zaur Qurtsiyev Stavropolda UTX tərəfindən aradan götürülüb. O, həmin vaxt Stavropol merinin müavini vəzifəsini daşıyırdı.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ